Sad. (Bu, Allahla Onun Peyğəmbəri arasında olan rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.) And olsun şərəfli və (tovhidi, peyğəmbərləri və haqq maarifini) yada salan Qur’ana (ki, sən peyğəmbərsən və sözlərin doğrudur)!
Onlardan qabaq bir çox insan cəmiyyətlərini məhv etdik. (Onlar əzab nazil olan zaman tövbə edib kömək diləyərək) fəryad qopardılar, amma həmin vaxt möhlət və fəryad vaxtı deyildi.
Onların böyükləri və başçıları (Qüreyş və müşriklər Peyğəmbərə qarşı yönəldilmiş toplantılarından) çıxdılar (və bir-birlərinə dedilər): «Gedin öz məbudlarınız üzərində möhkəm dayanın. Həqiqətən bu (iddia), planlaşdırılmış (Muhəmmədin istədiyi) bir şeydir (başçılıq arzusudur).
Biz bunu (bu mətləbi, yəni gözəgörünməz bir məbuda ibadət edilməsini) son dində (atalarımızın dinində) eşitməmişik. Bu (iddia), uydurma yalandan başqa bir şey deyildir.
Bu yada salan (Qur’an) bizim aramızdan ona (mal və məqam sahibi olmayan o kişiyə) nazil edilmişdir?!» (Onların bu kitabı qəbul etməmələrinin səbəbi, onun naqis olması deyil,) bəlkə, onlar (dünyaya ifrat dərəcədə bağlandıqları üçün) Mənim yada salan (Qur’an)ım barəsində şübhə içərisindədirlər. Bəlkə (hətta əgər şübhə içərisində olmasaydılar, yenə də qəbul etməzdilər. Çünki) hələ Mənim əzabımı dadmayıblar.
Yoxsa sənin qüdrətli və çox əta edən (və ətalarının nümunələrindən biri nübüvvət və səma kitabı olan) Rəbbinin mərhəmət xəzinələri onların yanındadır (ki, istədikləri kəsə bağışlasınlar)?
Onların dediklərinə səbr et və Davudu – Bizim (elm, cism və səltənət baxımından) güc və qüdrət sahibi olan bəndəmizi yadına sal. Çünki o, (Bizə tərəf) çox qayıdan idi.
Bir-biri ilə çəkişən o bir neçə nəfərin (yaxud bir neçə mələyin qurma çəkişməsinin Davudun) otaq və mehrabın(ın) divarından aşan zamankı xəbəri sənə çatıbmı?
O zaman onlar (qəflətən divarın o tərəfindən aşıb icazəsiz) Davudun yanına gəldilər və Davud onlardan qorxuya düşdü. Onlar dedilər: «Qorxma! Biz birimiz digərinə qarşı haqsızlıq etmiş çəkişən iki iddiaçıyıq. Bizim aramızda haqq əsasında hökm çıxar, ədalət yolundan çıxma və bizi doğru yola istiqamətləndir.
(Davud) dedi: «Şübhəsiz o, sənin dişi qoyununun öz qoyunlarına qatılmasını istəməklə sənə zülm etmişdir. Həqiqətən malları bir-birinə qarışmış kəslərin çoxu bir-birlərinə qarşı haqsızlıq edirlər. İman gətirib yaxşı işlər görən kəslər istisna olmaqla ki, onlar çox azdırlar. Davud (birdən) Bizim (bu tələsik hökm çıxarılmasında) onu sınadığımızı bildi. Buna görə də öz Rəbbindən bağışlanmasını istədi və rüku və səcdə edərək üzü üstə düşüb (Allaha tərəf) qayıtdı.
Biz bunu (Davudun ittiham olunan tərəfdən bir şey soruşmadan iddia irəli sürülən kimi hökm çıxararaq daha düzgün üsulu tərk etməsini və ya mələklərin qurma mühakiməsində hökm çıxararkən səhvə düçar olmasını) ona bağışladıq. Əlbəttə, Bizim yanımızda onun üçün (dünyada olduğu müddətdə) yaxınlıq məqamı və (axirətdə) qayıdışın gözəlliyi və gözəl qayıdış yeri vardır.
Biz göyü, yeri və onların arasında olanları bihudə və əbəs yerə yaratmamışıq. Bu, küfr edənlərin zənnidir. Buna görə də (cəhənnəm) od(un)dan vay olsun kafirlərin halına!
Məgər Biz iman gətirib yaxşı işlər görənləri (mükafatlandırma məqamında) yer üzündə fəsad törədənlərlə bir tutacağıq?! Yoxsa təqvalıları günahkarlarla bir tutacağıq?!
Dedi: «Mən cihad atlarını Rəbbimi yada salmaq üçün sevirəm.» (Onun başı atlara tamaşa etməyə qarışdı və) nəhayət onlar gözdən itdilər (yaxud günəş batdı). [Yaxud: O, atlara tamaşa etməklə məşğul oldu və duasının vaxtı keçdi və] dedi: «Mən (bilmədən) atların sevgisini Rəbbimin zikrindən üstün tutdum, nəhayət günəş batdı. (Deməli mən daha üstün əməli tərk etdim.)»
Dedi: «Ey Rəbbim! Məni bağışla və mənə (möcüzəvi şəkildə) məndən sonra (bəşər cəmiyyətinin tərbiyəsi məqamında) heç kəsə nəsib olmayan bir hökmranlıq əta et. Çünki çox əta edən Sənsən!»