Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Belə isə heç bu kəlam (Qur’an) barəsində (onun insanın qüdrətindən xaric möcüzəvi bir söz olması haqqında) düşünüb fikirləşmədilər? Yoxsa onlara, keçmiş atalarına gəlməyən bir şey gəlib?
Yoxsa öz peyğəmbərlərini (onun əsl-kökünün paklığını, əxlaq və əməl baxımından keçmişinin gözəl olmasını) tanımadıqları üçün onu (onun peyğəmbərlik və kitabını) inkar edirlər?
Yoxsa «onda bir dəlilik var» deyirlər? (Belə deyil,) əksinə, o, haqqı (səma kitabını və axırıncı şəriəti) gətirib, lakin onların çoxu haqqı xoşlamırlar.
Əgər haqq və gerçəklik onların nəfsi istəklərinə tabe olsaydı (yəni, doğrudan da şirk və bir neçə tanrının olması gerçəklik olsaydı) şübhəsiz, göylər, yer və onlarda olan hər bir kəs (və hər bir şey vücuda gəlmək baxımından) pozuntuya düçar olaraq yaranmaz və ya tanrıların çoxluğu və aralarındakı çəkişmə səbəbindən (varlığını davam etdirmək baxımından) fəsad və məhvə sürüklənərdi. (Bəli, haqq onların istəklərinə tabe deyil,) əksinə, Biz onlara öyüd-nəsihət və ibrət vasitəsi (olan səma kitabı) gətirdik, lakin onlar öz öyüd-nəsihət vasitələrindən üz döndərirlər.
Yoxsa (peyğəmbərliyinin yerinə yetirilməsi üçün) onlardan sabit muzd və xərclik istəyirsən? (Xeyr!) Rəbbinin (verəcəyi) muzd və xərclik daha yaxşıdır və O, ruzi verənlərin ən yaxşısıdır.
Əgər onlara rəhm etsək, çətinlik və sıxıntılarını aradan qaldırsaq, mütləq yenə də öz itaətsizliklərində sərgərdancasına inadkarlıq göstərəcəklər.
Biz onları (Məkkədə qəhətlik və xəstəlik kimi) əzaba düçar etdik. Lakin onlar öz Rəbblərinin dərgahına nə baş əyib təvazökarlıq göstərdilər, nə də yalvarıb-yaxarırlar.
Nəhayət (öldürməklə) üzlərinə ağır bir əzab qapısı açdığımız zaman, birdən həmin əzabın içində çaş-baş və (nicat tapmaqdan və hər şeydən) naümid olarlar.
Sizi yer üzündə (onun tərkibindəki maddələrdən) yaradan Odur və (yer üzündə torpağa çevrildikdən sonra bir daha Qiyamətdə) Ona tərəf toplanılacaqsınız.
(Həyat qabiliyyəti olan hər bir varlığı) dirildən və (ölüm qabiliyyəti olan hər bir varlığı) öldürən Odur və gecə ilə gündüzün get-gəli Ona məxsusdur (və Onun əlindədir). Belə isə heç düşünmürsünüz?!
Əlbəttə, bu vəd bundan əvvəl də bizə və atalarımıza verilmişdi. Bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyil.
De: «Əgər bilirsinizsə (deyin görək) yer və onda olan hər bir kəs (hətta onların tanrıları) kimə məxsusdur?»
Onlar «Allaha məxsusdur» deyə (cavab verə)cəklər. De: «Belə isə heç ibrət götürmürsünüz?! (Bəs Onun yenidən diriltməyə qadir olmasını nə əsasla inkar edirsiniz)?!»
De: «Yeddi göyün Rəbbi və (aləmin işlərinin idarəsinin və ilahi hökmlərin çıxarılma məkanı olan) böyük ərşin Rəbbi kimdir?»
Deyəcəklər: «(onlar da) Allaha məxsusdur.» De: «Belə isə heç (Onun qüdrət və qəzəbindən) çəkinmir (axirəti inkar edir)siniz?!»
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə