Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Həqiqətən Mənim bəndələrimdən bir dəstəsi «ey Rəbbimiz, biz iman gətirdik. Buna görə də bizi bağışla və bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan» deyərdilər.
Lakin siz onları ələ saldınız və nəhayət (bu halınız) sizə Məni yad etməyi unutdurdu və siz həmişə onlara (möminlərə) gülürdünüz.
Həqiqətən bu gün Mən onları səbrləri müqabilində mükafatlandırdım. Doğrudan da onların hamısı uğur qazanıblar.
(Allah və ya bir mələk kafirlərə) deyər: «Yer üzündə neçə il qaldınız? (Dünya həyatında və ya Bərzəx aləmində neçə il qalmısınız?)
Onlar (axirətin əbədi olmasını bildikdən və onu dünya və Bərzəx ilə müqayisə etdikdən sonra) deyərlər: «Bir gün və ya günün bir hissəsini. (Sənin tərəfindən) sayanlardan soruş.»
(Allah və ya mələk) deyər: «(Bəli,) lap az bir zaman qaldınız. Kaş (məsələnin həqiqətini və işinizin sonunu orada) biləydiniz!»
Yoxsa güman edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və (bir də) heç vaxt Bizə tərəf qaytarılmayacaqsınız?
Allah – varlıq aləminə mütləq hakim olan O haqq hökmdar ucadır! Ondan – o möhtərəm ərşin (varlıq aləminin quruluşunun qərara alındığı və mələklər tərəfindən həyata keçirildiyi ərşin) Rəbbindən başqa bir məbud yoxdur.
Kim Allahla birgə barəsində dəlil-sübutu olmayan başqa bir məbudu çağırsa, onun haqq-hesabı yalnız Rəbbinin yanındadır. Şübhəsiz, kafirlər nicat tapmayacaqlar.
(Bu,) Bizim bəlkə ibrət götürəsiniz deyə nazil etdiyimiz, (məzmununa əməl etməyi) vacib buyurduğumuz və içində (tovhid və dini maarif barəsində) aydın ayə və dəlillər nazil etdiyimiz bir surədir.
(Ey müsəlmanların adil hakimləri,) zina etmiş qadınla zina etmiş kişinin hər birinə yüz şallaq vurun. (Əlbəttə, bu o şəraitdədir ki, onun həyat yoldaşı olmasın, onlar bir-birləri ilə məhrəm olmasınlar və zina icbari zina və yaxud kafirin müsəlman qadınla zinası qismindən olmasın.) Əgər Allaha və axirət gününə imanınız varsa, məbada Allahın dinində (onun icrasında) o ikisinə (zinakarlara) qarşı mərhəmət və ürəyiyumşaqlığa düçar olasınız! Və gərək o ikisinin əzabına möminlərdən bir dəstəsi şahid olsun.
Zinakar kişi (təbii ki,) zinakar və ya müşrik qadından başqası ilə evlənməz (və o, əsla iffətli qadının arxasınca getməz) və zinakar qadını (təbii ki,) zinakar və ya müşrik kişidən başqası almaz. Bu (cür ailə qurmaq iffətlərinə görə) möminlərə qadağan edilmişdir.
Və (ey müsəlmanların işlərinin başçıları,) iffətli qadınlara zina isnad verib sonra (öz iddialarının isbatı üçün) dörd kişi şahid gətirməyən kəslərə səksən şallaq vurun və daha heç vaxt onların şahidliklərini qəbul etməyin. Onlar həqiqətən fasiqdirlər.
Ondan (vurduqları töhmətdən) sonra (batinlərində) tövbə edən və (töhmətə görə verilən ilahi cəza müqabilində təslim olmaqla və ya töhmət vurduğu şəxsi razı salmaqla özünü) düzəldən kəslər istisnadırlar. Şübhəsiz, Allah bağışlayan və mehribandır.
Öz arvadlarına zina isnad verib özlərindən başqa bir şahidləri olmayan kişilərin birinin (dörd şahid gətirmədiyi üçün, töhmət vuran şəxslərə təyin edilmiş cəza növünü onun boynundan götürən) şahidliyi özünün doğruçulardan olması barəsində Allaha dörd dəfə (and içərək) şahidlik etməsidir. (O, dörd dəfə belə deməlidir: «Allahı dediklərimdə doğruçu olduğuma şahid gətirirəm.»)
Beşinci şəhadət(də belə deməlidir): Əgər yalançılardan olsa Allah ona lənət etsin! (Bu şəhadətdən sonra kişi üçün şahidsiz irəli sürdüyü ittihama görə şəriətdə nəzərdə tutulmuş cəza hökmü götürülür və qadın məhkum olunur.)
İttiham edilən qadından (da) əzabı (şəriətdə təyin edilmiş cəzanı) «o kişi (ona zina nisbət verməkdə) həqiqətən yalançılardandır» deyə dörd dəfə Allaha şəhadət verməsi götürür.
Beşinci şəhadət(də isə) «əgər o kişi doğruçulardandırsa Allah ona (mənə) qəzəb eləsin!» deməlidir.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə