Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

De: «Əgər bilirsinizsə (deyin görək: Onun istəyi ilə vücuda gəlmiş) hər bir şeyin sahibliyi və onlar üzərində hakimiyyət əlində olan, (istədiyinə) sığınacaq verən və (əzabı) müqabilində heç bir kəsə sığınacaq verilməyən kimdir?»
Onlar deyəcəklər: «(Bunların hamısı) Allaha məxsusdur.» De: «Belə isə (bu aydın həqiqətlər müqabilində) necə və haradan ovsunlanırsınız?!»
Əksinə, Biz (yaradılışın başlanğıcı, tovhid və yaradılışın sonu barəsində) onlara haqqı gətirdik və əlbəttə, onlar yalançıdırlar.
Allah əsla Özünə (zatından ayrılmış və uluhiyyət sifətləri ilə vəsf edilən) övlad götürməmişdir və Onunla (birgə) əsla digər bir tanrı və məbud olmamışdır. Yoxsa (əgər elə olsaydı) hər tanrı öz yaratdığını aparardı (və həmin şeyə yiyələnmək və onun işlərinin idarə edilməsində məxsus üsulla davranardı və nəticədə dünyanın hissələri arasındakı vahid nizam-intizam, idarəçilik pozulardı). Və (ziddiyyətli işlərin həyata keçirilməsi istiqamətində) mütləq biri digərini üstələməyə çalışardı (müstəqil vücud, qüdrət və iradə bunu tələb edir). Allah (şəriki olması və övlad götürməsi barəsində müşriklərin) sadaladıqları sifətlərdən pak (və uzaq)dır.
Onların pislik və hörmətsizliklərini ən gözəl üsulla dəf et. Biz onların dediklərini (Allaha şərik qoşmalarını, sənin dininə və kitabına istehza etmələrini) daha yaxşı bilirik.
«Və onların (namaz halında və ölüm zamanı) mənim yanımda olmalarından Sənə pənah gətirirəm, ey Rəbbim!»
(Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: «Ey Rəbbim, məni (dünyaya) qaytar,
bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm. Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır.
Beləliklə sur (ikinci dəfə) çalınanda (və insanların hamısı diriləndə), həmin gün onların arasında (qorxu və dəhşətin çoxluğundan sanki) bir bağlılıq və qohumluq olmaz və bir-birlərini(n halını) soruşmazlar.
Beləliklə kimin ölçülmüş (etiqad, əxlaq və əməl)ləri ağır və dəyərli olsa, belələri həqiqətən nicat taparlar.
Və kimin ölçülmüşləri yüngül və dəyərsiz (küfr əqidələri, əxlaqi rəzilliklər və haram əməllər) olsa, öz varlıqları barəsində ziyana düşmüş və Cəhənnəmdə əbədi qalacaq kəslər onlardır.
Od(un şölələri) şiddətlə üzlərinə çırpılar və onlar orada qaşqabaqlı və xar olarlar və dodaqları yandığı üçün dişləri görünər.
(Allah onlara deyər:) «Məgər Mənim ayə və nişanələrim həmişə sizə oxunmurdu və siz həmişə onları təkzib və inkar etmirdiniz?!»
Deyərlər: «Ey Rəbbimiz! (Pis seçim etdiyimiz və nəfsi istəklərə tabe olduğumuz üçün) bədbəxtliyimiz bizə qalib gəldi və biz yolunu azmış bir dəstə idik.»
«Ey Rəbbimiz, bizi buradan çıxar (və dünyaya qaytar). Beləliklə əgər (bir daha küfr və günah azğınlığına) qayıtsaq, deməli onda mütləq zalımıq.»
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə