"it" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "it" üzrə 1171 ayə tapıldı.
Beləliklə, Biz ayrı-ayrı nişanələr şəklində onlara tufan, çəyirtgə, gənə, qurbağalar və qan göndərdik. Onlar yenə də təkəbbür və itaətsizlik göstərdilər. Onlar günahkar bir dəstə idilər.
Elə ki, Musa Bizim vədələşdiyimiz yerə gəldi və Rəbbi onunla (vasitəsiz) danışdı, (Allaha) «ey Rəbbim, (Özünü) mənə göstər, Sənə baxım (dünyaya və axirətə xas bütün cəlal və camal təzahürlərini müşahidə etdikdən sonra əldə edilən məxsus bir batini baxışla Səni görüm)» dedi. (Rəbbi ona) «(dünyada) Məni (belə bir baxışla) əsla görməyəcəksən, lakin bu dağa tərəf bax, əgər o, öz yerində sabit qalsa, sən də Məni görəcəksən (sənin vücudunun qüdrəti Mənim nurumun saçması müqabilində bu dağdan azdır)» dedi. Beləliklə, onun Rəbbi(nin nuru) dağa saçdıqda onu parçalayıb toz halına saldı və Musa özündən gedib yıxıldı. Özünə gəldikdə dedi: «Sən (gözlə görünməkdən) pak (və uzaq)san! Sənə tərəf qayıtdım (tövbə etdim) və mən ilk iman gətirənəm».
Musa öz qövmündən (onların arasından) Bizim vədələşdiyimiz yer(ə qövmü buzova pərəstiş etməmişdən qabaq Tövratın nazil olması vəd edilən yerə və ya buzova pərəstişdən sonra tövbənin qəbul ediləcəyi yerə gətirmək) üçün yetmiş kişi seçdi. Beləliklə (səs eşitməklə kifayətlənməyib Allahı görmək istədikləri vaxt), o şiddətli titrəyiş onları bürüyəndə (və onların hamısı öləndə, Musa) dedi: «Ey Rəbbim, əgər istəsəydin onları və məni bundan əvvəl həlak edərdin. Bizi ağılsızlarımızın etdikləri şeyə görəmi həlak edəcəksən? Bu, Sənin sınağından başqa bir şey deyildir. İstədiyini onunla azdırır və istədiyini onunla hidayət edirsən. Sən bizim yardımçı və başçımızsan. Bizi bağışla və bizə rəhm et ki, Sən bağışlayanların ən yaxşısısan».
«Və bizim üçün bu dünyada (yaşayış, itaət və aqibətdə) və axirətdə (hesabda, şəfaətdə və Cənnətdə) yaxşılıq yaz. Çünki biz Sənə tərəf qayıtmışıq». Buyurdu: « (xilqətin kamil quruluşunda hikmət əsasında) istədiyimi əzabıma düçar edərəm və rəhmətim hər bir şeyi əhatə etmişdir. Odur ki, tezliklə onu təqvalı olanlar, zəkat verənlər və Bizim ayə və nişanələrimizə iman gətirənlər üçün yazacağam».
O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə – (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Tövrat və İncildə yazılmış gördükləri şəxsə tabe olurlar. (Həmin o Peyğəmbərə ki,) onları hər bir yaxşı işə əmr edir və hər bir pis işdən çəkindirir, onlara (maddi və mənəvi) pakları halal və (maddi və mənəvi) çirkin və murdarları haram edir və boyunlarında olan ağır yükü və zəncirləri (cahiliyyət adətləri və keçmiş şəriətlərin çətin hökmlərini) onların çiynindən götürür. Beləliklə ona iman gətirən, ehtiram göstərən, kömək edən və onunla nazil olan nura (onun kitabına) tabe olanlar həmin nicat tapanlardır!
De: «Ey insanlar, həqiqətən mən Allahın sizin hamınıza (xitab olunan zamanın varlıqlarından tutmuş bəşəriyyətin nəsli kəsilənədək olacaq bütün insanlara) göndərilmiş Peyğəmbəriyəm. O Allahın ki, göylərin və yerin həqiqi sahib və hakimidir (çünki onların yaradılışı, qorunması, idarə olunması və məhvi, bunların hamısı Onun iradəsinə tabedir). Ondan başqa bir məbud yoxdur, dirildir və öldürür (yaşamaq və ölmək qabiliyyəti olan hər bir şeyi O dirildir və öldürür). Odur ki, Allaha və Onun elçisinə - (Qur’andakı və əvvəlki səmavi kitablardakı) kəlamlarına imanı olan bu ümmi Peyğəmbərə iman gətirin və ona tabe olun, bəlkə hidayət olundunuz».
Və onları (Yəqubun) hər biri bir ümmət olan nəvələr(in)dən ibarət on iki qəbiləyə böldük və qövmü Musadan su istəyən zaman ona vəhy etdik ki, öz əsanı (Tur dağından gətirdiyin kub şəkilli) o daşa vur. Beləliklə, ondan on iki çeşmə (dörd tərəfin hər birindən üç çeşmə) qaynadı (axmağa başladı). Hər bir ümmət özünün su içəcəyi yeri tanıdı. Ağ və üst-üstə yığılmış buludu onların başları üzərində kölgəlik etdik və onlara «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin nazil etdik «sizə verdiyimiz pak ruzilərdən yeyin» (dedik). Onlar (öz itaətsizlikləri ilə) Bizə zülm etmədilər və lakin özlərinə zülm edirdilər. (Bəqərə surəsinin 57-ci ayəsinə müraciət edin).
Və onlardan dəniz sahilində yerləşən cəmiyyətin (Mədyən əhalisinin və ya Fələstinin Təbəriyyə dənizinin kənarındakı Əylə şəhərinin əhalisinin) halını soruş: o zaman onlar şənbə günü həddi (balıq ovunun həmin gün haram olması hökmünü) aşırdılar; o zaman onların balıqları şənbə günündə aşkar surətdə suyun üzünə çıxır, şənbə olmayan gündə isə gəlmirdilər. Biz onları itaətsizliklərinin müqabilində belə imtahan edirdik.
Beləliklə, elə ki, onlara verilən öyüd-nəsihəti unutdular, Biz pis işdən çəkindirənləri xilas etdik, zülm edənləri isə itaətsizliklərinə görə ağır bir əzaba düçar etdik.
Beləliklə, onlardan sonra kitabın (Tövratın) varisi olmuş (saleh olmayan) canişinlər(i) onların yerinə keçdilər. Onlar (rüşvət və ya kitabı təhrif etmək yolu ilə) bu alçaq dünyanın malını alır və «tezliklə (tövbə edəcək və) bağışlanacağıq» deyirlər. Əgər onlara elə bir mal yetişsə, yenə də götürərlər! Məgər onlardan kitabın möhkəm əhd-peymanı alınmadımı ki, Allaha haqdan başqa bir şey nisbət verməsinlər? Halbuki, onlar kitabda olanları oxuyublar (və onun hökmlərindən xəbərdardırlar). (Bilin ki,) axirət evi təqvalılar üçün daha yaxşıdır, məgər düşünmürsünüz?
Həmişə (öz səma) kitab(ların)dan yapışan və namaz qılan kəslər (bilsinlər ki,) həqiqətən Biz salehlərin və islah edənlərin mükafatını zay etməyəcəyik.
Və (yada sal) o zaman(ı) ki, Biz dağı (yerindən qopararaq) bir kölgə kimi onların başı üzərində saxladıq və onlar onun mütləq başlarına düşəcəyini güman etdilər. (Və dedik:) «Sizə verdiyimiz (kitab və din)i (ruhi və cismani) qüvvətlə tutun və orada olanları yadda saxlayın, bəlkə təqvalı oldunuz». (Bəqərə surəsinin 63-cu ayəsinə müraciət edin).
O zaman sənin Rəbbin Adəm övladlarından – onların bellərindən övladlarını çıxartdı (tarix boyu tədricən onları bir-birinin belindən dünyaya gətirdi) və onları (ağıllarının dərk etməsi və peyğəmbərlərin təbliği vasitəsilə) özlərinə şahid tutdu ki: «Mən sizin Rəbbiniz deyiləmmi?» (Ağıl nemətindən və peyğəmbərlərin dəvətindən məhrum olanlardan başqa) onların hamısı: «Bəli, (Rəbbimiz olmağına) şəhadət verdik» dedilər. (Allah belə etdi ki,) məbada Qiyamət günü «biz bundan (tovhid və rübubiyyətdən) qafil idik» deyəsiniz.
Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin (Musanın zamanında yaşamış alim Bəl’əm Bauranın) hekayətini oxu.
Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq. Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq azad qoyduq və o) alçaqlığa meyl edərək yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu. Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər.
Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər.
Məgər göylərin və yerin böyük mülkünə (Allahın onların hakim və sahibi olmasına və onların da Allahın hökmü altında və Onun mülki olmağı qəbul etmələrinə) və Allahın yaratdığı əşyalara, eləcə də ömürlərinin sonunun yaxınlaşmış ola bilməsinə baxmayıblar? (Və əgər bu kitabın dəvətinə iman gətirməsələr) bəs bundan (bu Qur’andan) sonra hansı sözə iman gətirəcəklər?
Allah kimi (itaətsizliyinə görə) olduğu azğınlıqda boşlasa, daha onu bir hidayət edən olmaz. (Allah) onları öz azğınlıqlarında sərgərdan qalmaları üçün boşlayır.
Məgər onların ayaqları var ki, onunla yol getsinlər, yaxud əlləri var ki, onunla tutsunlar və ya gözləri var ki, onun vasitəsi ilə görsünlər, yaxud da qulaqları var ki, onunla eşitsinlər? De: «Allaha qoşduğunuz şərikləri çağırın, sonra mənə qarşı olan bütün hiylə və planlarınızı işə salın və mənə möhlət verməyin».
1171 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
59 Səhifə