"m" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "m" üzrə 5960 ayə tapıldı.
«Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və bu Peyğəmbərinə tabe olduq. Odur ki, bizi(m adımızı dünyada tovhidin və əqidənin əsaslarına, axirətdə isə peyğəmbərlərin risaləti çatdırmalarına) şahid olanların zümrəsində yaz».
Və onlar (Bəni-İsrail kafirləri İsanı öldürmək və onun dinini məhv etmək üçün) hiylə işlətdilər və Allah da onların hiylələrinin cavabını verdi. Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır. (İsa əleyhissəlamın qətl planını cızanı onun, yəni həzrət İsanın surətinə saldı və dostları İsanın əvəzinə onu dara çəkdilər. Və Allah sonra İsanın dininə rəvac verdi.)
(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərindən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları (son ilahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kafirlərdən (yəhudilərdən) üstün edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam
«Kafirlərə gəldikdə isə onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm və onların heç bir köməkçisi olmayacaqdır.»
«İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını kamil şəkildə verəcəkdir. Allah zalımları sevmir.»
Sənə oxuduğumuz bu (hekayət), (sənin peyğəmbərliyinin doğruluğuna dəlalət edən) nişanə və ayələrdən, həmçinin bu yada salan və hikmətli kitabdandır.
Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona «(canlı insan) ol!» dedi, o da oldu. (Sanki sən onun olmasını görürdün. Əlbəttə Adəmin cüssəsi çöldə, İsanınkı isə ana bətnində yaradıldı və onların hər ikisi Allahın əzəli əmri ilə, atasız insan oldular. Əgər belə bir iş allahlığa dəlalət edirsə, onda gərək onların hər ikisi allah olsunlar.)
(Bu mətləb) sənin Rəbbin tərəfindən olan sabit bir həqiqətdir. Odur ki, əsla şübhə edənlərdən olma!
Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə imam Həsənlə İmam Hüseyni oğulları, Fatiməni qadın və Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular.)
Şübhəsiz, (Həzrət Məsihin) haqq olan hekayət(i) budur. Allahdan başqa bir məbud yoxdur və əlbəttə ki, Allahdır yenilməz qüdrət və hikmət sahibi!
Buna görə də əgər üz döndərsələr, şübhəsiz, Allah fəsad törədənləri (onların halını) biləndir.
De: «Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan kəlmə (barəsində peyğəmbərlərin və səmavi kitabların yekdil olduqları söz) ətrafında toplanaq (və o budur ki): Allahdan başqasına ibadət etməyək, heç bir şeyi Ona şərik qoşmayaq və bəzilərimiz Allahın yerinə bəzilərimizi tanrılar qəbul etməsin. Beləliklə, əgər (bu təklifdən) üz döndərsələr deyin: «Şahid olun ki, həqiqətən, biz müsəlmanlarıq.»
Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edirsiniz? (Sizlərdən hər biriniz deyir ki, o bizim dinimizdə olub) halbuki Tövrat da, İncil də yalnız ondan sonra nazil olmuşdur! Heç düşünmürsünüz?!
Budur, siz ki, (hələ) elminiz olan şey barəsində bir-birinizlə mübahisə edirdiniz (məsələn yəhudilər xristianlarla İsanın Allah olmaması və «üç üqnuma» nəzəriyyəsinin puç olması barəsində, həmçinin xristianların yəhudilərlə İsanın peyğəmbərliyə göndərilməsi və peyğəmbərliyi barəsində mübahisə edirdilər), bəs nə üçün bir-birinizlə (İbrahimin yəhudi, yaxud xristian olması kimi) elminiz olmayan şey barəsində mübahisə edirsiniz?! Allah bilir, siz isə bilmirsiniz.
İbrahim nə yəhudi idi, nə də xristian, lakin Allaha təslim olan haqpərəst idi. Həmçinin, müşriklərdən (də) deyildi.
Əlbəttə insanların (şəriətin əsasları və qolları baxımından) İbrahimə ən yaxını (onun şəriətinin hakim olduğu zamanda) ona tabe olanlar və həmçinin, bu Peyğəmbər (Muhəmməd-səlləllahu əleyhi və alihi və səlləm) və (ona) iman gətirən kəslərdir. Allah möminlərin yardımçısı və başçısıdır.
Kitab əhlinin bir dəstəsi sizi azdırmaq istəyir, halbuki onlar özlərindən başqa heç kimi azdırmırlar və (bunu) dərk (də) etmirlər (çünki, bu qəlbi və ya əməli istəyin günahı onların özlərini yaxalayacaqdır).
Ey kitab əhli, nə üçün Allahın (Tövrat və İncildə Muhəmməd-səlləllahu əleyhi və alihi və səlləm-barəsində olan) ayələrinə kafir olursunuz, halbuki, özünüz şahidsiniz (bilirsiniz ki, həmin ayələr Allah tərəfindəndir)?!
Ey kitab əhli, nə üçün (həqiqətin nə olduğunu) bilə-bilə haqqı batilə qatışdıraraq onu şübhəli hala salır və haqqı gizlədirsiniz (həqiqətin gizlin qalması üçün Tövrat və İncilin ayələrini təhrif edərək onlara daxil edirsiniz)?!
Və kitab əhlinin bir dəstəsi (onların alimləri, öz ardıcıllarına) dedilər: «İman gətirənlərə nazil olan şeylərə (Qur’an ayələrinə) günün əvvəlində iman gətirin, axırında ona kafir olun, bəlkə (öz dinlərindən) qayıdalar (çünki onlar sizi dindən agah və xəbərdar adamlar kimi tanıyırlar və sizin tərəddüd etməyinizlə onlar da tərəddüd edəcək, şəkk-şübhəyə düşəcəklər).»
5960 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
298 Səhifə