"m" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "m" üzrə 5960 ayə tapıldı.
Tövrat nazil olmamışdan qabaq İsrailin (Yəqubun xəstəliyə və ya etdiyi nəzrə görə) özünə haram etdiyi şeylərdən (dəvə əti və südündən) başqa bütün yeməklər İsrail övladlarına halal idi. (Deməli pak olan şeylərdən bəzilərinin Tövratda haram edilməsinin səbəbi onların keçmiş şəriətdən qalmaları deyil, İsrail övladlarının günahlarıdır.) De: «Əgər doğru deyirsinizsə (belə deyilsə) onda Tövratı gətirin və onu oxuyun (ki, Tövratda haram edilən yeməklərin cəza xarakterli hökmlər olması sübuta yetsin).»
Buna görə də kim bundan sonra Allaha yalan nisbət versə (və Tövratın haram etdiyi şeylərin keçmiş şəriətdən qalmasını desə), məhz onlardır zalımlar!
De: «Allah doğru buyurdu (ki, Tövratın haram etdiyi şeylər əvvəlki şəriətlərdə və İbrahimin dinində halal olub). Buna görə də haqpərəst olan və müşriklərdən olmayan İbrahimin dininə tabe olun.»
Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir.
Onda (Allahın tovhid, hikmət və rəhmətindən) aşkar nişanələr (və həmçinin o nişanələrdən biri olan) İbrahimin məqamı vardır. Kim ora daxil olsa amandadır (amanda olmalıdır). Allahın insanların – əlbəttə ora getmək imkanı olan kəsin – boynuna düşən haqqı budur ki, o evə gedərək oranın Həcc əməllərini yerinə yetirsinlər. Kim nankorluq etsə, (bilsin ki,) həqiqətən, Allahın aləmdəkilərə ehtiyacı yoxdur.
De: «Ey kitab əhli, nə üçün Allah etdiyiniz əməllərə şahid olduğu halda Allahın ayələrinə və nişanələrinə küfr edirsiniz?!»
De: «Ey kitab əhli, nə üçün Allahın yolunu özünüz (onun haqq olmasına) şahid olduğunuz halda əymək istəyərək iman gətirən şəxsi Allahın yolundan saxlayırsınız?! Allah etdiyiniz əməllərdən əsla qafil deyildir.»
Ey iman gətirənlər, əgər (səmavi) kitab verilmiş kəslərdən bir dəstəyə itaət etsəniz, (onlar) sizi imanınızdan sonra küfrə qaytararlar.
Allahın ayələri sizə oxunduğu halda və Onun Rəsulu sizin aranızda ola-ola necə küfr edirsiniz?! Kim Allaha sığınsa, doğrudan da, doğru yola hidayət olunmuşdur.
Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tovhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız.
Gərək sizdən (aranızda) (insanları) xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Məhz onlardır nicat tapanlar!
(Yəhudi və xristianların) parçalanan və aşkar dəlillər gəldikdən sonra ixtilafa düçar olan kəslər(i) kimi olmayın. Onlar üçün böyük bir əzab vardır.
Bəzi üzlərin ağ və bəzi üzlərin qara olacağı gündə! Üzləri qara olanlara gəldikdə (onlara deyiləcək): «İman gətirdikdən sonra kafir oldunuz?! Elə isə küfr etdiyiniz şeyin müqabilində dadın bu əzabı!»
Bunlar (axirət aləminin hekayətləri), Allahın ayələridir ki, onları haqq və doğru olaraq sənə oxuyuruq. Allah əsla aləmdəkilərə zülm (etmək) istəmir.
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun istək və iradəsinin təsiri altındadır.) Və (varlıq aləminə aid olan) bütün işlər Ona tərəf qaytarılacaqdır.
Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə onlar üçün daha yaxşı olardı. Onların bəzisi mömin və çoxu itaətsizdirlər.
Onlar (yəhudilər və xristianlar) sizə azacıq əziyyətdən savayı əsla ziyan vura bilməzlər. Əgər sizinlə döyüşsələr, sizə arxa çevirərlər (dönüb qaçarlar), sonra kömək olunmazlar.
Harada tapılsalar (İslam baxımından) onlara – Allah tərəfindən olan bir ip(ə İslamı qəbul etməyə) və ya camaat tərəfindən olan bir ip(ə müsəlmanların himayəsinə sığınmaları) istisna olmaqla - zillət və xarlıq (damğası) vurulmuşdur. Onlar Allahın qəzəbinə tərəf dönüb Onun qəzəbinə layiq olublar və onlara (etiqadi, əxlaqi, əməli və ictimai) fəqirlik və bədbəxtlik (damğası) vurulmuşdur. Bu ona görədir ki, onlar həmişə Allahın ayələrinə kafir olur və Allahın peyğəmbərlərini nahaq yerə öldürürdülər. Bunun səbəbi günah etmələri və həmişə həddi aşmalarıdır.
5960 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
298 Səhifə