"đư" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "đư" üzrə 2863 ayə tapıldı.
Ey kitab əhli (ey xaçpərəstlər), öz dininizdə həddi aşmayın və Allaha qarşı haqq və həqiqətdən başqa bir şey deməyin («Allah allahlıqdan İsanın vücuduna çevrilmişdir» və ya «Allah ruh kimi İsanın bədəninə daxil olmuşdur» deməyin). Həqiqətdə Məryəm oğlu İsa Məsih Allahın elçisi, Məryəmə təlqin etdiyi bir kəlmə («ol!» kəlməsi ilə onu Məryəmin bətnində yaradıb) və Onun tərəfindən olan (və canlara həyat bəxş edən) bir ruhdur. Odur ki, Allaha və Onun peyğəmbərlərinə iman gətirin və «(Allah) üçlükdür (Allahın zatının cövhəri üç mövcuda – ata, oğul və Ruhul-Qudusa bölünüb)» deməyin. (Bu sözdən) çəkinin ki, sizin xeyrinizədir. Həqiqətən Allah tək olan tanrıdır, övladı olmaqdan pak (və uzaq)dır. Göylərdə və yerdə olanlar Onun həqiqi mülküdür. Allah (varlıq aləminin işlərini) düzəltmək üçün kifayətdir.
Məsih Allahın qulu olmaqdan əsla imtina etmir və (bundan Allahın dərgahına) yaxın olan bütün mələklər də imtina etmirlər. Kim Ona ibadət etməkdən imtina etsə və təkəbbürlük göstərsə, (Allah Qiyamət günü) onların hamısını (layiq olduqları kimi cəzalandırmaq üçün) Öz hüzuruna toplayacaqdır.
Səndən hökm verməyini istəyirlər, de: «Kəlalə (ata-anaları bir olan, yaxud yalnız atadan bir olan bacılar) barəsində sizə Allah hökm verir: Əgər övladı (atası, anası və babası) olmayan bir kişi ölsə və onun yalnız bir bacısı olmuş olsa, onun mirasının yarısı (şəriətin ilkin qaydasına əsasən) ona məxsusdur (qalan hissələr ikinci qaydaya əsasən irs olaraq ona düşür). Bu qardaş da, əgər bacının övladı yoxdursa onun (malının hamısının) varisi olur. Amma əgər bacılar iki nəfər olsalar, ölənin mirasının üçdə ikisi onlara məxsusdur (və qalan hissələr də şəriətin ikinci qaydasına əsasən irs kimi onlara düşür). Əgər onlar bir neçə bacı və qardaş olsalar (bütün miras onlara məxsusdur, lakin) kişiyə iki qadının payı qədər düşür. Allah (məsələləri) sizə (bu cür) bəyan edir ki, məbada azasınız. Allah hər şeyi biləndir.
Ey iman gətirənlər, Allahın (həcc və ümrə əməlləri və o ibadətlərin məkanları kimi tovhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və Rəbblərindən lütf və razılıq diləyən Beytül-Həram zəvvarlarına hörmətsizlik etməyin. Ehramdan çıxdıqdan sonra ov ovlaya bilərsiniz. Məscidül-Hərama girməyinizə mane olmuş bir dəstənin ədavəti sizi (onlara qarşı) həddi aşmağa vadar etməsin. Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən Allah ağır cəzalandırandır.
Ölü (kəsilmədən murdar olmuş) heyvan, qan, donuz əti, (kəsilən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkilmiş, boğulmuş, vurmaqla öldürülmüş, hündürlükdən yıxılaraq ölmüş, başqa bir heyvanın buynuzu vasitəsilə ölmüş və yırtıcı heyvanın öldürərək yediyi heyvan – (yuxarıda qeyd edilən heyvanların əti halal olanlarından canı çıxmamış) şəriət qanunu ilə kəsə bildikləriniz istisna olmaqla – (bunları yemək,) həmçinin, müqəddəs daşın üzərində (ya bütlər üçün) kəsilmiş heyvan(ın ətini yemək) və eləcə də (heyvanın ətini) qumar oxları ilə bölmək sizə haram oldu. Bu əməllərin hamısı Allaha qarşı itaətsizlikdir. Bu gün kafirlər sizin dininiz(i məhv edib aradan apara biləcəklərin)dən ümidlərini kəsiblər. Odur ki, onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim. Beləliklə əgər kimsə qəhətlik və şiddətli aclıq halında günaha meyli olmadan (həmin haram şeylərin bəzilərindən yeməyə) məcbur olsa, Allah çox bağışlayan və mehribandır.
Bu gün, pak olan şeylər sizə halal oldu. (Səmavi) kitab verilmiş kəslərin yeməyi sizə halal, sizin yeməyiniz onlara halaldır. (Həmçinin) zina əhli olmadan və gizlində qeyri-qanuni aşna saxlamadan, ismətli olub mehriyyələrini ödəyəcəyiniz təqdirdə möminələrdən olan azad və ismətli qadınlar(la), eləcə də sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən olan azad və ismətli qadınlar(la evlənmək sizə halaldır). Kim iman gətirməli olduğu şeyə kafir olsa, həqiqətən onun əməli puç olub və o, axirətdə ziyana uğrayanlardan olacaqdır.
Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Əgər cənabətli olsanız yuyunun (qüsl edin). Əgər xəstə və ya səfərdə ikən sizlərdən biri ayaqyolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. (Hər iki əlinizin içini ona vurduqdan sonra) həmin torpaqdan üzünüzə və əllərinizə çəkin (təyəmmüm edin). Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükr edəsiniz.
Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır.
Ey iman gətirənlər, bir dəstənin sizə əl uzatmaq qəsdinə düşdüyü (müsəlmanları terror etmək və onların üzərinə qəfildən hücum etmək fikrində olduğu) zaman Allahın sizə olan nemətini yada salın. Onda Allah onların əllərini sizdən üzdü. Allahdan qorxun! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.
Beləliklə öz əhd-peymanlarını pozduqlarına görə onlara lənət etdik (surət, qəlb və təbiətlərini eybəcərliyə və hökümətlərini süquta məhkum etdik) və qəlblərini sərtləşdirdik. (Belə ki,) (Allahın) sözlərin(in) yerini dəyişib təhrif edirdilər və xəbərdar edildikləri şeylərdən (Tövrat elmləri və İslam Peyğəmbərinin peyğəmbərlik nişanələrindən) olan layiqli pay(ların)ı unutdular. Sən həmişə onların – az bir qismi istisna olmaqla –xəyanətkarlıqlarından xəbərdar olacaqsan. Buna görə də (hələlik, nə qədər ki, cihada əmr olunmamısan) onlardan keç və üz döndər ki, həqiqətən Allah yaxşıları və yaxşı iş görənləri sevir.
«Biz xaçpərəstlərik (Allaha köməyə qalxırıq)» deyənlərdən (dünyada pəhrizkar olmaları, sözlərinin bir olması və dində parçalanmamaları barəsində) əhd-peyman aldıq. Onlar sonra xəbərdar edildikləri şeylərdən (İncilin tovhid məsələləri və İslam Peyğəmbərinin əlamətləri və sifətləri kimi təlimlərindən) olan layiqli pay(ların)ı unutdular. Buna görə də onların arasında Qiyamət gününədək düşmənçilik və kin yaratdıq. Tezliklə Allah onları etdiklərindən xəbərdar edəcəkdir.
Şübhəsiz, «həqiqətən Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq vücudu mümkün olan varlığa çevrilib və ya vacib varlıq mümkün varlığa daxil olub)» deyən kəslər kafir oldular. De: «Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını öldürmək istəsə, Allahın müqabilində kim bir şeyə malikdir? Halbuki, göylərin, yerin və o ikisinin arasında olanların həqiqi sahibi Allahdır. İstədiyini yaradır. Allah hər şeyə qadirdir.
Yəhudi və xaçpərəstlər dedilər: «Biz Allahın oğulları və Onun sevimliləriyik». De: «Onda bəs nə üçün Allah sizə günahlarınıza görə əzab verir?» Əksinə, siz də Onun yaratdıqlarından bir bəşərsiniz. İstədiyi şəxsi (rəhmətinin tələbinə əsasən) bağışlayır və istədiyi şəxsə (ədalətinin tələbi əsasında) əzab verir. Göylərin, yerin və onların arasındakıların həqiqi sahibi Odur və qayıdış Ona tərəfdir.
Və (yada sal) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, Allahın aranızda peyğəmbərlər təyin etdiyi və sizi (insanlara) padşahlar etdiyi və sizə (düşməninizin suda batması, müfəssəl Tövrat, içindən çeşmə çıxan daş, bir növ ağac şirəsindən hazırlanmış yemək və bildirçin kimi) aləmdəkilərdən heç kəsə vermədiyi şeyi verdiyi zamandakı nemətini xatırlayın».
(Allahdan) qorxanlardan olan və Allahın (iman və şücaət) nemət(i) verdiyi şəxslərdən iki kişi dedi: «Bu qapıdan (şəhərin darvazasından) onlara hücum edin və elə ki, oraya daxil oldunuz, mütləq siz qalibsiniz.Əgər imanınız varsa yalnız Allaha təvəkkül edin».
Dedilər: «Ey Musa, nə qədər ki, onlar oradadırlar (həmin şəhərdədirlər) biz əsla ora daxil olmayacağıq. Odur ki, sən və Rəbbin gedin (onlarla) vuruşun, biz mütləq elə burada oturacağıq».
(Musa) dedi: «Ey Rəbbim, (boynuma qoyduğun vəzifənin çatdırılması və cihada dəvət etmək barəsində) mənim özümdən və qardaşımdan başqa heç kəsə gücüm çatmır (və tayfadan yalnız az bir hissəsi mənim tabeçiliyimdədir). Odur ki, bizimlə bu itaətsiz dəstə arasında ayrılıq sal».
(Allah) dedi: «Bu torpaq (günahlarının cəzası olaraq) qırx il onlara haram oldu. (Bu müddət ərzində) onlar daim yer üzündə (Sina çölündə) sərgərdan qalacaqlar. Odur ki, bu itaətsiz dəstəyə görə qəmgin olma».
Adəmin iki oğlunun (Habil ilə Qabilin) qurbanlıq zamanı olmuş əhvalatını həqiqi və düzgün şəkildə onlara oxu (Habil dəvə kəsdi, Qabil isə bir az buğda gətirdi). Beləliklə birindən qəbul olundu və digərindən qəbul olunmadı. (Qabil) dedi: «Səni mütləq öldürəcəyəm». (Habil) dedi: «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir».
«Əlbəttə, əgər sən məni öldürmək üçün əlini mənə uzatsan (da), mən (özümü müdafiə etsəm) səni öldürmək üçün sənə əl uzadan deyiləm. Həqiqətən mən aləmlərin Rəbbi olan Allahdan qorxuram».
2863 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
144 Səhifə