"đư" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "đư" üzrə 2863 ayə tapıldı.
Şübhəsiz, «Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq mümkün varlığa çevrilib və ya vücudu vacib olan varlıq mümkün varlığa daxil olub)» deyən kəslər kafir oldular. Halbuki Məsihin özü «ey İsrail övladları, (həm) mənim Rəbbim və (həm də) sizin Rəbbiniz olan Allaha ibadət edin. Şübhəsiz, Allah Ona şərik qoşana Cənnəti haram edər və onun qalacağı yer oddur. Zalımlara əsla kömək edən yoxdur» demişdi.
Şübhəsiz, «Allah üç ilahi ünsürdən (ata, oğul və Ruhul-Qudusdan) biridir» deyənlər kafir oldular, halbuki tək olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər dediklərindən çəkinməsələr, şübhəsiz onlardan (bu etiqadla) kafir olanlara ağrılı bir əzab yetişəcəkdir.
Bəs nə üçün onlar, Allah çox bağışlayan və mehriban olduğu halda, Allaha tərəf qayıtmır və Ondan bağışlanmaq diləmirlər?.
Məryəm oğlu Məsih yalnız bir peyğəmbərdir ki, ondan əvvəl də peyğəmbərlər keç(ib-get)mişlər. Onun anası çox doğruçu və əməli düz bir qadın olub. Onların hər ikisi yemək yeyirdilər (dünyaya gəlməsi, peyğəmbərliyi və yemək yeməsi, bunların hər üçü İncildə var. Deməli onlar Allah olmayıblar). Gör Biz ayə və (Öz tovhidimizin və İsanın bəndə olmasının) nişanələri(ni) necə bəyan edirik, sonra (da) gör onlar necə və hara qaytarılırlar?!
De: «Ey kitab əhli, öz dininizdə haqsız yerə ifrata varmayın (bəşər övladını Allah və ya Allahın oğlu, yaxud üç Allahdan biri hesab etməyin) və həmçinin bundan qabaq (fitrətin düz yolundan) azmış, çoxlarını azdırmış və doğru yoldan (peyğəmbərlərin şəriətlərindən) sapmış dəstənin nəfsi istəklərinə tabe olmayın».
İsrail övladlarından kafir olanlar Davudun və Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların itaətsizlik etmələri və həmişə (Allahın təyin etdiyi) həddi aşmalarına görə idi.
Onlar etdikləri heç bir çirkin işdən əl çəkmir (və bir-birlərini çəkindirmir)dilər. Doğrudan da onların gördükləri iş çox pis idi.
Şübhəsiz, insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən. Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar.
Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən. Onlar deyərlər: «Ey Rəbbimiz, iman gətirdik, odur ki, bizi (daim Sənin hüzurunda) şahid olanlardan (və axirət aləminin şahidlərindən) et»!
Beləliklə, Allah bu sözlərinin müqabilində onları (ev və ağaclarının) altından çaylar axan Cənnətlərlə mükafatlandırdı ki, orada əbədi qalacaqlar. Budur yaxşı işlər görənlərin mükafatı.
Və Allahın ruzi olaraq sizə verdiklərinin halal və pak olanlarından yeyin (və şəriətin haram buyurduqlarından və zatən murdar olan şeylərdən çəkinin) və iman gətirdiyiniz Allahdan qorxun.
Allah sizi bihudə və niyyətində olmadığınız andlar(ı pozmağınız)a görə cəzalandırmaz, lakin sizi ciddi iradə ilə içdiyiniz andlar(ı pozmağınız)a görə cəzalandırar. Buna görə də onu (pozmağı)n kəffarəsi öz ailənizə yedirtdiyiniz orta hesabla on fəqirə yemək vermək, yaxud onları geyindirmək və ya bir qul azad etməkdir. Beləliklə, əgər kimsə (bunları) tapmasa (onun kəffarəsi) üç gün oruc tutmaqdır. Budur and içdiyiniz (və onu pozduğunuz) zaman sizin andlarınızın kəffarəsi! Gərək öz andlarınızı qoruyasınız (və pozmayasınız). Allah Öz ayələrini sizin üçün bu cür açıqlayır (ki), bəlkə şükr edəsiniz.
Həqiqətən Şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi?
İman gətirib yaxşı işlər görən kəslərə (haram olmamışdan qabaq şərabdan, murdardan və qumarla əldə edilən məhsuldan) daddıqlarında (həmin şeylər haram olduqdan sonra isə) təqvalı olaraq (dinin əslinə ümumi şəkildə) iman gətirib yaxşı işlər gördükləri, sonra təqvalı olub (dinin hökmlərinə müfəssəl surətdə) iman gətirdikləri və yenə də təqvalı olub yaxşı iş gördükləri (din hökmlərini kamil və gözəl surətdə yerinə yetirdikləri) təqdirdə bir günah yoxdur. Allah yaxşıları və yaxşı iş görənləri sevir.
Ey iman gətirənlər, ehram halında olarkən ov öldürməyin. Sizdən kim bilərəkdən onu öldürsə, boynuna (əhliləşdirilmiş) dördayaqlılar cinsindən, öldürdüyünün bənzəri olan bir kəffarə düşür (məsələn, dəvəquşunun kəffarəsi dəvə, dağ keçisinin kəffarəsi inək və ceyranın kəffarəsi qoyundur). Sizdən iki nəfər adil (adam) bu bənzərliyə şəhadət versin və o, qurbanlıq kimi Kə’bəyə (Kə’bənin ətrafındakı qurbanlıq yerinə) çatsın. Yaxud kəffarə (o bənzər heyvanın qiyməti qədər) fəqirlərə yemək vermək və ya onun qədər oruc tutmaqdır (onun qiymətinin bərabəri qədər hər fəqirə bir mudd yəni yeddi yüz əlli qram yemək verməlidir, yaxud müdlərin sayı qədər oruc tutmalıdır) ki, öz işinin cəzasını dadsın. Allah keçənlərə göz yumdu (birinci dəfəni kəffarə ilə bağışladı). Kim yenidən qayıtsa (yenidən Hərəmdə ov etsə , daha bunun kəffarəsi yoxdur, lakin) Allah ondan intiqam alacaqdır və Allah yenilməz qüdrət və intiqam sahibidir.
Allah Kə’bəni – o möhtərəm və təhlükəsiz evi, haram ayı (Həcc ayını və ya dörd haram ayı), nişanəsiz qurbanlığı və nişanəli qurbanları insanların (din və dünyasının) dayaq və bərqərarlıq vasitəsi etdi. Bu (böyük və hikmətli qanunvericilik) ona görədir ki, siz biləsiniz (ki): Şübhəsiz, Allah göylərdə olanı və yerdə olanı bilir və Allah hər bir şeyi biləndir.
De: «Murdarların çoxluğu səni təəccübləndirsə də, murdarla pak (istər insanın ruhiyyəsində olsun, istərsə də onun əqidə, əxlaq və əməlində) əsla bir deyildir.» Odur ki, ey ağıl sahibləri, Allahdan qorxun, bəlkə nicat tapdınız.
Allah heç bir heyvanı(n istifadəsini) «bəhirə», «saibə», «vəsilə» və «ham» (adı ilə haram və qadağan) etməmişdir. (Bəhirə beş dəfə doğmuş dəvə, saibə xəstə üçün nəzr deyildiyinə görə azad olunmuş dəvə, vəsilə balası onların və bütlərin arasında müştərək olan qoyun və ham on dəfə doğmuş dəvədir ki, cahiliyyət dövründə bunlardan istifadəni haram sayırdılar.) Lakin kafirlər Allaha qarşı yalan uydururlar və onların çoxu düşünmürlər.
Onlara «Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin» deyiləndə, «atalarımızın getdiyi yol (onların əqidə və əməlləri) bizə bəsdir!» deyərlər. Görəsən ataları hətta bir şey bilməmiş və (düz yola) hidayət olunmamış olsalar belə (bunlar yenə də kor-koranə surətdə onları təqlid edəcəklər)?
2863 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
144 Səhifə