Ən-Nəhl surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ən-Nəhl surəsi" üzrə 128 ayə tapıldı.
Onlar cansız ölülərdir və (özlərinin və ya onlara ibadət edənlərin) nə vaxt dirildiləcəklərini bilmirlər.
Sizin məbudunuz tək olan məbuddur, amma axirətə iman gətirməyənlərin qəlbləri haqqı inkar edir və onlar təkəbbürlü və lovğadırlar.
Şübhəsiz, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir və həqiqətən O, təkəbbürlüləri sevmir.
Nəhayət onlar Qiyamət günü özlərinin günah yüklərini tamamilə və həmçinin nadanlıqlarına görə yoldan azdırdıqları kəslərin günah yüklərinin bir hissəsini (bunların vasitəsilə baş vermiş miqdarını) götürərlər. Bilin, onların götürdükləri pis bir yükdür!
Əlbəttə, onlardan qabaqkılar da (öz peyğəmbərlərinə qarşı) hiylə işlətmişdilər. Allah onların (bina və yaşayışlarının) bünövrəsini kökündən sarsıtdı və nəticədə başlarının üstündən tavan üzərlərinə çökdü. Və onlara bilmədikləri yerdən əzab yetişdi.
Sonra (Allah) onları Qiyamət günü də rüsvay və xar edəcək və deyəcəkdir: «Haradadır Mənim o şəriklərim ki, onların barəsində (haqq əhli ilə) düşmənçilik və dava-dalaş edirdiniz?!» Elm verilmiş kəslər (peyğəmbərlər və onların yaxınları) deyərlər: «Həqiqətən bu gün rüsvayçılıq, xarlıq və əzab kafirlər üçündür».
Mələklər özlərinə zülm etmiş kəslərin canlarını alan zaman, onlar təslim və itaətkar olar (və) «biz heç bir pis iş görmürdük» (deyərlər). «Xeyr (pis iş görürdünüz)! (Çünki) şübhəsiz Allah etdiklərinizi biləndir».
Buna görə də, Cəhənnəmin qapılarından (və ya onun təbəqələrinə) daxil olun ki, orada həmişəlik qalacaqsınız. Təkəbbürlülərin yeri çox pis bir yerdir!
Və (kafirlərin casusları tərəfindən) təqvalılara deyilər: «Rəbbiniz nə nazil etmişdir?» Deyərlər: «(Başdan-başa) xeyir və yaxşılıq (gözəl hökmlər və gözəl savablar)»! (Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat (pak və gözəl həyat) vardır və şübhəsiz, (onlar üçün) axirət evi daha yaxşıdır. Təqvalıların evi necə də gözəldir!
Onların daxil olacaqları əbədi bağların (ağaclarının) altından çaylar axır. Orada onlar üçün istədikləri hər bir şey vardır. Allah təqvalıları belə mükafatlandırır.
O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) «salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun» deyərlər.
Məgər (bu müşriklər ölüm) mələyin(in və ya dünya əzabının) onların sorağına gəlməsindən, yaxud Rəbbinin (Qiyamətin bərpa olması) əmrinin yetişməsindən başqa bir şey gözləyirlər?! Onlardan əvvəlkilər də belə etdilər (ki, onlara əzab nazil oldu). Allah onlara zülm etmədi və lakin onlar (özləri) özlərinə zülm edirdilər.
Beləliklə, etdikləri günahların cəzası onlara yetişdi və istehza etdikləri şey (əzab vədəsi) onları bürüdü.
Və müşriklər dedilər: «Əgər Allah istəsəydi nə biz və nə də atalarımız Ondan başqa bir şeyə ibadət etməz və Onsuz (Onun icazəsi olmadan) bir şeyi haram etməzdik! (O belə bir şeyi istəmədiyi üçün bizə əzab da yoxdur.)» (Bəli) onlardan qabaqkılar da bu cür etmişdilər. Belə isə, məgər Bizim peyğəmbərlərin öhdəsinə açıq-aşkar təbliğdən başqa bir şey (vəzifə) düşür?! (Onların cavabında belə deyin: Allah küfrün olmamasını və halalın haram edilməməsini qəti iradə ilə istəməmişdir. Çünki bu, şəriətin müəyyənləşdirdiyi vəzifələrin ixtiyarla azad şəkildə yerinə yetirilməsi ilə ziddiyyət təşkil edir. Amma bununla belə, O, həmin işləri qadağan etmişdir və küfr və əzab da bu qadağaya daxildir.)
Əlbəttə, Biz hər bir ümmətin içərisindən bir peyğəmbər seçdik ki: «Allaha ibadət edin və (şeytan və insan) tağut(ların)dan uzaq olun.» Beləliklə Allah onların bəzisini (dəvətin əslini qəbul edənləri kamal mərhələlərinə) hidayət etdi və onlardan bəzisinə (dəvəti rədd edənlərə) zəlalət və azğınlıq qətiləşdi. Buna görə də, yer üzündə gəzin və təkzib edənlərin aqibətinin necə olduğuna baxın!
Sən onların hidayət olmalarını lap çox istəsən də (bunun bir xeyiri yoxdur, çünki) Allah azğınlıqda boşladığını hidayət etməz və onların bir köməkçiləri yoxdur.
Onlar ən ciddi andları ilə Allaha and içdilər ki, Allah ölən şəxsi əsla diriltməyəcəkdir! Xeyr (dirildəcəkdir)! Bu Onun öhdəsində olan haqq və sabit (əzəli iradəyə əsaslanan, Lövhi-Məhfuzda yazılmış, səmavi kitablarda qeyd edilmiş və peyğəmbərlər vasitəsilə cəmiyyətə çatdırılmış) bir vəddir və lakin insanların çoxu bilmir.
Barəsində ixtilafa düşdükləri şeyi onlara aydınlaşdırması və (bəşəriyyətin arasında küfr yaranandan onun sonunadək) küfr edənlərin yalançı olmalarını bilmələri üçün!
(Qiyaməti bəqrərar etmək Bizim üçün asandır, çünki) Biz bir şeyi(n əmələ gəlməsini) istədikdə, ona yalnız «ol!» deyirik, beləliklə, o (dərhal) olur.
128 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
7 Səhifə