Ən-Nur surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ən-Nur surəsi" üzrə 64 ayə tapıldı.
Ey iman gətirənlər, Şeytanın addımlarına tabe olmayın. Kim Şeytanın addımlarına tabe olsa, şübhəsiz, o, pis və çirkin işə əmr edir. Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (pis əqidə, əxlaq və əməldən) pak olmazdı. Lakin istədiyini (kamillik mərhələlərində) paklaşdıran Allahdır. Allah (hər şeyi) eşidən və biləndir.
Sizin maddi baxımdan üstün və dolanışıqda rifah içində olanlarınız qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə bəxşiş verməkdə simiclik etməsinlər və bəxşişi tərk etməyə and içməsinlər. Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır.
Həqiqətən iffətli, (günahdan) xəbərsiz, imanlı qadınlara zina isnad verən kəslər dünyada və axirətdə lənətlənmişlər və onlar üçün böyük bir əzab vardır.
O gün ki, dilləri, əlləri və ayaqları onların ziyanına, (dünyada) etdiklərinə şəhadət verəcəklər.
Allah həmin gün onların (əqidə və əməllərinin) haqq cəzasını tam şəkildə əda edəcəkdir və onlar (əyani şəkildə gördükdən sonra yəqinliklə) Allahın həmin sabit haqq və (camal və cəlalı axirət aləmində kamil şəkildə cilvələndiyi üçün tam) aşkar olmasını biləcəklər.
(Əqidə, əxlaq və əməldə) xəbis qadınlar xəbis kişilər üçün və xəbis kişilər xəbis qadınlar üçündürlər (onlar zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar). Həmçinin (pis əqidə, əxlaq və əməldən) pak qadınlar pak kişilər üçün və pak kişilər pak qadınlar üçündürlər (bunlar da öz nürani zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar). Onlar (paklar başqalarının onlar barəsində) dediklərindən pak və uzaqdırlar. Onlar üçün (dünya və axirətdə) bağışlanma və dəyərli ruzi vardır.
Ey iman gətirənlər, öz evinizdən başqa heç bir evə icazə almayınca və həmin evin adamlarına salam verməyincə daxil olmayın. Bu sizin üçün daha yaxşıdır. Bəlkə ibrət götürdünüz.
Əgər onda bir kəsi tapmasanız, (sahibi tərəfindən) sizə icazə verilməyincə ora daxil olmayın. Əgər «qayıdın» deyilsə, qayıdın. O, sizin üçün daha pakdır. Allah, etdiklərinizi bilir.
İçərisində işiniz və mənafeyiniz olan yaşayışsız evlərə (və ümumi məkanlara) daxil olmaq sizin üçün günah deyil. Allah (niyyət və işlərinizdən) aşkar etdiyinizi də, gizlətdiyinizi də bilir.
Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və ayıb yerlərini (görünməkdən) qorusunlar. Bu onlar üçün daha pakdır. Həqiqətən Allah onların etdiklərindən xəbərdardır.
Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Ayağına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız.
(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir.
Evlənmək (imkanı) tapmayanlar, Allah Öz lütfü ilə onların ehtiyaclarını aradan qaldırana kimi gərək iffətli olsunlar. (Qullardan özlərini almaq və pulu tədricən vermək üçün) yazılı müqavilə istəyənlərlə, əgər onlarda bir xeyir (həmin məbləği ödəmək və müstəqil həyat sürmək qüdrəti) bilsəniz, onlarla yazılı müqavilə bağlayın və Allahın sizə verdiyi ilahi maldan (zəkatın qulun azad olunmasında istifadə üçün müəyyənləşdirilmiş hissəsindən) onlara verin (ki, özlərini azad etsinlər). Və iffətli olmaq istəyən cavan kənizlərinizi, dünya malı tələbi ilə zinaya məcbur etməyin. Kim onları məcbur etsə, həqiqətən Allah onların məcbur edilmələrindən sonra (məcbur edilənə icbara məruz qaldığı üçün, məcbur edənə isə tövbə edəcəyi təqdirdə) çox bağışlayan və mehribandır.
Həqiqətən Biz (bu Qur’anda) sizin üçün aydınlıq gətirən ayələr, sizdən qabaq (ötüb) keçənlərdən xəbər və sifətlər, təqvalılar üçün öyüd-nəsihət nazil etdik.
Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nurunun (din və kitabının) məsəli içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur. O çıraq (məkan baxımından) nə (günəşin əsr çağı saçdığı) şərqə, nə də (sübh çağı saçdığı) qərbə məxsus olmayan (əksinə günəşin həmişə saçdığı bir məkanda olan) çox bərəkətli bir zeytun ağacından (onun yağı ilə) yanır. Onun yağı hətta ona od toxunmasa belə, (saflıq və şəffaflıqdan) az qalır işıq saçsın. (Yağın, çırağın, şüşənin və çıraqqabının nuru) bir-birinin üstünə yığılmış nurlardır (yəni Allahın nur olması təsəvvür olunmaz dərəcədə yüksəkdir). Allah istədiyini (xüsusi hidayət ilə) Öz nuruna (dininə) tərəf yönəldir. Allah insanlara misallar çəkir. Allah hər bir şeyi biləndir.
(Bu ilahi nur) Allahın (ad, məqam və binalarının) ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyi evlər (məscidlər və məsumların məqbərələrin)dədir. Həmin evlərdə səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər.
Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər. Onlar ürəklərin və gözlərin pərişan və fərqli olacağı gündən qorxurlar.
(Onlar Allahı zikr etməklə məşğuldurlar) ki, Allah onlara etdiklərinin ən gözəl mükafatını versin və Öz lütfündən onlara (verilən mükafatı) artırsın. Allah istədiyinə hesabsız (əməllə müqayisə etmədən) ruzi verir.
Kafirlərin (ibadət, sədəqə və ixtira kimi) bütün (xeyir) əməlləri hamar yerdəki ilğım kimidir ki, susuz (insan uzaqdan) onu su sayar, nəhayət (gəlib) çatanda onun (heç) bir şey olmadığını görər. (Kafirin ölümü onun həmin ilğıma çatmasıdır ki, onda bütün əməllərinin puç olduğunu görər.) Və Allahı yanında görər və O, onun (əməllərinin) hesabını tamamilə ödəyər (Allah onun yaxşılıqlarının ilğıma çevrilməsinə səbəb olan küfrünün və digər günahlarının cəzasını verər). Allah tez haqq-hesab çəkəndir (hesab günü əməllərin toplanması, zamanın keçməsi və əməl sahiblərinin çoxluğu hesabın vəd olunan vaxtda tez yerinə yetirilməsinə mane olmur).
Yaxud (da kafirlərin şər əməlləri) dərin dənizdə üzərində daha bir dalğa olan dalğanın örtdüyü və onun da üstündə bir bulud olan qaranlıqlar(ın altda qalıb batan şəxsə nisbəti) kimidir. Bir-birinin üzərinə yığılmış qaranlıqlardır ki, əgər o, əlini çölə çıxar(araq gözünün qabağında tut)sa onu asanlıqla görməz. (Səhv inanclar, çirkin əxlaq və haram əməllər dünyada onun qəlbinin fəzasında, axirətdə isə başının üstündə duracaq zülmətlərdir.) Allahın nur vermədiyi kəsin heç vaxt nuru olmayacaqdır.
64 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
4 Səhifə