Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Onların heç bir işi sənin əlində deyil. (Allah) ya onlara nəzər salaraq tövbə etmələrinə kömək edər, ya da onlara (bu dünyada möhlət, axirətdə isə) əzab verər. Çünki onlar zalımdırlar. (Bu dörd işin hamısı Allaha aiddir və sənin vəzifən yalnız Onun əmrlərini çatdırmaq və əmri yerinə yetirməkdir.)
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun əlindədir). İstədiyini (və layiq bildiyini) bağışlayır və istədiyinə (bütün dəlillər təqdim olunub qurtardıqdan sonra) əzab verər. Allah çox bağışlayan və mehribandır.
Ey iman gətirənlər, artıq və bir neçə qat gəlir olan sələmi yeməyin və Allahdan qorxun, bəlkə nicat tapasınız.
Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin.
(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir.
Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər.
Onların mükafatları öz Rəbbi tərəfindən bağışlanmaq və (ev və ağaclarının) altından çaylar axan cənnətlərdir. Orada əbədi qalacaqlar. Bu əməl sahiblərinin mükafatı necə də gözəldir!
Əlbəttə, sizdən öncə ilahi ənənəyə (Allahın dəyişməz ənənəvi qanunlarına) əsasən (kütləvi məhv etmələr kimi) bir sıra hadisələr ötüb keçmişdir. Odur ki, yer üzündə gəzib-dolanın və təkzib edənlərin aqibətinin necə olmasına baxın.
Bu (Qur’an), insanlar üçün (həqiqətlərə) aydınlıq gətirən və təqvalılar üçün başdan-başa hidayət və nəsihətdir.
Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz.
Əgər (Ühüd döyüşündə) sizə yara və zərər-ziyan dəydisə (Bədr döyüşündə də) o biri dəstəyə onun kimi yara və zərər-ziyan dəydi. Biz bu (qələbə və məğlubiyyət) günləri(ni daha kamil bir quruluşun xeyiri,) Allahın iman gətirənləri üzə çıxarması (və Onun əzəli elminin xarici aləmdə gerçəkləşməsi) üçün, həmçinin sizin aranızdan (axirətdə insanların əməllərinə şahid durmaq üçün) şahidlər götürmək üçün insanların arasında növbə ilə dolandırırıq. Allah zalımları sevmir.
Yoxsa Allah aranızdan cihad edənləri və səbirliləri məlum etməmiş (üzə çıxarmamış və Onun əzəli elmi xaricdə gerçəkləşməmiş) Cənnətə daxil olacağınızı güman edirsiniz?!
Şübhəsiz, siz ölümlə qarşılaşmamışdan qabaq onu arzulayırdınız (möminlər Ühüd müharibəsindən qabaq şəhid olmağı arzulayırdılar). Beləliklə, həqiqətən (Ühüd müharibəsində) ona baxdığınız halda gördünüz onu! (Bəs onda sarsıntı və döyüşdən qaçmaq nə üçündür?)
Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) yalnız bir peyğəmbərdir ki, ondan öncə (də) peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız (əqidələrinizdən əl çəkəcəksiniz)?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükr edənləri mükafatlandıracaqdır.
Heç kəsin Allahın əzəli istək və əmri olmadan ölməsi mümkün deyildir. (Hər bir canlının ölümü) müəyyən olunmuş, vaxtlı bir yazıdır. Kim (öz səylərindən) dünya mükafatı istəsə, ondan ona verərik və kim axirət mükafatı istəsə, ona ondan verərik. Şükr edənləri tezliklə mükafatlandıracağıq.
Nə çox peyğəmbərlər ki, onlarla birlikdə çoxlu ilahi şəxsiyyətlər vuruşmuşlar. Beləliklə onlar Allah yolunda düçar olduqları şey müqabilində süstləşərək zəifləmədilər və əyilərək təslim olmadılar. Allah səbirliləri sevir.
(Döyüşün şiddətli anlarında) onların dedikləri söz yalnız bu idi ki: «Ey Rəbbimiz! Bizim günahlarımızı və işimizdəki israfçılığımızı bağışla, qədəmlərimizi möhkəmləndir və bizə kafir dəstəyə qarşı kömək et.»
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə