Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Özləri (döyüşə getməyib evdə) oturan və (doğma) qardaşları (və ya Ühüd müharibəsində öldürülmüş öz məsləkdaşları) barədə «əgər onlar bizə tabe olsaydılar, öldürülməzdilər!» deyən kəslərə de: «(İndi ki, siz ölümdən qaçmağın yolunu bilirsiniz) onda, əgər doğruçusunzsa ölümü özünüzdən dəf edin.»
Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir.
(Onlar) Allahın Öz mərhəmətindən onlara əta etdiyinə şaddırlar və arxalarınca (hələ gəlib) onlara qoşulmamış (hələ şəhid olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar.
Onlar Allah tərəfindən olan nemət və bəxşişə görə və həmçinin Allahın möminlərin mükafatını zay etməməsindən şaddırlar.
(Ühüd döyüşündən və) yaralandıqdan sonra (Qüreyş qoşununu təqib etmək üçün) Allahın və Onun peyğəmbərinin çağırışını qəbul etmiş kəslər-onların yaxşılıq edib təqvalı olanları üçün böyük bir mükafat vardır.
Həmin o kəslər (üçün) ki, camaat onlara «(Məkkə) camaat(ı) sizin(lə vuruşmaq) üçün toplaşıb, onlardan qorxun» dedi, amma (bu xəbər) onların imanını artırdı və dedilər: «Bizə Allah kifayətdir və O, gözəl vəkildir».
Beləliklə, Allah tərəfindən olan bir nemət (sağlamlıq və salamatçılıq) və bəxşiş (yollarında olan ticarətdən götürdükləri qazanc) ilə onlara heç bir pislik və ziyan dəymədən qayıtdılar və Allahın razılığına tabe oldular. Allah böyük fəzl (mərhəmət və bəxşiş) sahibidir.
Həqiqətən öz dostlarını (şayələrlə düşməndən) qorxudan yalnız Şeytandır. Odur ki, əgər möminsinizsə onlardan qorxmayın, Məndən qorxun!.
Məbada küfr yolunda tələsənlər səni kədərləndirsinlər. Onlar Allaha əsla heç bir ziyan vurmurlar. Allah istəyir ki, (itaətsizliklərinə görə) axirətdə onlara bir pay qoymasın. Onlar üçün böyük bir əzab vardır.
Həqiqətən küfrü imanı vermək bahasına (satın) alan kəslər, Allaha əsla bir ziyan vurmurlar və onlar üçün ağrılı bir əzab vardır.
Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara (başa düşmələri üçün) möhlət veririk (lakin sonda bu, səbəb olur) ki, onlar (öz) günah(ların)ı artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır.
Allah (Peyğəmbərə vəhy nazil etmək və ya müxtəlif imtahanlar vasitəsilə) xəbisi pakdan ayırana kimi möminləri sizin indi olduğunuz (mömininizlə münafiqinizin bir-birinə qarışmış olduğu) halda qoyan deyildir. Və (həmçinin) Allah (Özünün ənənəvi qanunlarına əsasən) sizi qeyb sirlərindən (və bir-birinizin batininizdən) xəbərdar edən deyildir. Lakin peyğəmbərlərindən (onların arasından) istədiyini seçir (və ona peyğəmbərlik vəzifəsinin ehtiyacı qədər qeyb elmi öyrədir). Odur ki, (qəti və şərti qanunlarının icrasında) Allaha və Onun peyğəmbərlərinə iman gətirin. Əgər iman gətirsəniz və təqvalı olsanız, sizin üçün böyük bir mükafat olacaqdır.
Allahın Öz lütf və rəhmətindən verdiyində (səmavi kitab elmi və dünya malında) xəsislik edən kəslər, bu xəsisliyin onların xeyirlərinə olmasını güman etməsinlər. Əksinə, bu onlar üçün şərdir. Tezliklə xəsislik etdikləri şey (həmin elm və malın zəncir surətindəki gerçək təcəssümü) Qiyamət günü boyunlarının boyunduruqu olacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur (hamı yox olacaq və yalnız O qalacaqdır). Allah etdiklərinizdən xəbərdardır.
Şübhəsiz, Allah (Onun insanlardan borc istəməsini eşidib) «həqiqətən, Allah yoxsuldur, biz isə dövlətliyik» deyən kəslərin sözlərini eşitdi. Tezliklə dediklərini və Allahın peyğəmbərlərini nahaq yerə öldürmələrini yazacaq və (Qiyamət günü) «dadın yandırıcı əzabı» deyəcəyik. 182. Bu (əzab) öz əllərinizlə qabaqcadan göndərdiyiniz işlərə görədir, yoxsa Allah əsla bəndələrə zülm edən deyildir.
Bu (əzab) öz əllərinizlə qabaqcadan göndərdiyiniz işlərə görədir, yoxsa Allah əsla bəndələrə zülm edən deyildir.
Həmin o kəslər ki, «həqiqətən, Allah (səma kitablarında) bizə (qəbul əlaməti olaraq göydən gələn) odun yandırdığı bir qurbanlıq gətirməyincə heç bir peyğəmbərə əsla iman gətirməməyimizi tapşırmışdır» dedilər. De: «Şübhəsiz, məndən öncə (Zəkəriyya və Yəhya kimi) bir sıra peyğəmbərlər sizin üçün aydın dəlillər və dediklərinizi gətirmişdilər, əgər doğruçusunuzsa bəs onları nə üçün öldürdünüz?!»
Odur ki, əgər səni təkzib etdilərsə, həqiqətən səndən öncə aydın dəlillər, (hikmətli və nəsihətli) yazılar, aydın və (din və şəriətə) aydınlıq gətirən kitab ilə gəlmiş peyğəmbərlər də təkzib olundular.
Hər bir canlı (mütləq) ölümü dadacaqdır. Qiyamət günü sizin mükafatlarınız tam şəkildə veriləcəkdir. Odur ki, oddan uzaqlaşdırılan və Cənnətə daxil edilən kəs doğrudan da kama çatmışdır. Bu dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir.
Mallarınız və canlarınız barədə mütləq imtahan ediləcəksiniz və mütləq sizdən əvvəl (səmavi) kitab verilmiş şəxslərdən və həmçinin müşriklərdən (dinin və Peyğəmbərin inkarı və istehza olunması, eləcə də insanların İslam əleyhinə təhrik olunmaları barəsində) çoxlu cansıxıcı sözlər eşidəcəksiniz. Əgər səbr və təqvaya yiyələnsəniz, bu (dözümlülük), həqiqətən, böyük və əhəmiyyətli işlərdəndir.
Və (yada sal) o zaman(ı) ki, Allah (səmavi) kitab verilmiş kəslərdən «mütləq, gərək onu(n həqiqətlərini) insanlara açıqlayasınız və gizlətməyəsiniz!» deyə əhd-peyman aldı. Belə olan halda onlar onu (həmin kitabı və əhd-peymanı) arxalarına atdılar (ona göz yumdular) və onun müqabilində az bir qazanc əldə etdilər. Buna görə də, onların həmişə əldə etdikləri şey nə qədər də pis bir şeydir.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə