"Z" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Z" üzrə 5453 ayə tapıldı.
Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bəzənmək, bir-birinizə öyünmək və mal-dövlət və övladda bir-birinizi üstələmək(dən ibarət)dir. Necə ki, yağışın (yetişdirdiyi yamyaşıl) bitkiləri əkinçiləri heyrətə salar, sonra solar və onu saralmış görərsən və daha sonra quruyub sınar. Axirətdə (Allaha qarşı üsyankarlıq edənlər üçün) ağır əzab və (itaətkarlar üçün) Allahın bağışlaması və razılığı vardır. Dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir.
(Yaxşı əməllər vasitəsi ilə) Rəbbiniz tərəfindən olan bağışlanmaya və vüsəti göylə yerin eni kimi olan və Allaha, peyğəmbərlərə iman gətirənlər üçün hazırlanmış Cənnətə tərəf (tələsərək) bir-birinizlə ötüşün. Bu, Allahın istədiyi kəsə verdiyi lütf və mərhəmətdir. Allah böyük lütf, mərhəmət sahibidir.
Həm yer (üzün)də (zəlzələ, qıtlıq və hərc-mərclik kimi), həm də sizin özünüzdə (yaralanmaq, xəstəlik və ölüm kimi) nə müsibət üz verirsə, Biz onu (yeri və ya sizi və yaxud həmin müsibəti) yaratmamışdan qabaq kitabda (Lövhi-Məhfuzda) qeyd edilmişdir. Həqiqətən bu (iş), Allah üçün asandır.
(Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir.
Həmin o kəslər(i) ki, (boyunlarında olan vacib xərclərə) xəsislik edir və insanları da xəsisliyə vadar edirlər. Kim (haqqı qəbul etməkdən və malı Allah yolunda xərcləməkdən) üz döndərsə, şübhəsiz ki, Allah Özü ehtiyacsız və (işi və sifətləri) təriflənmişdir.
Şübhəsiz, Biz Öz peyğəmbərlərimizi aydın dəlillərlə (məntiq və möcüzə ilə) göndərdik və onlarla birlikdə insanların (dünya həyatında) ədalət və insafa əməl etmələri üçün (səmavi) kitab və (mənaları seçmək, haqq ilə batili bir-birindən ayırd etmək və əşyaları çəkmək üçün) ölçü vasitəsi nazil etdik. Və dəmiri (imkan mərhələsindən vücud aləminə) nazil etdik. Onda insanlar üçün (müharibə və müdafiədə) möhkəm qüvvə və (digər) mənfəətlər vardır. Həmçinin Allahın Ona və Onun peyğəmbərlərinə gizlində yardım edənləri tanıması (əzəli elminin sonra gerçəkləşən xarici aləmlə üst-üstə düşməsi) üçün. Həqiqətən Allah qüvvətli və yenilməz qüdrət sahibidir.
Həqiqətən Biz Nuhu və İbrahimi göndərdik və peyğəmbərlik (məqamını) və (səmavi) kitabı o ikisinin nəsilində qoyduq. Beləliklə onların bəziləri doğru yola gəldilər, çoxu isə itaətsiz idilər.
Sonra onların arxasınca bir-birinin ardınca (digər) peyğəmbərlərimizi göndərdik. Və Məryəmin oğlu İsanı onların arxasınca göndərdik. Ona İncili verdik və ona tabe olanların qəlblərinə (öz aralarında) rəhm və mehribanlıq saldıq. Və özlərindən Bizim onlar üçün qərara almadığımız (tərkidünyalıq və ibadət üçün insanlarla əlaqələri kəsməkdən ibarət olan) rahiblik icad etdilər. Lakin (həmin seçim) Allahın razılığını əldə etmək üçün idi ki, ona da layiqli şəkildə riayət etmədilər. Beləliklə Biz onların iman gətirənlərinə muzdlarını verdik və onların çoxu fasiq idilər.
Ey (Allaha və keçmiş peyğəmbərlərə) iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə (Muhəmmədə (s) ) iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay (bir pay ona iman gətirməyə görə, bir pay isə keçmiş peyğəmbərlərə iman gətirdiyiniz üçün) əta etsin, vasitəsi ilə yol (dünyada ictimai həyat yolunu, məhşərdə isə Cənnət yolunu) getməyiniz üçün bir nur versin və sizi bağışlasın. Allah bağışlayan və mehribandır.
Kitab əhlinin (peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədə (s) iman gətirməyincə) Allahın lütfündən bir şey əldə etməyəcəklərini, [yaxud: kitab əhlinin möminlərin Allahın lütfündən bir şey əldə edə bilməyəcəklərini və hər şeyi özlərinə məxsus edə biləcəklərini güman etməmələri,] həmçinin lütf və mərhəmətin doğrudan da Allahın əlində olmasını və onu istədiyinə verməsini bilməsi üçün! Allah böyük lütf, mərhəmət sahibidir.
Şübhəsiz, Allah əri barəsində səninlə mücadilə (mübahisə) edən və Allaha şikayət edən qadının sözünü eşitdi və qəbul etdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah eşidən və görəndir.
Sizdən öz qadınları ilə zihar edən kimsələrin (əbədilik haram etmək məqsədi ilə: «Səninlə cinsi əlaqədə olmağım, mənim üçün anamla cinsi əlaqədə olmağım kimidir» deyən kəslərin) zövcələri onların anaları deyildir. Onların anaları yalnız onları dünyaya gətirənlərdir. Onlar əlbəttə, pis və yalan söz danışırlar (və o sözün qadının haram edilməsinə heç bir təsiri yoxdur). Həqiqətən, Allah çox əfv edən və bağışlayandır.
Qadınları ilə zihar edib sonra da dediklərindən dönənlərin, həmin zövcələri ilə təmasda olmazdan əvvəl bir qul azad etmələri vacibdir. Bu, sizə verilən bir öyüddür. Allah etdiklərinizdən xəbərdardır.
Kim (azad etməyə qul) tapmazsa, həmin zövcəsi ilə təmasda olmazdan öncə onun iki ay dalbadal oruc tutması vacibdir. (Oruc tutmağa da) qadir olmayan bir kəs altmış fəqiri doyuzdurmalıdır. Bu, Allaha və Onun Rəsuluna iman gətirməniz (və cahiliyyət adətlərindən əl çəkməniz) üçündür. Bunlar Allahın hüdudları və hökmləridir. Kafirlər üçün ağrılı bir əzab vardır.
Əlbəttə, Allah və Onun Rəsulu ilə düşmənçilik və müxalifət edənlər özlərindən öncəkilər xar və zəlil olduqları kimi xar və zəlil olacaqlar. Və həqiqətən, Biz aydın ayələr və nişanələr nazil etdik və kafirlər üçün alçaldıcı bir əzab vardır.
Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir; (o işlər barəsində ki,) Allah onların hamısını axıradək saymış, onlar özləri isə unutmuşlar. Allah hər şeyə şahiddir və hazırdır.
Məgər (qəlb gözü ilə) görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa hamısını bilir? Üç nəfər arasında elə bir pıçıltılı və gizli söhbət baş verməz ki, O, onların dördüncüsü olmasın və nə də beş nəfər arasında ki, O, onların altıncısı olmasın. Onlar bundan az və çox olsalar da, harada olsalar belə, O (Allah) onlarladır. Sonra – Qiyamət günü – hamıya etdiklərini xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir.
Məgər pıçıltı və gizli danışıq qadağan olunduqdan sonra yenidən qadağan olunmuş əmələ qayıdıb daim günah, (hüquqlara) təcavüz və Bizim Rəsulumuza itaətsizlik barədə pıçıltı ilə danışanı görmədinmi?! Onlar sənin yanına gəldikdə səni Allahın salamlamadığı bir tərzdə salamlayır və öz ürəklərində (ya öz aralarında) deyirlər: «(Əgər bu kişi Peyğəmbərdirsə), bəs niyə Allah (dünyada) bizə dediklərimizə görə əzab vermir?» Onlara daxil olacaqları və hərarətini dadacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis bir dönüş yeridir.
Ey iman gətirənlər, bir-birinizlə pıçıldaşdığınız, gizli söhbət etdiyiniz zaman (heç olmasa) günah, (hüquqlara) təcavüz və Bizim Rəsulumuza itaətsizlik barədə pıçıldaşmayın. Yaxşılıq və təqva(ya tövsiyə etmək üçün) pıçıldaşın. (Qiyamət günü) hüzuruna toplanacağınız Allahdan qorxun.
Şübhəsiz ki, iman gətirənləri qəmgin və nigaran etmək üçün (kafirlərin və münafiqlərin etdikləri) pıçıltı Şeytandandır. Halbuki, (Şeytan və o pıçıltılar) Allahın izni olmadan onlara heç bir zərər yetirə bilməz və möminlər yalnız Allaha təvəkkül etməlidirlər.
5453 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
273 Səhifə