"Z" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Z" üzrə 5453 ayə tapıldı.
Həm də (ənsardan) o kəslər üçündür ki, hicrət və iman evini (Mədinə mühitini) özü üçün yurd seçib onlara tərəf hicrət edənləri sevər, onlara (mühacirlərə) verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olduqları halda onları özlərindən üstün tutarlar. Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır.
Onlardan (mühacirlərdən və ənsardan) sonra gələn(mömin)lər deyərlər: «Ey Rəbbimiz, bizi və bizdən öncə iman gətirən qardaşlarımızı bağışla! Bizim qəlblərimizdə iman gətirən kəslərə qarşı bir kin və xəyanət qoyma. Ey Rəbbimiz, həqiqətən, Sən çox şəfqətli və mehribansan».
Məgər münafiqlərin kitab əhlindən olan kafir qardaşlarına (həqiqi, yaxud din qardaşlarına): «Əgər sizz vətəninizdən) çıxarılsanız, biz də mütləq sizinlə birlikdə çıxarıq. Sizin barənizdə heç vaxt heç bir kəsə itaət etmərik. Əgər hücuma və ölüm təhlükəsinə məruz qalsanız, mütləq sizə kömək edəcəyik.» – dediklərini görmədinmi?! Allah şəhadət verir ki, onlar yalançıdırlar.
Şübhəsiz, əgər onlar (kafirlər öz yurdlarından) çıxarılsalar, bunlar (münafiqlər) onlarla birgə çıxmazlar və əgər onlarla döyüş baş versə, onlara kömək etməzlər və əgər (fərz olunsa ki,) kömək də edələr, onlara arxa çevirərək qaçarlar, sonra da (o iki dəstədən heç birinə) kömək olunmaz.
Əlbəttə, onların ürəklərinə qorxu salan Allahdan çox sizsiniz. Bu da onların idrakı (və İlahi mərifəti) olmayan bir qövm olduqlarına görədir.
Onların hamısı (yəhudilər və münafiqlər) sizə qarşı yalnız hasarları olan şəhər və kəndlərdə, yaxud (qalaların, ya evlərin) divarlar(ının) arxasında döyüşərlər. Zor-gücləri öz aralarında şiddətlidir. (Lakin siz möminlərin müqabilində zəifdirlər). Onların əlbir olduqlarını sanırsan, halbuki qəlbləri dağınıqdır, bunun səbəbi onların düşüncəsiz bir qövm olmasıdır.
(Bəni-Nəzir yəhudiləri) özlərindən bir az əvvəl işlərinin pis aqibətini dadmış kimsələrə (Bədr əhli və s.) bənzəyir. Və onlar üçün (axirətdə) ağrılı bir əzab vardır.
(Münafiqlərin aldatması) Şeytana (onun aldatmasına) bənzəyir. O insana: «Kafir ol!» – dedi və elə ki, (insan) kafir oldu, dedi: «Doğrusu, mən səndən uzağam, həqiqətən, mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!».
Beləliklə hər ikisinin (Şeytan və kafirin) işinin aqibəti də od içində əbədi qalmaq oldu. Budur zalımların cəzası!
Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs (özünün) sabah(ı) üçün qabaqcadan nə göndərdiyinə (qəlb gözü ilə) nəzər salmalıdır. Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır!
Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!
Əgər Biz bu Qur’anı bir dağa nazil etsəydik, mütləq onun Allah qorxusundan zəlil olub kiçildiyini və parçalandığını görərdin. Və bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr.
O, özündən başqa heç bir tanrı olmayan, qeybi (gizlini) və aşkarı (hər bir şüur sahibinin zahiri və batini hissiyatından gizli və aşkar olanı, yaxud hələ mövcud olmayan və artıq mövcud olan hər bir şeyi) bilən Allahdır. O, bağışlayan və mehribandır.
O, Ondan başqa heç bir tanrı olmayan Allahdır. O, Məlikdir (varlıq aləminin sultanı və hökmranıdır), Qüddüsdür (müqəddəsdir. Hər hansı bir eybdən, nöqsandan, şərikdən və övladdan uzaq və pakdır), Salamdır (zatı eybdən, sifətləri nöqsandan, işləri şərdən salamatdır), Mömindir (Öz tovhidini bəyan edəndir. Öz zatının və sifətlərinin həqiqətinə imanı olan, hər bir zülmdən və pislikdən amanda saxlayandır), Muhəymindir (əmindir, hər bir şeyə hakim və üstündür, bütün varlığı qoruyan və hər bir şeyə nəzarət edəndir), Əzizdir (oxşarsız və bənzərsizdir, məğlubedilməz qalib və izzət bəxş edəndir), Cabbardır (əzəmətli şan-şövkət sahibi, hər bir məğlubiyyəti və zərəri yoluna qoyan, mövcudatı islah edən, hər şey üzərində qəti iradəyə malik olandır). Mütəkəbbirdir (təzim olunmağa layiq, batini və aşkar böyüklük sahibidir). Allah Ona şərik qoşduqlarından pakdır.
O (hər bir şeyi təqdir və ölçü əsasında) yaradan, (bir-birindən fərqli, lakin yaradılışının kamilliyi baxımından isə bir-birinin eyni olan varlıqları) yoxdan var edən, (hər bir şeyə müxtəlif şəkillərdə) surətlər bəxş edən Allahdır. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə olan hər bir şey (dillə və hal ilə) Onu zikr edirlər. O qüdrət və hikmət sahibidir.
Ey iman gətirənlər, Mənim düşmənimi və öz düşməninizi dost tutmayın! Siz onlarla dostluq əlaqəsi yaradırsınız, halbuki onlar həqiqətən, Haqqın tərəfindən sizə gələnə kafir olmuşlar. Siz Rəbbiniz olan yeganə Allaha iman gətirdiyiniz üçün onlar Allah Rəsulunu və sizi (yurdunuz Məkkədən) çıxarırlar. Əgər (vətəninizdən) Mənim yolumda cihad etmək və Mənim razılığımı qazanmaq üçün çıxmısınızsa (onlarla dostluq əlaqəsi qurmayın). Siz gizlincə onlara dostluq göstərirsiniz. Halbuki Mən sizin gizlətdiyinizi və aşkar etdiyiniz hər şeyi daha yaxşı bilirəm. Və sizdən kim belə etsə, o həqiqətən, düzgün yoldan azmışdır.
Əgər onlar sizə hakim olsalar, sizin (ən qəddar) düşmənlərinizə çevrilərlər və sizə pisliklə əllərini və dillərini uzadar və həmişə istərlər ki, siz kafir olasınız.
Qiyamət günü nə (onlara görə öz dininizdən keçdiyiniz) qohumlarınızın, nə də övladlarınızın sizə heç bir faydası olmayacaqdır. (O gün Allah) sizin aranıza ayrılıq salacaqdır və Allah etdiklərinizi görəndir.
Şübhəsiz, İbrahim(in) və onunla birlikdə olanlar(ın rəftarın)da sizin üçün gözəl bir örnək vardır. O zaman onlar öz qövmlər(inin kafirlər)inə demişdilər: «Həqiqətən, biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Biz siz(in tanrılarınızı və ayininiz)i təkzib edirik. Və siz yeganə olan Allaha iman gətirməyincə həmişə bizimlə sizin aranızda ədavət və düşmənçilik olacaqdır.» Yalnız İbrahimin atasına (ögey atasına, ya əmisinə): «Mən sənin üçün (Allahdan) bağışlanmaq diləyəcəyəm və mən sənin üçün Allahdan (istəməkdən başqa) heç bir şeyə (heç bir imkana) malik deyiləm.» –deməsi istisnadır. Ey Rəbbimiz, biz Sənə təvəkkül etdik və (ürəklə) Sənə tərəf qayıtdıq və (hamının) dönüş(ü) Sənə tərəfdir».
«Ey Rəbbimiz! Bizi kafirlərin imtahan vasitəsi etmə (ki, bizə dillə, ya əməllə əziyyət versinlər, ya onları imtahana çəkmək üçün bizi müxtəlif müsibətlərə düçar etmə). Ey Rəbbimiz, bizi bağışla, çünki Sən yenilməz qüdrət və hikmət sahibisən».
5453 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
273 Səhifə