Sad. (Bu, Allahla Onun Peyğəmbəri arasında olan rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.) And olsun şərəfli və (tovhidi, peyğəmbərləri və haqq maarifini) yada salan Qur’ana (ki, sən peyğəmbərsən və sözlərin doğrudur)!
Onların böyükləri və başçıları (Qüreyş və müşriklər Peyğəmbərə qarşı yönəldilmiş toplantılarından) çıxdılar (və bir-birlərinə dedilər): «Gedin öz məbudlarınız üzərində möhkəm dayanın. Həqiqətən bu (iddia), planlaşdırılmış (Muhəmmədin istədiyi) bir şeydir (başçılıq arzusudur).
Yoxsa göylərin, yerin və bu ikisinin arasında olanların mülkiyyət və hakimiyyəti onlara məxsusdur?! (Əgər elədirsə) onda, (Peyğəmbərə kitabın nazil olmasının qarşısını almaq üçün) istənilən vasitə ilə yuxarı qalxsınlar.
Həmçinin (Saleh peyğəmbərin qövmü) Səmud, Lutun qövmü və Əykə əhli (Şüeybin qarğı sahibləri olan qövmü təkzib etdi). (Bizimlə və Bizim peyğəmbərimizlə vuruşan) həmin dəstələr onlar idi.
(Ya Peyğəmbər!) De: «Mən bunun (peyğəmbərlik və kitabın) müqabilində sizdən heç bir mükafat istəmirəm və mən yalandan özlərinə bir şey nisbət verən və yersiz iddia edən kəslərdən deyiləm.
Belə isə kim Allaha iftira yaxandan (Onun övladı və şəriki olmasına qail olandan) və həqiqət (peyğəmbərlik və sənin kitabın) ona çatanda onu təkzib edəndən daha zalımdır?! Məgər cəhənnəmdə kafirlər üçün yer yoxdur?!
Həqiqəti gətirən və onu təsdiq edən kəs, (özlərinin haqq dinlərini təsdiq edən tək-tək bütün peyğəmbərlər, bəli,) əsl təqvalılar (və məsumluq məqamında olanlar) onlardır. [Yaxud: (İslam Peyğəmbəri kimi) həqiqəti gətirən və (bu ümmətdən) onu təsdiq edən kəs, onların hamısı əsl təqvalılardır.]
(Ya Peyğəmbər!) Həqiqətən sənə və səndən əvvəlki (peyğəmbər)lərə vəhy edilib ki, əgər (Allaha) şərik qoşsan, xeyir əməllərin batil və puç olacaq (onların axirət mükafatı aradan gedəcək və onlar başqa aləmdə təzahür tapmaq qabiliyyətini itirəcəklər) və mütləq ziyana uğrayanlardan olacaqsan.
(Həmin gün) yer (üzü) öz Rəbbinin nuru (həmin gün üçün yaradılmış xüsusi nur) ilə işıqlanacaq (Məhşər əhlinin əməllərinin də dərc edildiyi böyük) kitab (Lövhi-Məhfuz bir tərəfə) qoyulacaq. Və bütün peyğəmbərlər və (əməllərin məsumlar, mələklər və təqvalılardan ibarət) şahidlər(i) gətiriləcək, onların (Məhşər əhlinin) arasında haqq əsasında hökm çıxarılacaq və onlara zülm edilməyəcək, haqları kəsilməyəcək.
Kafirlər dəstə-dəstə Cəhənnəmə tərəf sürüklənəcəklər. Nəhayət, ora çatanda onun qapıları açılacaq və gözətçiləri (məzəmmətlə) onlara deyəcəklər: «Məgər sizə özünüzdən (öz cinsinizdən) Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu günün görüşündən qorxudan peyğəmbərlər gəlməmişdi?» Onlar deyərlər: «Bəli (gəlmişdilər), lakin (biz öz küfr və inadkarlığımıza israr etdik və nəhayət Allahın) əzab vədi kafirlərə qəti oldu.»