"peyğəmbər" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "peyğəmbər" üzrə 706 ayə tapıldı.
Onlardan qabaq da Nuhun qövmü və onlardan sonra gələn tayfalar (Hudun, Salehin, Lutun və digər peyğəmbərlərin qövmləri öz peyğəmbərlərini) təkzib etdilər. Hər bir ümmət öz peyğəmbərini tutmaq (yaxud sürgün etmək, həbs etmək və yaxud öldürmək) üçün onun qəsdinə durdu. Və boş söz vasitəsi ilə mübahisə etdilər ki, bu yolla haqqı zay və batil etsinlər. Beləliklə onları yaxaladıq. Buna görə də (bax gör) Mənim cəzam necə oldu!
O Allahı ki, kamalının dərəcələri uca, yaratdıqlarının dərəcələrini yüksəldən və (göylərin üstündə yerləşib hökmranlıq məkanı və dünya işlərinin idarəçiliyi fərmanlarının verilməsi mərkəzi olan) ərşin sahibidir. O, Ruhu (Ruh mələyini) Öz əmri ilə bəndələrindən istədiyinə (peyğəmbərlərə) göndərir ki, (insanları) qovuşma günü ilə (Bərzəx ruhlarının Məhşər bədənlərinə, bütün dirilənlərin Allaha, insan, mələk, cin və şeytanların bir-birlərinə və Allah qarşısında cavabdehlik daşıyan hər bir kəsin öz əməllərinin cəzasına qovuşacağı gün ilə) qorxutsun.
Onun (həmin cəzanın) səbəbi bu idi ki, peyğəmbərləri onlara həmişə (tovhid və özlərinin peyğəmbərlikləri barəsində) aşkar dəlillər gətirir, lakin onlar küfr edirdilər. Beləliklə Allah onları əzabla yaxaladı. Həqiqətən O, qüvvətli və ağır cəza verəndir.
«Həqiqətən Yusuf bundan (Musadan) qabaq sizin üçün (tovhid və özünün peyğəmbərliyi barəsində) aydın dəlillər gətirdi. Siz həmişə onun gətirdiyi barəsində şəkk içərisində idiniz. Nəhayət elə ki, o öldü, dediniz: «Allah ondan sonra heç vaxt peyğəmbər göndərməyəcəkdir. (Həyatında onu təkzib etdiniz, ölümündən sonra qəbul etdiniz və gələcək peyğəmbərləri inkar etdiniz.) Allah israfçı və şübhə edəni beləcə azğınlıqda boşlayır.
«Şübhəsiz, məni tərəfinə çağırdığınız şeyin dünya və axirətdə bir dəvəti yoxdur (o, nə çağırılmağa layiqdir və nə də bir kəsi öz kəlamı, yaxud peyğəmbər və kitab göndərməklə çağırıb). Bizim qayıdışımız Allaha tərəfdir və israfçılar (bəndəlik həddini aşanlar) od əhlidirlər.
(Gözətçilər) deyərlər: «Məgər peyğəmbərləriniz (dünyada) sizə aydın dəlillər gətirmirdilər?» Onlar deyərlər: «Bəli!» (Gözətçilər) deyərlər: «Belə isə (Allahı özünüz) çağırın və (bilin ki,) kafirlərin çağırışları yalnız azğınlıqda olacaqdır.»
Həqiqətən Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında (müharibələrdə qələbə nəsib etməklə və xeyir işləri ilham etməklə) və (peyğəmbərlər, məsumlar və mələklərdən ibarət əməl) şahidlərin(in) ayağa qalxdıqları gündə (Qiyamətdə mükafat və cəzanın icrası istiqamətində) kömək edərik.
Bu kitabı və Bizim Öz peyğəmbərlərimizi ona görə (çatdırılmasına xatir) göndərdiyimiz şeyi (dini, hökmləri) təkzib və inkar edən həmin kəslər! Buna görə də tezliklə biləcəklər.
Şübhəsiz, səndən əvvəl (də bəşər cəmiyyətinə) peyğəmbərlər göndərdik. Onların bəzisinin hekayətini sənə danışdıq və bəzisini danışmadıq. Heç bir peyğəmbər heç vaxt Allahın izni olmadan bir ayə və möcüzə (yaxud bir əzab) gətirə bilməz (və bu ağıl baxımından da mümkün deyildir). Beləliklə (mələklərə hansısa bir millətin məhvi barəsində) Allahın əmri gələn zaman (onların arasında əməli şəkildə) haqq əsasında hökm olunar və orada batil düşünənlər, batil deyənlər və batilə meyl göstərənlər ziyana uğrayarlar.
Beləliklə peyğəmbərləri onlara aydın dəlillər gətirən zaman onlar özlərində olan (xarab əqidəyə və dünya işləri barəsindəki) elmə ürək qızdırdılar (və peyğəmbərlərin təlimlərini tərk etdilər). (Nəhayət) istehza etdikləri şey onlara yetişdi və onları bürüdü.
Özlərindən qabaqkı və sonrakı peyğəmbərlər onların yanına gələndə «Allahdan başqasına ibadət etməyin!» (dedilər). (Ayədən belə məlum olur ki, bütün peyğəmbərlər hamının peyğəmbərləridir və sanki onlara bu sözü peyğəmbərlərin hamısı deyiblər.) Onlar dedilər: «Əgər bizim Rəbbimiz (bizim iman gətirməyimizi) istəsəydi, mütləq, mələklər göndərərdi. Buna görə də biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik.»
(Hud peyğəmbərin qövmü) Ada gəldikdə isə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərdilər və dedilər: «Kim bizdən daha güclüdür?» Məgər onlar (qəlb gözü ilə) özlərini yaradan Allahın onlardan güclü olmasını görmədilər? (Əslində) onlar (batini yəqinlikləri ola-ola) Bizim nişanələrimizi inkar edirdilər.
(Saleh peyğəmbərin qövmü) Səmuda yolu göstərdik. Lakin onlar qəlbikorluğu doğru yoldan üstün tutdular. Beləliklə qazandıqları günahların cəzası olaraq onları alçaldıcı əzab ildırımı vurdu.
Sənə səndən əvvəlki peyğəmbərlərə deyilənlərdən (sehrbaz, dəli, məqampərəst və bu kimi iftiralardan) başqa bir şey deyilmir. Şübhəsiz sənin Rəbbin (iman gətirənlər üçün) bağışlanma və (itaətsizlər üçün) ağrılı əzab sahibidir.
Qüdrətli, hikmət sahibi olan Allah sənə və səndən öncə olmuşlara (peyğəmbərlərə) bu cür (bu kəlmələr və bu surə kimi) vəhy edir.
(Allah) sizin üçün (siz bəşər cəmiyyəti üçün səma) din(in)dən (ilk şəriət sahibi olan peyğəmbər) Nuha tövsiyə etdiyini, (son şəriət sahibi olan) sənə vəhy etdiyimizi və (aradakı şəriət sahibləri) İbrahim, Musa və İsaya tövsiyə etdiyimizi qanun etdi. (Bu qanundan məqsəd odur ki,) bu dini (hamılıqla və birliklə) bərqərar edəsiniz və onda parçalanmayasınız. Sənin müşrikləri tərəfinə dəvət etdiyin şey (Allah, Rəbb və dinin bir olması) onlara çətin və ağır gəlir. Allah istədiyi (və layiq bildiyi) kəsi Özünə (və bu dinə) tərəf cəlb edir və (tovhid dinini qəbul etməklə) Ona tərəf qayıdan kəsi Özünə doğru yönəldir.
Yoxsa onlar «(Muhəmməd peyğəmbərlik və Qur’anın Allah tərəfindən olması barəsində) Allaha iftira yaxmışdır» deyirlər? (Belə deyil! Çünki iş Allahın əlindədir.) Buna görə də əgər istəsəydi sənin qəlbini möhürləyərdi (və səndən ayələri bəyan etmək qüdrətini alardı). Allah (həmişə Öz ənənəvi qanunlarına əsasən) özünün (peyğəmbərlərə vəhy etdiyi) kəlmələri vasitəsi ilə batili məhv edir və haqqı gerçəkləşdirir. Həqiqətən O, ürəklərdə olanları bilir.
Və beləcə Biz səndən əvvəl hansı cəmiyyətə bir qorxudan (peyğəmbər) göndərdiksə, onların naz-nemət içində olanları dedilər: «Biz atalarımızı bir dində görmüşük və biz onların arxasınca gedirik.»
706 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
36 Səhifə