Yusif surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Yusif surəsi" üzrə 111 ayə tapıldı.
«Ey mənim iki zindan yoldaşım! Amma (yuxularınızın yozulmasına gəldikdə,) sizdən biriniz (azad olacaq və) öz ağasına şərab içirəcəkdir. O birisi isə dar ağacından asılacaq və quşlar onun başından (beynindən) yeyəcəklər. Siz iki nəfərin, yozumunu istədiyiniz işin hökmü (Allah tərəfindən) verilmişdir və onun baş verməsi qətidir».
Və (Yusuf) o iki nəfərdən, xilas olacağını bildiyi birinə dedi: «Məni öz ağanın yanında yada sal.» Lakin Şeytan ona ağasının yanında onu yada salmağı unutdurdu. Buna görə də Yusuf bir neçə il (üç il ilə doqquz il arasında) zindanda qaldı.
Və (bir gün) şah dedi: «Mən (yuxuda) yeddi arıq inəyin yediyi yeddi kök inək, həmçinin yeddi yaşıl sünbül və (yaşıl sünbüllərə sarılaraq onları qurudan) digər quru sünbüllər gördüm. Ey tayfa başçıları, əgər yuxu yozursunuzsa, mənə yuxum barədə fikir bildirin.»
Dedilər: «Qarma-qarışıq yuxulardır və biz qarma-qarışıq yuxuların yozumunu bilmirik».
Və (zindandakı) o iki nəfərdən nicat tapmış və uzun bir müddət sonra (zindanı, Yusufu və yuxu yozumunu) yada salan şəxs dedi: «Mən sizi bu yuxunun yozumundan xəbərdar edərəm. Buna görə də məni (zindana) göndərin!»
(O, zindana gələrək dedi:) «Yusuf! Ey düz və doğruçu insan! Bizə yeddi arıq inəyin yediyi yeddi kök inək və yeddi yaşıl sünbül və digər quru sünbüllər barəsində fikrini bildir. Bəlkə camaatın yanına qayıtdım, bəlkə (bu təəccüblü yuxunun yozumunu) onlar da bilsinlər.»
Dedi: «Yeddi il dalbadal, tam cidd-cəhdlə əkərsiniz. Beləliklə biçdiklərinizi, yediyiniz az bir hissə istisna olmaqla öz sünbülündə saxlayarsınız».
«Sonra bunun ardınca, yeddi çətin və qıtlıq illəri gələr ki, (onda) onlar qabaqcadan həmin illər üçün qoyduğunuzu (tədarük gördüyünüzü) yalnız (əkmək üçün toxumluğa) saxladığınız az bir hissə istisna olmaqla yeyərlər».
«Sonra bunun ardınca elə bir il gələr ki, onda camaatın dadına yetişilər və onlar yağış görərlər. Və onlar onda (süd üçün heyvanların döşlərini, şirə almaq üçün meyvələri və yağ düzəltmək üçün dənələri) sıxarlar».
Və şah dedi: «Onu mənim yanıma gətirin.» Beləliklə, onun elçisi Yusufun yanına gələndə (Yusuf) dedi: «Öz ağanın yanına qayıt və ondan soruş ki, əllərini kəsən qadınların məqsədi (və ittihamın mövzusu və mənim zindana düşməyimin səbəbi) nə idi? Əlbəttə, mənim Rəbbim onların məkr və hiyləsini biləndir!»
(Şah həmin qadınları çağırtdırdıqdan sonra) dedi: «Yusufdan kam almaq istədiyiniz zaman sizin məqsədiniz nə idi (və bu işə kim başladı)?» Dedilər: «Pakdır Allah! Biz ona qarşı heç bir pislik və günah bilmirik.» Əzizin (fitnənin əsl səbəbkarı olan) zövcəsi dedi: «İndi haqq tamamilə aydın oldu. Ondan kam almaq istəyən mən idim və həqiqətən o, doğruçulardandır».
(Yusuf sözlərinin davamında dedi:) «Bu, (qadınların çağırtdırılmaları və onlardan sorğu-sual edilməsi təklifi Misir valisi Əzizin) mənim o olmayanda ona əsla xəyanət etmədiyimi bilməsi üçündür. [Və ya: (Əzizin zövcəsi dedi:) «(Mənim) bu (etirafım Yusuf) mənim o olmayanda (sorğu-sual məclisində) ona xəyanət etmədiyimi bilməsi üçündür.] Şübhəsiz, Allah xainlərin hiyləsini məqsədə çatdırmaz!»
(Yusuf yaxud Əzizin zövcəsi dedi:) «Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir. Həqiqətən mənim Rəbbim çox bağışlayan və mehribandır».
Və şah dedi: «Onu mənim yanıma gətirin özümə yaxın adam edim.» Beləliklə, onunla danışdıqdan (və onun ağlını, elmini və mənəvi keyfiyyətlərini gördükdən) sonra dedi: «Sən bu gün(dən) bizim yanımızda yüksək məqamlı və etibarlı şəxssən!»
(Yusuf bolluq və qıtlıq illərinin gələcəyini və dövlətin yaxşı idarəçiyə möhtac olduğunu bildiyi üçün) dedi: «Məni bu ölkənin xəzinələrinə (xəzinədar) təyin et. Həqiqətən mən qoruyan və bilənəm.»
Və beləcə Yusufa o ölkədə (elə) qüdrət və imkan verdik ki, o, oranın istədiyi yerində məskunlaşırdı. Biz öz rəhmətimizi istədiyimiz şəxsə yetiririk və yaxşı iş görənlərin mükafatını əsla zay etmirik.
Və şübhəsiz, iman gətirənlər və təqvalılar üçün axirət mükafatı daha yaxşıdır.
Və (qıtlıq illərində) Yusufun qardaşları (Misrə) gəldilər və onun hüzuruna daxil oldular. O, (Yusuf) onları tanıdı. Onlar isə (yaşı, məqamı və dili dəyişdiyinə görə) onu tanımadılar.
Və elə ki, onları azuqə və səfər vasaiti ilə təchiz etdi, dedi: (Gələn dəfə) atabir o biri qardaşınızı da mənim yanıma gətirin. Məgər görmürsünüzmü mən ölçü qabını tam doldururam və qonaq qəbul edənlərin ən yaxşısıyam?»
«Odur ki, əgər onu mənim yanıma gətirməsəniz, mənim yanımda bir qab (ərzaq)ınız belə olmayacaq və mənə yaxınlaşmayın da!»
111 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
6 Səhifə