"el" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "el" üzrə 1459 ayə tapıldı.
Şübhəsiz, Allahın kitabdan (səma kitabı olan Tövrat və İncildən) nazil etdiyini (alimlərin öz mənafelərinə görə camaat üçün haram etdikləri şeylərin halal olması barəsindəki ayələri) gizlədən və beləliklə də azacıq bir qazanc əldə edən kəslər qarınlarına oddan başqa bir şey daxil etmirlər (onların gizlətdikləri və ya əldə etdikləri o qazanc axirətdə od yemək şəklində zahir olacaqdır). Həmçinin Allah Qiyamət günü onlarla danışmayacaq, onları (əməllərinin pisliyindən) paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır.
Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını,çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən-etiqad, əməl və əxlaqdan ibarətdir.)
. Ey iman gətirənlər, sizə (qəsdən) öldürülənlər barəsində qisas (hökmü) yazılmış və qərara alınmışdır: azad şəxsin müqabilində azad, qulun müqabilində qul və qadının müqabilində qadın. Beləliklə kim (hər hansı bir qatil) öz (din) qardaşı (öldürülənin qəyyumu) tərəfindən müəyyən qədər əfv olunsa (qəyyum bütün qisas haqqını, yaxud onun bir hissəsini bağışlasa və ya onu qanbahası ilə əvəz etsə), onda (əfv edən tərəf qalan hissələr barəsində, ya diyənin alınmasında) bəyənilən bir yol seçməlidir və (qatil də) diyəni ona yaxşılıqla (xoşluqla), gözəl surətdə ödəməlidir. (Yerinə yetirilməsi eyni ilə zəruri deyil seçimlə ixtiyari olan) bu (qisas hökmü), sizin Rəbbiniz tərəfindən bir yüngüllük və rəhmətdir. Odur ki, kim əfv etdikdən sonra həddini aşsa (qatili öldürsə), onun üçün ağrılı bir əzab vardır.
Sizin üçün belə yazılıb və qərara alınıb ki, birinizin ölümü çatan zaman, əgər özündən sonra bir mal qoyursa, öz ata-anası və yaxınları üçün (İslam şəriətində müəyyən edilmiş irsdən əlavə) gözəl bir tərzdə vəsiyyət etsin. (Bu hökm, vacib haqdan əlavə) pəhrizkarların öhdəsinə düşən bir haqdır.
Buna görə də, kim vəsiyyət edənin səhv etməsindən və ya günahından qorxsa (onun səhvən və ya bilərəkdən varislərin hüquqlarını pozmasını başa düşsə) və beləliklə (vəsiyyəti dəyişdirməklə) onların (varislərlə vəsiyyət olunmuş şəxslərin) arasını düzəltsə, (bu dəyişikliyə görə) onun boynuna günah düşmür. Həqiqətən, Allah çox bağışlayan və mehribandır.
Səndən yeni doğan aylar (və onun şəklinin para vəziyyətdən bütöv vəziyyətə kimi dəyişməsinin hikməti) barəsində soruşurlar. De: «Onlar, insanların (dünyəvi işlərinin) vaxtlarının və Həccin (eləcə də, dəqiq vaxta malik digər dini əməllərin vaxtının) müəyyən edilməsi üçün vasitə (təbii təqvim)dir. Həmçinin yaxşılıq evlərə (cahiliyyət dövründə olduğu kimi) onların arxa tərəfindən daxil olmağınız deyil (cahiliyyət dövründə adət belə idi və ehram geyimində olan şəxs öz evinə giriş qapısından deyil, divarın üstündən daxil olurdu) və lakin yaxşılıq (günahdan) çəkinən şəxs(in əməli)dir. Evlərə onların qapısından daxil olun və Allahdan qorxun, bəlkə nicat tapasınız.
Onları (Məkkə müşriklərini) harada ələ keçirsəniz öldürün və sizi qovub çıxardıqları yerdən (Məkkədən) qovub çıxardın. Fitnə (onların Allaha şərik qoşmaları, müsəlmanları incitmələri və Məkkədən çıxarmaları) öldürməkdən daha pisdir. Onlar sizinlə Məscidül-Həramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Beləliklə əgər sizinlə (orada) vuruşsalar, onları öldürün ki, kafirlərin cəzası elə odur.
Heç bir fitnə qalmayıncaya (şirkin kökü kəsilincəyə) və din və itaət yalnız Allaha məxsus oluncaya qədər onlarla vuruşun. Beləliklə əgər (Allaha şərik qoşmaqdan) əl çəksələr, zalımlardan başqasına qarşı həddi aşmaq rəva deyildir.
Haram ay haram ay müqabilindədir (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm ayları haram aylardır və bu aylarda müharibə etmək və vuruşmaq olmaz. Amma əgər kimsə bu ayların ehtiramını pozub müharibəyə başlasa, onunla elə həmin haram ayda vuruşmaq lazımdır). (Hərəm, Məscidül-Həram və möminin canı, namus və şərəfi kimi) bütün möhtərəmlərin (qarşılıqlı) qisası vardır. Buna görə də, kim sizə qarşı həddini aşsa (və ehtiramı pozsa), siz də onun kimi ona qarşı həddi aşın. Allahdan qorxun (ki, əvəz çıxmaqda həddi aşmayasınız) və bilin ki, Allah təqvalılarladır.
Beləliklə, Həcc əməllərinizi yerinə yetirdikdən sonra, öz atalarınızı xatırladığınız kimi və ya ondan da yaxşı və dolğun şəkildə Allahı yada salın (ərəblərin adəti belə idi ki, onlar Həcc əməllərini yerinə yetirdikdən sonra Minada öz atalarının iftixar etməli işlərindən danışmağa başlayırdılar). Beləliklə, insanların bəzisi deyər: «Ey Rəbbimiz, bizə dünyada (nemət) ver!» Onların axirətdə heç bir payı yoxdur.
Sayı müəyyən olan gün (və gecə)lərdə (Zilhiccə ayının hacıların Minada olmalı olduqları on bir, on iki və on üçüncü günlərində zikr etmək, namaz qılmaq və «cəmərə»lərə daş vurmaqla) Allahı yada salın. Beləliklə (əməlləri) iki gün içərisində (yerinə yetirdikdən sonra) köç etməyə tələsən kəsə heç bir günah yoxdur. Həmçinin (üçüncü günə qədər) gecikdirənə heç bir günah yoxdur. (Bu ixtiyar ehram halında ov ovlamaqdan və qadınla yaxınlıq etməkdən) çəkinmiş kəs üçündür. Allahdan qorxun və bilin ki, sizin hamınız (axirətdə) mütləq Onun hüzuruna toplanacaqsınız.
İnsanların eləsi var ki, onun dünya həyatındakı danışığı səni heyran edir və o, Allahı öz qəlbində olana şahid tutur, halbuki, o, düşmənlərin ən qəddarıdır.
İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin - səlləllahu əleyhi və alihi və səlləm - yatağında yatmış Əli əleyhissalam kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır.
(Şəriət sahibi olan peyğəmbərlərin göndərilmələrindən qabaq) bütün insanlar tək bir dəstə idilər (səmavi şəriətsiz öz ağıllarının tələbi əsasında yaşayırdılar. Amma yavaş-yavaş özlərinin dünya işlərində ixtilafa düçar oldular). Beləliklə Allah peyğəmbərləri (səmavi din və şəriətlə) müjdə verən və qorxudan olaraq göndərdi və onlarla birlikdə insanların arasında onların bir-birləri ilə ixtilafa düçar olduqları şey barəsində hökm çıxarmaq üçün haqq olaraq (və uca, ali və əqlani bir hədəf üçün səmavi) kitab nazil etdi. (Sonra kitabın özü barəsində ixtilaf yarandı, bir dəstə kitabın özünü və ya onda olan təlimlərin bəzilərini qəbul etmədi.) Onda ixtilafı yalnız kitab verilmiş kəslər, özü də onlara (bu barədə) aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq və təkəbbür ucbatından yaratdılar. Beləliklə, Allah iman gətirənləri Öz köməyi ilə barəsində ixtilafa düşdükləri haqqa doğru istiqamətləndirdi. Allah istədiyi şəxsi doğru yola hidayət edir.
Yoxsa siz (möminlər,) sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızı güman edirsiniz?! Onlara maddi və cismani ziyanlar dəydi, sarsıntı və narahatçılıq keçirdilər, o yerə kimi ki, Allahın elçisi və onunla birgə olan möminlər «Allahın köməyi və yardımı nə vaxt yetişəcək?» deyirdilər. (Dedik:) «Bilin, Allahın köməyi həqiqətən yaxındır».
(İslam döyüşçülərindən bir neçəsi səhvən haram ayda vuruşduqları üçün) səndən haram ayda (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarında) döyüşmək barəsində soruşurlar, de: «Onda hər növ döyüş böyükdür (böyük günahdır), lakin Allah yolunun (insanların İslamı qəbul etmələrinin) qarşısının alınmasının bütün növləri, Ona kafir olmaq, (camaata) Məscidül-Həram(a girməyə mane olmaq) və onun əhalisini oradan çıxarmaq (kafirlərin etdikləri bu işlərin günahı) Allah yanında (haram ayda vuruşmaqdan) daha böyükdür. Və fitnə (Allaha şərik qoşmaq və müsəlmanları incitmək) öldürməkdən daha böyükdür! (Müşriklər) daim sizinlə vuruşacaqlar ki, əgər bacarsalar sizi dininizdən döndərsinlər. Sizdən kim öz dinindən dönsə və küfr halında ölsə, belə şəxslərin (yaxşı) əməlləri dünyada və axirətdə puça çıxacaqdır (bu dünyada camaatın onların qoyub getdikləri yaxşı nişanələrə görə onları xoşluqla xatırlamaları, barələrində dua etmələri və onlar üçün rəhmət diləmələri əks nəticələnəcəkdir). Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin. Əlbəttə ki, möminə bir kəniz azad və müşrik bir qadından - hətta o(nun camalı və malı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Həmçinin müşrik kişilərə iman gətirməyincə arvad verməyin. Əlbəttə ki, mömin bir qul azad və müşrik bir kişidən - hətta o(nun malı və məqamı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Onlar (müşrik kişi və arvad ər-arvadlılıq müddəti boyunca küfr və mənəvi pozğunluq baxımından öz həyat yoldaşlarına təsir edir və nəticədə onları) oda tərəf dəvət edirlər. Allah Öz yardımı ilə Cənnətə və bağışlanmağa doğru dəvət edir və Öz ayələrini insanlara açıqlayır ki, bəlkə (düşünüb) anladılar.
Səndən aybaşı barəsində soruşurlar, de: «O bir növ əziyyət və narahatçılıqdır». Odur ki, aybaşı zamanı qadınlar(la cinsi əlaqədə olmaq)dan uzaq olun və pak olmayınca, onlara yaxınlaşmayın. Elə ki, (aybaşıdan) pak oldular (ya qüsl verdilər) onlarla Allahın sizə əmr etdiyi yerdən yaxınlıq edin. Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları sevir.
Öz arvadlarından (onları incitmək məqsədilə) uzaqlaşmağa (onlarla dörd aydan da çox cinsi yaxınlıq etməməyə) and içən şəxslərə dörd ay möhlət vardır. Beləliklə əgər qayıtsalar (və kəffarə versələr və yaxınlıq etsələr) həqiqətən, Allah çox bağışlayan və mehribandır. (Həm bu andın haram iş üçün olmasına və həm də and içilən şeyin özünün haram olmasına baxmayaraq o, şəriət baxımından and kimi gerçəkləşir və onu pozmaq və kəffarə vermək vacibdir).
(Kişinin arvadı yenidən özünə qaytarmaq haqqına malik olduğu ric’i) talaq iki dəfədir. Beləliklə (hər dəfə iddə müddətində qayıdaraq onu) yaxşılıqla saxlamaq və ya (qayıtmayıb onu) xoşluqla buraxmaq (kişinin öhdəsinədir). Və sizə onlara (mehriyyə kimi) verdiyinizdən bir şeyi geri almaq caiz deyil, hər ikisinin Allahın müəyyən etdiyi qanunlara riayət etməməkdən qorxmaları istisna olmaqla. Buna görə də əgər (siz şəriət hakimləri) o ikisinin Allahın hökmlərini yerinə yetirməyəcəklərindən qorxsanız (onların heç birinin digərini istəmədiyi və ya qadının kişini heç istəmədiyi təqdirdə onlara bildirin ki,) qadının (özünü azad etməsi üçün talaq əvəzində mehriyyənin bir hissəsini, ya hamısını, yaxud da ondan da çoxunu) fidyə verməsində onlar üçün heç bir günah yoxdur. Bunlar Allahın (təyin etdiyi) sərhədləridir, onları pozmayın. Allahın sərhədlərini pozanlar, həqiqətən zalımdırlar.
1459 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
73 Səhifə