"el" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "el" üzrə 1459 ayə tapıldı.
Beləliklə əgər kişi ona (üçüncü dəfə) talaq versə (onu boşasa), daha o qadın başqa bir ərə getməyincə, ona (əvvəlki ərinə) halal olmayacaqdır. Əgər (ikinci əri) ona təlaq versə, qadına və əvvəlki ərinə Allahın hökmlərini bərqərar etmələrinə ümidvar olduqları təqdirdə (yenidən) bir-birlərinə qayıtmaları günah deyildir. Bunlar Allahın bilən (və əməl edən) dəstə üçün bəyan etdiyi hökmləridir.
Qadınlara talaq verdiyiniz və onlar iddələrinin sonuna yaxınlaşan zaman, (ya yenidən qayıdın və) onları yaxşılıq və xoşluqla saxlayın, ya da (qayıtmayaraq) onları yaxşılıq və xoşluqla buraxın. Onları əsla incitmək və ziyan vurmaq üçün saxlamayın ki, zülm etmiş olasınız. Belə edən kəs şübhəsiz özünə zülm etmişdir. Allahın ayələrini məsxərə etməyin və Allahın sizə olan (hədsiz) nemətini və kitab və hikmətdən (şəriət hökmləri və əqli maarifdən) nazil edərək vasitəsi ilə sizə nəsihət verdiyi şeyi xatırlayın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir.
Analar öz övladlarına iki il tamam süd verməlidirlər. Bu (göstəriş), (körpənin) süd əmmə müddətini kamil etmək istəyən kəs üçündür. Onların ruzi və geyimi(ni) orta həddə (təmin etmək) körpənin sahibinin (atasının) öhdəsinədir. Heç kəsin boynuna qüdrətindən artıq vəzifə qoyulmur. Nə ana övladına görə ziyana düşməlidir və nə də körpənin sahibi körpəsinə görə (nə ana havayı süd verməyə məcbur edilməlidir, nə də ata artıq pul ödəməlidir). Ata-ana (öz aralarındakı ixtilafa görə) öz övladlarına zərər və ziyan vurmamalıdırlar. Belə bir vəzifə həm də (atanın) varisin(in) öhdəsinədir (ki, əgər ata ölsə və miras həmin körpəyə qalsa, yuxarıda deyilən şərtlərlə ananın dolanışığı həmin maldan ödənilməlidir). İndi əgər ata və ana aralarındakı razılıq və məsləhətləşmə əsasında (körpəni nəzərdə tutulan zamandan qabaq) süddən ayırmaq istəsələr, onlara günah yoxdur. Və əgər övladlarınıza süd vermək üçün dayə (tutmaq) istəsəniz, verməli olduğunuz şeyi yaxşılıqla və gözəl bir şəkildə ödəyəcəyiniz təqdirdə sizə bir günah yoxdur. Allahdan qorxun və bilin ki, Allah etdiklərinizi görəndir.
(Vəfat iddəsində olan) qadınlara elçilik barəsində üstüörtülü bir şey deməyinizdə, yaxud (bunu) ürəyinizdə gizlətməyinizdə sizə bir günah yoxdur. Allah sizin tezliklə onları (fitri hisslər əsasında) yada salacağınızı bilir. Lakin onlarla evlənmək barəsində gizlində sövdələşməyin, yalnız bəyənilən (və üstüörtülü və rəmzi) sözlər deyin. Müəyyən olunmuş müddət (iddə) sona çatmayınca əsla nikah bağlamaq qərarına gəlməyin. Bilin ki, Allah ürəyinizdə olanları bilir. Buna görə də Ondan (Onun qəzəbindən) çəkinin və bilin ki, Allah çox bağışlayan və həlimdir.
Beləliklə əgər (düşməndən və ya başqa bir təhlükədən) qorxsanız, piyada, ya minikdə («xof» ya «mütaridə» namazı qılın). Asayiş tapdıqda isə (adi namazlarda və namazdan başqa yerlərdə) Allahı sizə bilmədiyiniz şeyləri öyrətdiyi kimi yada salın.
Musa(nın vəfatın)dan sonra Bəni-İsrail böyüklərindən (əyan-əşraflarından) öz peyğəmbərlərindən birinə (Şəmuilə) «Allah yolunda döyüşməyimiz üçün bizə bir hökmdar göndər» deyən dəstəyə (onların halına qəlb gözü ilə) baxmadınmı? (Peyğəmbərləri onlara) dedi: «Heç sizə döyüş yazılacağı təqdirdə vuruşmayacağınız (və itaətsizlik edəcəyiniz) ehtimalını vermirsiniz?» Dedilər: «Bizə nə olub ki, öz ev-eşiyimizdən və övladlarımızın yanından çıxarıldığımız halda Allah yolunda vuruşmayaq?» Beləliklə onlara döyüş yazılan zaman, onların az bir qismi istisna olmaqla (hamısı) arxa çevirdilər. Allah zalımları tanıyandır.
Peyğəmbərləri onlara dedi: «Həqiqətən, Allah Talutu sizə hökmdar göndərdi.» Dedilər: «Hökmdarlığa biz ondan daha layiq olduğumuz və ona çoxlu var-dövlət verilmədiyi halda o bizə necə hökmranlıq edə bilər?!» (Peyğəmbərləri) dedi: «Şübhəsiz, Allah onu sizin üzəriniz(d)ə (hökmranlıq etmək üçün) seçib və ona artıq elm və cismani güc verib. Allah Öz hökmdarlıq və şahlığını istədiyi şəxsə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir.»
Beləliklə Talut (Əmaliqə ilə döyüşmək üçün) qoşunla birgə (öz qərargahlarından) ayrılarkən dedi: «Həqiqətən, Allah sizi bir çay ilə imtahan edəcəkdir. Odur ki, kim ondan (doyunca) içsə, məndən deyil və kim ondan içməsə məndəndir, əlinə bir ovuc su götürən istisna olmaqla (ki, o da məndəndir). Beləliklə, onların az bir hissəsi istisna olmaqla hamısı ondan içdilər. Talut və onunla birgə iman gətirənlər çaydan keçdikdən sonra (onlardan bəziləri) dedilər: «Bizim bu gün Calut və onun qoşunu ilə qarşılaşmağa taqətimiz yoxdur». Allaha qovuşacaqlarına inananlar (axirətə imanları olanlar isə) dedilər: «O qədər az (saylı) dəstə Allahın köməyi ilə çox (saylı) dəstəyə qalib gəlib ki! Allah səbirlilərlədir».
Beləliklə Allahın köməyi ilə onları məğlub etdilər və (Talutun əsgərlərindən olan) Davud Calutu öldürdü. Allah ona səltənət, hökmdarlıq və hikmət (şəriət elmləri və əqli maarif) verdi və (Zəbur kitabı, gerçəklik əsasında hökm çıxarmaq, quşların dilləri və dəmirdən zireh toxumaq kimi) istədiyi şeylərdən ona öyrətdi. Əgər Allah insanların bəzisini digər bəzilərinin vasitəsi ilə dəf etməsəydi, yer üzünü mütləq fitnə-fəsad bürüyərdi. Lakin Allah bütün aləmdəkilərə qarşı lütf və mərhəmət sahibidir.
Bu peyğəmbərlərdən (adları çəkilən) bəzilərini bəzilərindən üstün etdik. Onlardan eləsi var ki, Allah onunla danışıb (Musa kimi) və bəzilərini bir neçə dərəcə ucaldıb (ulul-əzm peyğəmbərlər kimi). Və Məryəm oğlu İsaya aydın dəlillər (aşkar möcüzələr) əta etdik və onu «Ruhul-Qudus» ilə qüvvətləndirdik. Əgər Allah qəti şəkildə istəsəydi, onlardan sonra (tarix boyu) gələnlər (onların ümmətləri) onlara gəlmiş (bütün bu) aydın dəlillərdən sonra bir-birləri ilə vuruşmazdılar. Lakin ixtilafa düşdülər. Beləliklə onların bəzisi iman gətirdi və bəzisi kafir oldu (və yer üzündə müharibələr törətdilər). Şübhəsiz, əgər Allah istəsəydi, onlar bir-birləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini (bəndələri əqidə və əməllərində ixtiyar sahibi) edir.
Tək olan Allahdır ki, Ondan başqa bir məbud yoxdur! (Öz zatı ilə var olan) diri və (varlıq aləmini) bərqərar saxlayan qadir və əbədidir. Onu əsla nə mürgi tutar, nə də yuxu! (Yaradılış, qorumaq, idarə etmək və yox etmək Onun istəyindən asılı olduğu üçün) göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Ona məxsusdur. İzni olmadan Onun hüzurunda kim vasitəçilik və şəfaət (bu dünyada səbəblərlə nəticələr arasında qeyri-ixtiyari vasitəçilik, o dünyada isə əməllərin cəzasının ləğvi və savabların artırılması üçün olan ixtiyari şəfaət) edə bilər?! İnsanların qarşısında olanı da, arxalarında olanı da (dünyanın keçmiş və gələcək hadisələrini) bilir və onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şeyi bilə bilməzlər. Onun (səltənət və rübubiyyət) kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları (göyləri və yeri) qoruyub saxlamaq Onun üçün çətin və yorucu deyildir. O, çox uca və böyükdür.
Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları (hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
Allahın verdiyi hökmdarlıq üzündən öyünərək İbrahimlə Rəbbi barəsində höcətləşən kəsi (Nəmrudu, qəlb gözü ilə) görmədinmi? İbrahim «mənim Rəbbim dirildən və öldürəndir» deyən zaman o dedi: «Mən (də) dirildirəm və öldürürəm (iki məhkumdan birini azad edir, digərini isə öldürürəm)». İbrahim dedi: «Həqiqətən (mənim) Allah(ım) günəşi şərqdən çıxarır, sən onu qərbdən çıxar!» Belə olan halda kafir olmuş kəs, mat-məəttəl qaldı. Allah zalım qövmü əsla hidayət etmir.
Yaxud (evlərinin damı çökmüş və) divarları damlarının üzərinə uçmuş (və sakinlərinin cəsədləri çürüyüb dağılmış) kənddən keçən (kəs) kimisini (görmüsənmi)? (O, təəccüblə öz-özünə) dedi: «Allah bunları ölümlərindən sonra necə dirildəcək?!» Buna görə də Allah onu yüz il öldürdü, sonra diriltdi (və) dedi: «(Burada) nə qədər qalmısan?» Dedi: «Bir gün, ya günün bir hissəsini (qalmışam)». Dedi: «Xeyr, yüz il qalmısan; yemək-içməyinə bax ki, heç dəyişməyib və uzunqulağına bax (gör necə çürüyüb dağılıb). Biz (bunu sənin istəyini yerinə yetirmək və) səni insanlara (Öz tovhid və qüdrətimizin) nişanə(si) etmək üçün (etdik). Bax (gör uzunqulağının) sümükləri(ni) necə götürür (və onları bir-birinə birləşdirir), sonra onların üstünə ət örtürük! Beləliklə (dirilməyin necəliyi) ona aydın olduqda, dedi: «İndi bilirəm ki, Allah hər şeyə qadirdir (və indi bunu öz gözlərimlə görüb yəqinlik əldə etdim).
(Yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, ölüləri necə diriltməyini mənə göstər». Dedi: «Məgər (Mənim qüdrətimə və ya axirət gününə) imanın yoxdur?» Dedi: «Əksinə (imanım var)! Lakin qəlbimin (gözlə görərək) rahatlıq tapması üçün (istədim)». Dedi: «Belə isə, dörd (növ) quş götür, (cismlərində olan əlamətləri dəqiq görə bilməyin üçün) onları özünə yaxınlaşdır və (onları) tikə-tikə doğra(yıb bir-birinə qat). Sonra (bu ətrafdakı) hər dağın başına onlardan bir parça qoy. Daha sonra onları çağır, sürətlə sənin yanına gələcəklər. Bil ki, Allah yenilməz qüdrət və hikmət sahibidir».
(Sədəqələr) Allah yolunda (cihad, mallarının qarət olunması, uzunmüddətli xəstəlik və ya elm öyrənmək kimi məsələlərə) düçar olub (yaşayışlarını təmin etmək üçün) yer üzündə heç cür səfər edə bilməyən yoxsullar üçündür. Nadan onları çox iffətli (həyalı) olduqları üçün imkanlı hesab edər. Onları üzlərindən tanıyarsan, insanlardan israrla bir şey istəməzlər. Allah şübhəsiz ki, maldan xərclədiyiniz hər bir şeyi biləndir.
Və əgər belə etməsəniz (və sələmçiliyi davam etdirsəniz), onda Allah və Onun peyğəmbəri tərəfindən olan müharibəyə yəqin edin (yəqin bilin ki, belə bir müharibə sizə üz tutacaqdır, haqq hökümət və ya partlayış həddinə çatmış cəmiyyət onu sizdən geri alacaqdır). Tövbə etsəniz isə, sərmayələriniz özünüzündür (aldığınız faizi geri qaytarın ki, belə olan surətdə) nə zülm edərsiniz, nə də zülmə məruz qalarsınız.
Ey iman gətirənlər, (borc almaq və ya alver etməklə) müəyyən müddətə qədər bir-birinizə borclu olduqda, onu yazın. (Borc sənədini) sizin aranızda bir katib ədalətlə yazmalıdır. Katib onu Allahın ona öyrətdiyi kimi yazmaqdan əsla imtina etməməlidir. O yazmalı və boynunda haqq olan şəxs (borclu) imla etməli, Rəbbi olan Allahdan qorxmalı və haqqdan heç nəyi azaltmamalıdır. Əgər boynunda haqq olan şəxs səfeh ya (yaş baxımından) zəif olsa, ya (dilində olan qüsur səbəbindən) imla etməyə qadir olmasa, onun qəyyumu ədalətlə imla etsin. Və kişilərinizdən (müsəlman kişilərdən) iki nəfəri şahid tutun. Əgər iki kişi olmasa, şahidlər içərisindən (dinlərindən) razı olduğunuz bir kişi və iki qadını şahid tutun ki, əgər o iki qadından biri unutsa, o biri onun yadına salsın. Şahidlər (şahid durmaq və ya şəhadət vermək üçün) dəvət olunduqda, boyun qaçırmamalıdırlar. Az və ya çox olmasından asılı olmayaraq müəyyən bir müddətə qədər möhləti olan borcu yazmaqdan usanmayın. Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha möhkəm və şəkkə düşməməyinizə (çəkişməyə düçar olmamağınıza) daha yaxındır. Aranızda nəqd yolla dövr etdirdiyiniz alış-veriş istisnadır ki, onu yazmamağınız sizə günah deyildir. Və həmişə alış-veriş edən zaman şahid tutun (belə etsəniz daha yaxşı olar). Katib (yazan) və şahid (azaldıb-çoxaltmaqla haqq sahibinə) zərər vurmamalıdırlar və katibə və şahidə (haqlarını verməməklə) zərər dəyməməlidir. Əgər belə etsəniz (deyilənlərin əksini etsəniz və tərəflərdən hər hansı birinə ziyan dəysə), bu sizin üçün (Allaha qarşı) itaətsizlik və günahdır. Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir.
Göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Allahın həqiqi mülküdür. Qəlbinizdə olanı (qeyri-ixtiyari fikir və adətlər deyil, pis əqidələr və yaramaz adətləri) aşkar etsəniz də gizlətsəniz də Allah sizinlə onun hesabını aparacaqdır. Beləliklə, (rəhmətinin tələbi əsasında) istədiyini bağışlayacaq, (ədalətinə əsasən) istədiyinə əzab verəcəkdir. Allah hər şeyə qadirdir.
Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi və möminlər hamılıqla Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə (peyğəmbərlərə) iman gətirdilər (və dedilər): «Onun elçilərinin heç biri arasında fərq qoymuruq». Həmçinin dedilər: «Eşitdik və itaət etdik; ey Rəbbimiz, Sənin bağışlamanı diləyirik; (hamının) qayıdış(ı) Sənə tərəfdir»!
1459 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
73 Səhifə