Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Beləliklə qəlblərində xəstəlik (nifaq və ikiüzlülük xəstəliyi) olan kəslərin onlar(la dostluğ)a tələsmələrini, «bizə pis bir hadisənin üz verməsindən (İslam dövlətinin süquta uğramasından və onların bizə hakim olmalarından) qorxuruq» demələrini görürsən. Ümid var ki, Allah (müsəlmanlar üçün) bir qələbə, yaxud Öz tərəfindən bir iş qarşıya çıxarsın (kafirləri başqa yolla həlak etsin) və onlar qəlblərində gizlətdikləri şeyə görə peşman olsunlar.
İman gətirənlər (münafiqlərin nifaqı üzə çıxan zaman bir-birlərinə) deyərlər: «Sizinlə birlikdə olmalarına dair Allaha möhkəm and içənlər bunlar idilər?!» (Doğrudan da) onların (münafiqlərin) əməlləri batil və puç oldu və onlar ziyana uğradılar.
Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət) Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir.
Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli əleyhis-salam və onun rüku halında üzük bağışlamasıdır).
Kim Allahı, Onun peyğəmbərini və iman gətirənləri (öz) sahib və başçı(sı) kimi qəbul etsə (Allahın firqəsindəndir və) şübhəsiz, Allah firqəsi qalibdir.
Ey iman gətirənlər, sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən və (digər) kafirlərdən sizin dininizi lağa qoyan və ələ salanları özünüzə dost və köməkçi tutmayın və əgər möminsinizsə Allahdan qorxun.
(İnsanları azan vasitəsilə) namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ələ salarlar. Bu ona görədir ki, onlar düşünməyən bir tayfadırlar.
De: «Ey kitab əhli, məgər bizdən yalnız Allaha, (Onun tərəfindən) bizə nazil olana və bizdən öncə (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirməyimizi, sizin çoxunuzun isə itaətsiz olmağınızı eyb tut(m)ursunuz?!» (Bu ayə bu sözə oxşayır ki: «Mənə mənim yalnız varlı, sənin isə yoxsul olmağını, yaxud mənim alim, sənin isə nadan olmağını eyb tutursan.»)
De: «Sizə Allah yanında cəzaları (sizin irad tutduğunuz bu möminlərinkindən) daha pis olan kəslərdən xəbər verimmi? Onlar (sizin keçənlərinizdən) Allahın lənət etdiyi, qəzəbləndiyi,bəzisini meymunlar və donuzlar surətinə saldığı və Tağuta pərəstiş etmiş kəslərdir. Onlardır yerləri daha pis olan və düz yoldan daha çox azanlar!»
Onlar sizin yanınıza gələndə «iman gətirdik» deyərlər, halbuki, şübhəsiz (sizin hüzurunuza) küfr əqidəsi ilə gəlib və (elə) həmin əqidə ilə də xaric olublar! Allah onların həmişə gizlətdiklərini daha yaxşı bilir.
Onların çoxunun günah etmək, (başqalarının hüququna) təcavüzkarlıq və haram yeməkdə tələsdiklərini görürsən. Onların həmişə etdikləri çox pisdir!
Nə üçün (yəhudi və xaçpərəstlərin) ilahi alimlər(i) və dini bilik sahibləri onları günah danışıqdan və haram yeməkdən çəkindirmirlər?! Onların həmişə etdikləri çox pisdir!
Yəhudilər dedilər: «Allahın əli bağlıdır (həm şəriət mərhələsində və həm də insanlara əta və bəxşiş etməkdə! Və elə buna görə də dinin istər Tövratda, istərsə də başqasında olan hökmləri nəsx oluna bilməz. Həmçinin əta və bəxşişdə də ona görə ki, möminlərin hamısı yoxsuldurlar və Allah insanlardan borc istəyir).» Öz əlləri bağlansın və dedikləri sözün cəzası olaraq Allahın rəhmətindən uzaq düşsünlər! Əksinə, Onun hər iki (qüdrət) əli daim açıqdır və Onun kamil qüdrəti həmişə qalmaqdadır (hökm və şəriətləri nəsx edir, dost və düşmənlərə dünyada və axirətdə) istədiyi kimi əta və bəxşiş edir. Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların bir çoxunun azğınlıq və küfrünü artıracaqdır. Biz onların (yəhudilər, xristianlar və onların firqələri) arasında Qiyamət gününə qədər düşmənçilik və kin salmışıq. Nə vaxt (müsəlmanlarla) bir müharibə alovu yandırıblarsa, Allah onu söndürüb. Onlar yer üzündə fəsad yolunu gedirlər. Allah fəsad törədənləri sevmir.
Əgər kitab əhli (İslama) iman gətirsəydi və təqvalı olsaydılar, şübhəsiz, onların günahlarını təmizləyər və onları neməti bol olan Cənnətlərə daxil edərdik.
Əgər onlar (əsl) Tövrata və İncilə və onlara nazil olana əməl etsəydilər, şübhəsiz (həm) başlarının üstündən və (həm də) ayaqlarının altından ruzi yeyərdilər (göyün və yerin bərəkətlərindən faydalanardılar). Onlardan mötədil və düz olan bir dəstə var. Çoxlarının gördüyü işlər pisdir.
Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz.
De: «Ey kitab əhli, siz (həqiqi) Tövrat və İncili və Rəbbiniz tərəfindən sizə nazil olanı (əməli surətdə) bərqərar etməyincə bir şeydə (doğru dində) deyilsiniz.» Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların çoxunun azğınlıq və küfrünü artıracaqdır. Buna görə də kafir dəstə üçün qəm yemə.
Həqiqətən, (İslama) iman gətirənlər, yəhudilər, Sabiilər (Nuhun, yaxud Yəhyanın ardıcılları) və xaçpərəstlərdən (bu dəstələrin öz peyğəmbərinin əsrində) Allaha və axirət gününə iman gətirib yaxşı işlər görən kəslər üçün (Qiyamət günü) bir qorxu yoxdur və onlar qəmgin olmazlar.
Həqiqətən, Biz İsrail övladlarından (tovhid və peyğəmbərlərə iman barəsində) əhd-peyman aldıq və onlara peyğəmbərlər göndərdik. Nə vaxt (hansısa) bir peyğəmbər onlara ürəkləri istəməyən bir şey gətirirdisə, (həmin peyğəmbərlərin) bir qismini təkzib edir, bir qismini öldürürdülər.
Onlar (onlar üçün) imtahan və əzab olmayacağını güman etdilər. Beləliklə kor və kar oldular. Həmin vaxt Allah onlara nəzər saldı və tövbələrini qəbul etdi. Yenə onların çoxu kor və kar oldular. Allah onların etdiklərini görəndir.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə