Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Şübhəsiz, «Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq mümkün varlığa çevrilib və ya vücudu vacib olan varlıq mümkün varlığa daxil olub)» deyən kəslər kafir oldular. Halbuki Məsihin özü «ey İsrail övladları, (həm) mənim Rəbbim və (həm də) sizin Rəbbiniz olan Allaha ibadət edin. Şübhəsiz, Allah Ona şərik qoşana Cənnəti haram edər və onun qalacağı yer oddur. Zalımlara əsla kömək edən yoxdur» demişdi.
Şübhəsiz, «Allah üç ilahi ünsürdən (ata, oğul və Ruhul-Qudusdan) biridir» deyənlər kafir oldular, halbuki tək olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər dediklərindən çəkinməsələr, şübhəsiz onlardan (bu etiqadla) kafir olanlara ağrılı bir əzab yetişəcəkdir.
Bəs nə üçün onlar, Allah çox bağışlayan və mehriban olduğu halda, Allaha tərəf qayıtmır və Ondan bağışlanmaq diləmirlər?.
Məryəm oğlu Məsih yalnız bir peyğəmbərdir ki, ondan əvvəl də peyğəmbərlər keç(ib-get)mişlər. Onun anası çox doğruçu və əməli düz bir qadın olub. Onların hər ikisi yemək yeyirdilər (dünyaya gəlməsi, peyğəmbərliyi və yemək yeməsi, bunların hər üçü İncildə var. Deməli onlar Allah olmayıblar). Gör Biz ayə və (Öz tovhidimizin və İsanın bəndə olmasının) nişanələri(ni) necə bəyan edirik, sonra (da) gör onlar necə və hara qaytarılırlar?!
De: «Allahı qoyub (müstəqil surətdə) sizə heç bir ziyan və xeyir vermək imkan və qüdrəti olmayan şeyə ibadət edirsiniz?! Allah eşidən və biləndir!
De: «Ey kitab əhli, öz dininizdə haqsız yerə ifrata varmayın (bəşər övladını Allah və ya Allahın oğlu, yaxud üç Allahdan biri hesab etməyin) və həmçinin bundan qabaq (fitrətin düz yolundan) azmış, çoxlarını azdırmış və doğru yoldan (peyğəmbərlərin şəriətlərindən) sapmış dəstənin nəfsi istəklərinə tabe olmayın».
İsrail övladlarından kafir olanlar Davudun və Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların itaətsizlik etmələri və həmişə (Allahın təyin etdiyi) həddi aşmalarına görə idi.
Onlar etdikləri heç bir çirkin işdən əl çəkmir (və bir-birlərini çəkindirmir)dilər. Doğrudan da onların gördükləri iş çox pis idi.
Onların çoxunu kafirlərlə (müşriklərlə) dostluq edən görürsən. Doğrudan da nəfsi istəklərinin onlar üçün qarşıya çıxardığı şey pisdir ki, Allah onlara qəzəb etmiş və onlar ilahi əzabda həmişəlikdirlər.
Əgər onların Allaha və Peyğəmbərə və ona nazil olana imanları olsaydı, onları (müşrikləri) dost tutmazdılar. Lakin onların çoxu itaətsizdirlər.
Şübhəsiz, insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən. Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar.
Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən. Onlar deyərlər: «Ey Rəbbimiz, iman gətirdik, odur ki, bizi (daim Sənin hüzurunda) şahid olanlardan (və axirət aləminin şahidlərindən) et»!
«Rəbbimizin bizi salehlərin dəstəsinə daxil və onlarla birgə etməsinə göz tikdiyimiz halda bizə nə olub ki, Allaha və haqdan bizə gələnə iman gətirməyək?»
Beləliklə, Allah bu sözlərinin müqabilində onları (ev və ağaclarının) altından çaylar axan Cənnətlərlə mükafatlandırdı ki, orada əbədi qalacaqlar. Budur yaxşı işlər görənlərin mükafatı.
Kafir olub ayələrimizi və nişanələrimizi inkar və təkzib edən kəslər isə Cəhənnəmin yoldaşlarıdır.
Ey iman gətirənlər, Allahın sizə halal etdiyi pak şeyləri (haram edilməmiş müxtəlif yaşayış vasitələrini) özünüzə haram etməyin və həddi aşmayın (halalın hədlərini aşaraq harama da keçməyin) ki, həqiqətən Allah həddi aşanları sevmir.
Və Allahın ruzi olaraq sizə verdiklərinin halal və pak olanlarından yeyin (və şəriətin haram buyurduqlarından və zatən murdar olan şeylərdən çəkinin) və iman gətirdiyiniz Allahdan qorxun.
Allah sizi bihudə və niyyətində olmadığınız andlar(ı pozmağınız)a görə cəzalandırmaz, lakin sizi ciddi iradə ilə içdiyiniz andlar(ı pozmağınız)a görə cəzalandırar. Buna görə də onu (pozmağı)n kəffarəsi öz ailənizə yedirtdiyiniz orta hesabla on fəqirə yemək vermək, yaxud onları geyindirmək və ya bir qul azad etməkdir. Beləliklə, əgər kimsə (bunları) tapmasa (onun kəffarəsi) üç gün oruc tutmaqdır. Budur and içdiyiniz (və onu pozduğunuz) zaman sizin andlarınızın kəffarəsi! Gərək öz andlarınızı qoruyasınız (və pozmayasınız). Allah Öz ayələrini sizin üçün bu cür açıqlayır (ki), bəlkə şükr edəsiniz.
Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və Şeytanın ixtiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız.
Həqiqətən Şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi?
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə