"ya" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "ya" üzrə 3735 ayə tapıldı.
O zaman sənin Rəbbin Adəm övladlarından – onların bellərindən övladlarını çıxartdı (tarix boyu tədricən onları bir-birinin belindən dünyaya gətirdi) və onları (ağıllarının dərk etməsi və peyğəmbərlərin təbliği vasitəsilə) özlərinə şahid tutdu ki: «Mən sizin Rəbbiniz deyiləmmi?» (Ağıl nemətindən və peyğəmbərlərin dəvətindən məhrum olanlardan başqa) onların hamısı: «Bəli, (Rəbbimiz olmağına) şəhadət verdik» dedilər. (Allah belə etdi ki,) məbada Qiyamət günü «biz bundan (tovhid və rübubiyyətdən) qafil idik» deyəsiniz.
Yaxud «həqiqətən atalarımız bizdən əvvəl (Allaha) şərik qoşdular və biz onlardan sonra olan övladlar (və təbii ki, onlara tabe) idik, məgər bizi batilə yönələnlərin etdiklərinə görə həlakmı edəcəksən?!».
Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin (Musanın zamanında yaşamış alim Bəl’əm Bauranın) hekayətini oxu.
Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq. Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq azad qoyduq və o) alçaqlığa meyl edərək yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu. Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər.
Allah kimi hidayət etsə, o əsl hidayət olunmuşdur və kimi öz azğınlığında boşlasa, həqiqətən ziyana uğrayanlar onlardır!
Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər.
(Mənalarının gözəlliyi və məfhumlarının ucalığı baxımından) ən gözəl adlar Allaha məxsusdur. Buna görə də Onu həmin adlarla çağırın və Onun adları barəsində doğru yoldan çıxanları (o adları bütlərə qoyanları, yaxud Allaha layiq olmayan şəkildə təfsir edənləri) boşlayın. Onlar tezliklə əməlləri ilə cəzalandırılacaqlar (danışıqlarının və əməllərinin əyani təzahürü onların cəzaları olacaqdır).
Yaratdıqlarımız içərisində (insanları) haqq (danışıq və əməl) ilə hidayət edən və haqqa əsaslanaraq hökm çıxarıb ədalətli olan bir dəstə vardır. (Bu surənin 159-cu ayəsinə müraciət edin.)
Bizim ayələrimizi təkzib edənləri tezliklə tədricən bilmədikləri yerdən (dünya həlakəti və axirət əzabı ilə) yaxalayacağıq.
Məgər fikirləş(ib gör)mədilərmi ki, onların yoldaş və yurddaşlarında (Muhəmməddə - səllallahu əleyhi və alihi və səlləm) heç bir dəlilik yoxdur? O yalnız aşkar bir qorxudandır.
Məgər göylərin və yerin böyük mülkünə (Allahın onların hakim və sahibi olmasına və onların da Allahın hökmü altında və Onun mülki olmağı qəbul etmələrinə) və Allahın yaratdığı əşyalara, eləcə də ömürlərinin sonunun yaxınlaşmış ola bilməsinə baxmayıblar? (Və əgər bu kitabın dəvətinə iman gətirməsələr) bəs bundan (bu Qur’andan) sonra hansı sözə iman gətirəcəklər?
Səndən Qiyamət barəsində - onun nə vaxt baş verəcəyini soruşurlar? De: «Həqiqətən onun elmi yalnız Rəbbimin yanındadır. Onu vaxtı (çata)nda yalnız O zahir edəcəkdir. (Bu hadisə) göylərdə və yerdə (onların sakinləri üçün) ağırdır. O, sizə yalnız qəfildən gələcəkdir. Səndən, sanki sən ondan tam xəbərdarsanmış kimi soruşurlar! De: «Həqiqətən, onun elmi yalnız Allahın yanındadır, lakin insanların çoxu bilmirlər».
De: «Mən özüm üçün Allahın istədiyindən başqa heç bir xeyir və ziyana malik deyiləm. (Qeyb elmim də yoxdur) və əgər qeybi bilsəydim, özüm üçün mütləq hər bir mal və xeyirdən çoxlu tədarük görərdim və mənə heç bir zərər-ziyan dəyməzdi. Mən iman gətirən dəstə üçün yalnız bir qorxudan və müjdə verənəm».
Sizin hər birinizi bir candan (atanızdan) yaradan və yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən Odur. Beləliklə elə ki, zövcəsi ilə yaxınlıq etdi, o, yüngül bir yüklə yükləndi və bir müddəti (hamiləlik dövrünün əvvəlini) o yüklə keçirdi. Elə ki, yükü ağırlaşdı hər ikisi Allahı - öz Rəbblərini çağırdılar ki: «Əgər bizə saleh (sağlam və həyat sürməyə qadir) bir övlad əta etsən, mütləq şükr edənlərdən olacağıq».
Beləliklə, elə ki, (Allah) o ikisinə (sağlam və) saleh bir övlad əta etdi, onlara verdiyi şey barəsində Ona şərik qoşdular. (Əgər onlar bu işdə bütləri də təsirli bilsələr zahiri şirkə, yox əgər səbəblərə arxalanaraq əsas səbəbkarı yaddan çıxarsalar gizli şirkə düçar oldular. Bu iki ayə cəmiyyətin əksəriyyətinin halını şərh edir ki, onlar ya zahiri şirkə, ya da gizli şirkə düçardırlar.) Allah Ona şərik qoşulan şeydən çox-çox ucadır.
Onlar heç bir şey yaratmayan (bir şeyi yoxdan var etmək və mövcuda ruh vermək qüdrəti olmayan) və özləri yaradıl(mış ol)an varlıqları (Allaha) şərik qoşurlar? (Bu ayə və sonrakı ayələr bütpərəstlərin şiddətli tənqidi və bütlərin tamamilə acizliyinin bəyanı barəsindədir.)
Əgər onları doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. Sizin üçün onları dəvət etməyiniz və ya susmağınız birdir (çünki onlardan bir nəticə əldə etməyəcəksiniz).
Məgər onların ayaqları var ki, onunla yol getsinlər, yaxud əlləri var ki, onunla tutsunlar və ya gözləri var ki, onun vasitəsi ilə görsünlər, yaxud da qulaqları var ki, onunla eşitsinlər? De: «Allaha qoşduğunuz şərikləri çağırın, sonra mənə qarşı olan bütün hiylə və planlarınızı işə salın və mənə möhlət verməyin».
«Şübhəsiz, mənim başçı və köməkçim bu kitabı nazil edən Allahdır. Odur saleh (bəndə)lərə başçılıq və yardım edən!».
3735 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
187 Səhifə