"İl" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "İl" üzrə 3852 ayə tapıldı.
Bilin ki, həqiqətən, göylərdə və yerdə olanların hamısı (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək – bunların hamısı Onun istək və iradəsindən asılıdır). Bilin ki, Allahın vədi mütləq haqdır və lakin onların çoxu bilmirlər.
(Həyat və ölüm qabiliyyəti olan hər bir varlığı) dirildən və öldürən Odur və Ona tərəf qaytarılacaqsınız.
Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir.
De: «Mənə, Allahın ruzi olaraq sizə nazil etdiyi və sizin bir hissəsini haram və bir hissəsini halal etdiyiniz şeydən xəbər verin.» De: «(Belə bir bölgü aparmağa) sizə Allah icazə verib, yoxsa Allaha iftira yaxırsınız?» (Hökm çıxarmaq yalnız Allaha məxsusdur, Ondan başqasına yox! Maidə surəsinin 103-cü ayəsinə, eləcə də Ən’am surəsinin 138. və 139-cu ayələrinə müraciət edin.)
Hər hansı halda və işdə olsan, Onun tərəfindən Qur’andan hər hansı bir hissəni oxusan və (boynunda ilahi vəzifə olan siz bəndələr) hər nə iş görsəniz, ona məşğul olduğunuz zaman Biz orada hazır və sizə şahidik. Və nə yerdə və nə göydə zərrə ağırlığı qədər də bir şey sənin Rəbbin(in zat, qüdrət və elminin əhatəsin)dən gizli deyildir. Və ondan (zərrədən) nə kiçik və nə böyük bir şey yoxdur ki, aşkar kitabda (əşyaların həqiqətlərinin əks olunduğu və Allah dərgahına yaxın olanların gözləri önündə aşkar olan bir lövhədə) qeyd edilməmiş olsun.
Bilin ki, şübhəsiz, Allahın dostları və yaxınları üçün (axirət aləmində) nə bir qorxu var və (onlar) nə də qəmgin olarlar.
Onlar üçün dünya həyatında və axirətdə müjdə vardır (dünyada peyğəmbərlərin dili və qeybdən edilən ilhamlarla, ölüm zamanı mələklərlə və axirətdə Allahın xitabı, mələklərlə görüş və həqiqətlərin aşkar olması ilə). Allahın kəlamlarında (Onun vədlərində) heç bir dəyişkənlik yoxdur. Budur böyük uğur və qurtuluş!
Onların sözü səni kədərləndirməsin. Şübhəsiz, bütün qüdrət və qələbə Allahın əlindədir. Odur eşidən və bilən!
Bilin ki, göylərdə olan hər bir kəsin (və hər bir şeyin) və yerdə olan hər bir kəsin (və hər bir şeyin) həqiqi sahibi Allahdır. Allahdan başqa şərikləri (bütləri) çağıran kəslər nəyə tabe olurlar? Onlar zənn və gümandan başqa bir şeyə tabe olmurlar və onlar yalnız ehtimal edir və yalan söyləyirlər.
(Müşriklər) dedilər: «Allah (özünə) övlad götürmüşdür». O pakdır. O ehtiyacsızdır. Göylərdə və yerdə olanlar Ona məxsusdur. Sizin əlinizdə bu iddia(nı isbat etmək) üçün heç bir dəlil yoxdur. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?!
Və onlara Nuhun hekayətini oxu. O zaman o öz qövmünə demişdi: «Ey mənim qövmüm, əgər mənim (sizin aranızda) qalmağım (və ya peyğəmbərlik işləri ilə məşğul olmağım) və Allahın nişanələrini yada salmağım sizə ağır gəlirsə, (buna görə də məni öldürmək, ya sürgün etmək istəyirsinizsə) mən Allaha təvəkkül etdim. Buna görə də, siz şəriklərinizlə (sizə kömək edəcəklərini sandığınız bütlərlə) birgə öz işinizdə bir qərara gəlin ki, işiniz sizə məchul və örtülü qalmasın. O zaman mənim işimi bitirin və mənə heç bir möhlət verməyin».
«Buna görə də əgər (mənim dəvətimdən) üz döndərsəniz (bu düzgün deyildir, çünki) mən ki, sizdən bir muzd istəməmişəm. Mənim muzdum yalnız Allahın öhdəsinədir və mənə (Onun əmrlərinə) təslim olanlardan olmaq əmr edilmişdir».
Beləliklə, onu təkzib etdilər. Biz də ona və gəmidə onunla birgə olanlara (o böyük tarixi tufandan) nicat verdik və onları (həlak olanların) canişinlər(i) etdik. Və Bizim ayə və nişanələrimizi təkzib edənləri suda batırdıq. Buna görə də qorxudulmuşların aqibətinin necə olduğuna bax!
Sonra onun (Nuhun) ardınca (Hud, Saleh və Lut kimi) peyğəmbərləri öz qövmlərinə göndərdik. Beləliklə onlar üçün (tövhidin və öz peyğəmbərliklərinin isbatında) aydın dəlillər gətirdilər. Və (lakin) onlar (özlərinin ya atalarının) bundan qabaq təkzib etdikləri şeyə iman gətirən deyildilər. Biz həddini aşanların qəlblərinə belə (bədbəxtlik) möhür(ü) vururuq.
Sonra, onların ardınca Musa və Harunu öz ayələrimiz (və doqquz dəlilimiz) ilə Fironun və onun qövmünün başçılarının yanına göndərdik. Beləliklə, onlar təkəbbür və itaətsizlik göstərdilər. Və onlar günahkar bir dəstə idilər.
Beləliklə, elə ki, Bizim tərəfimizdən onlara haqq (Musanın dəlilləri və möcüzələri) gəldi, dedilər: «Şübhəsiz bu, açıq-aydın bir cadudur».
Dedilər: «Gəlmisən ki, bizi atalarımızın yolundan döndərəsən və bu vilayətdə böyüklük və başçılıq siz iki nəfərə məxsus olsun?! (Bu qətiyyən ola bilməz) və biz əsla sizə iman gətirən deyilik».
Və Firon dedi: «Bütün bilikli (və sehr fənnində məharətli) cadugərləri mənim yanıma gətirin.»
Beləliklə, elə ki, cadugərlər (cadu alətləri ilə) gəldilər, Musa onlara dedi: «Atacağınız şeyləri atın».
3852 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
193 Səhifə