Ət-Tövbə surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ət-Tövbə surəsi" üzrə 129 ayə tapıldı.
Sizin ətrafınızdakı (şəhərinizin ətrafında olan) bədəvi ərəblərdən bir dəstə münafiqdirlər. Mədinə əhlindən də nifaqa adət etmiş kəslər vardır. Sən onları tanımırsan, Biz onları tanıyırıq. Tezliklə onlara iki dəfə əzab verəcəyik (dünya əzabı, ölüm və Bərzəx əzabı), sonra isə (Qiyamətdə) daha böyük əzaba tərəf döndəriləcəklər.
(Onlardan) digər bir dəstə öz günahlarını etiraf edib, yaxşı bir işi başqa bir pis işlə qarışdırmışlar. Ola bilsin ki, Allah onlara nəzər yetirsin. Həqiqətən Allah çox bağışlayan və mehribandır.
(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san. Və onlara dua et və salam göndər ki, həqiqətən, sənin duan və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir. Allah eşidən və biləndir.
Məgər onlar bilmirlərmi ki, bəndələrindən tövbəni Allah qəbul edir, sədəqələri (zahirdə Peyğəmbərin, yaxud haqq sahibinin almasına baxmayaraq) əslində Onun Özü götürür və Allah tövbələri çox qəbul edən və mehribandır?!
Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir».
Və digər bir dəstə (küfr əhli)nin (zəif hala salınmışlarıdır ki,) işləri Allahın əmrinə qalmışdır - onlara ya əzab verəcək (əgər küfrlərində israrlı olsalar), ya da (əgər imana yönəlsələr) nəzər yetirəcəkdir. Allah bilən və hikmət sahibidir.
Və (həmçinin münafiqlərdən müsəlmanlara) zərər, küfr(ü gücləndirmək), möminlərin arasında təfriqə salmaq və qabaqcadan Allah və Onun Peyğəmbəri ilə müharibəyə qalxmış şəxsi(n gəlməsini) gözləmək üçün bir məscid seçən kəslər vardır. (Mədinə kafirlərinin xaçpərəst rahibi üçün tikdikləri «Zirar» məscidi nəzərdə tutulur.) Və onlar mütləq and içəcəklər ki: «bizim xeyir işdən başqa niyyətimiz olmayıb». Allah isə onların mütləq yalançı olmalarına şəhadət verir.
Orada (həmin məsciddə) əsla (namaza) durma. Şübhəsiz, (bünövrəsi) ilk gündən təqva üzərində qurulmuş məscid (Quba məscidi, Mədinə məscidi və digərləri) sənin onda namaza durmağına daha layiqdir. Orada paklanmağı sevən kişilər vardır. Allah pakları sevir.
Belə isə öz (dininin) təməlini ilahi təqva və Onun razılığı əsasında quran şəxs yaxşıdır, yoxsa öz təməlini süst və uçmaq ərəfəsində olan bir uçurumun kənarında qurmuş və o binanın Cəhənnəm oduna yuvarlandıracağı şəxs?! (Möminin əməlləri iman və niyyət saflığı əsasındadır. Kafirin əməlləri isə əqidəsində şəkk və güman əsasındadır və onun sonu Cəhənnəmdir.) Və Allah zalımların dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) düz yola yönəltməz.
(Küfr və nifaq üzündən) tikdikləri o bina (hətta dağılsa belə) həmişə – (onlar ölməyincə və) ürəkləri parça-parça olmayınca onların qəlblərində bir şəkk və tərəddüd və nifaqın artması amilidir. Allah bilən və hikmət sahibidir.
Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər). (Bu alver) Onun öhdəsində olan – (Onun əzəli elmindən başqa, həm də Lövhi-Məhfuzda qeyd olunmuş və alver sənədi kimi) Tövrat, İncil və Qur’anda (yazılmış) haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş!
(Bu möminlər) həmin tövbə edənlər, ibadət edənlər, həmdü-səna deyənlər, oruc tutanlar, (cihad və din elmi kəsb etmək üçün) səfər edənlər, rüku edənlər, səcdə edənlər, yaxşı işlərə dəvət edənlər, pis əməllərdən çəkindirənlər və Allahın (dininin əsas və qollarının) sərhədlərini qoruyanlardır. Bu möminlərə müjdə ver.
Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından düzgün olmaz).
İbrahimin atası (əmisi Azər) üçün bağışlanmaq istəməsi (istiğfar etməsi) yalnız ona verdiyi vədə (onun üçün istiğfar edəcəyini vəd etməsinə) görə idi. Buna görə də elə ki, (onun küfrdə israrlı olmasından, ya küfr halında ölməsindən) ona (İbrahimə) onun (əmisinin) Allahın düşməni olması aydın oldu ondan uzaqlaşdı (çünki əfv diləmək Allahla düşmən olan kəs üçün deyil Allahın düşmən olduğu kəs üçündür). Həqiqətən İbrahim haqdan qorxan, günahdan qəmgin olan, (Allah dərgahına) ürəkdən çox ah çəkən və həlim idi.
Allaha bir dəstəni (dinin əsaslarına) hidayət etdikdən sonra, (digər hökmlərdə) qorxmalı olduqları şeyi (vacib və haramları) onlara aydınlaşdırmadan (açıqlamadan) nadanlıqda buraxmaq (və ya müxalifət etdiklərinə görə cəzalandırmaq) yaraşmaz (və bu, «lütf» qanunu və ağıl ilə uyğun gəlmir). Həqiqətən Allah hər bir şeyi biləndir.
Şübhəsiz, göylərin və yerin həqiqi sahibi və mütləq hakimiyyəti Allaha məxsusdur. (Yaşamaq və ölmək qabiliyyəti olan hər bir şeyi) O dirildir və öldürür. Sizin üçün Allahdan başqa heç bir dost, başçı və yardımçı yoxdur.
Əlbəttə, Allah Peyğəmbərə və çətinlik zamanı (Təbuk müharibəsi səfərində) ona tabe olan mühacir və ənsara, onlardan bir dəstəsinin qəlblərinin («nə üçün say və təchizat baxımından bərabər olmayan bir döyüşə başlamalıyıq?» deyə Peyğəmbərin əmrinə) dönük çıxmasının yaxın olmasından sonra nəzər yetirdi və onların tövbəsini qəbul etdi. Sonra Öz mərhəməti ilə onlara üz tutdu. Həqiqətən Allah onlara qarşı çox şəfqətli və mehribandır.
Və həmçinin («Təbuk» qoşunu ilə aparılmayıb) yerdə qoyulan (və Peyğəmbərin – səlləllahu əleyhi və alihi və səlləm – əmri ilə camaatın əlaqələrini kəsdiyi) o üç nəfərə (rəhm etdi)! Nəhayət yer üzü bütün genişliyi ilə onlara daraldı, ürəkləri özlərindən təngə gəldi və bildilər ki, Allahdan (qaçmaq üçün) Onun Özündən başqa bir sığınacaq yoxdur. Sonra Allah Öz rəhməti ilə onlara üz tutdu ki, tövbə etsinlər və (Ona tərəf) qayıtsınlar. Həqiqətən Allah Özü tövbələri çox qəbul edən və mehribandır.
Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin məsum Əhli-beytidir).
Mədinə əhlinə və (onun) ətrafındakı bədəvi ərəblərə (cihad zamanında) Allahın Peyğəmbərindən boyun qaçırmaları və ya (səfər zamanı və döyüş təhlükələri vaxtı) özləri ilə məşğul olaraq ondan üz çevirmələri yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından rəva deyildir). Bu, ona görədir ki, Allah yolunda onların düçar olduqları hər bir susuzluq, əziyyət və aclığın, eləcə də kafirlərin qəzəbinə səbəb olacaq hər bir yerə qədəm basmalarının və düşməndən əldə etdikləri hər bir bəhrənin (onları öldürmək və əsir etməyin) mükafatı olaraq onlar üçün bir saleh əməl yazılır. Həqiqətən Allah yaxşı iş görənlərin mükafatını zay etməz.
129 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
7 Səhifə