Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Əgər onların (cihad üçün) çıxmaq niyyətləri olsaydı, ona mütləq bir vasitə və xərc hazırlayardılar. Lakin Allah onların (yola düşüb) hərəkət etmələrini xoşlamırdı. Buna görə də (köməyini əsirgəməklə) onları saxladı və (sanki onlara) «oturanlarla (qadınlar, uşaqlar və acizlər kimi) oturun» deyildi.
Əgər sizin aranızda (döyüşə) çıxsaydılar, sizin üçün fəsaddan başqa bir şey artırmazdılar və şübhəsiz, sizə fitnə yaratmaq üçün sizin aranızda pozuculuq etməyə tələsərdilər. Sizin aranızda cəsuslar və onların sözlərinə çox qulaq asan imanı zəiflər vardır. Allah zalımları tanıyır.
Həqiqətən onlar bundan əvvəl (Ühüd müharibəsində) də fitnə yaratmaq istədilər və işləri sənə alt-üst etdilər (İslam ordusunu parçaladılar, camaatı döyüşdən soyutdular və sonda Ühüd faciəsi baş verdi). Nəhayət haqq gəlib çatdı və onlar istəmədikləri halda Allahın əmri aşkar oldu (siz qalib gəldiniz).
Onlardan bəzisi «mənə (bu döyüşü tərk etməyə) izn ver və məni fitnəyə (sənin əmrinə qarşı çıxmaq günahına) salma!» deyir. Bil ki, onlar fitnəyə (küfr və nifaq fitnəsinə) düşüblər. Şübhəsiz, Cəhənnəm kafirləri əhatə etmişdir (dünyada Cəhənnəm oduna girməyin səbəbi olan küfr və itaətsizliklə əhatə olunmaq formasında, axirətdə isə nəticə olan od ilə.)
Əgər sənə bir yaxşılıq (qələbə və qənimət) yetişsə, bu onları narahat edər və əgər bir müsibət (məğlubiyyət yaxud bir ziyan) yetişsə, «biz işimizi(n ehtiyatını) qabaqcadan götürmüşük» deyər və şad halda (öz yerlərinə) qayıdarlar.
De: «Bizə Allahın (Lövhi-Məhfuzda) bizim üçün yazdığından və qərara aldığından (zəfər, məğlubiyyət və sairədən) başqa əsla bir şey yetişməyəcəkdir. O bizim başçı və yardımçımızdır və bütün möminlər Allaha təvəkkül etməlidirlər.»
De: «Yoxsa bizim üçün iki gözəl xislətdən (döyüşdə qələbə çalmaq, yaxud haqq yolunda şəhid olmaqdan) başqa bir şey gözləyirsiniz? Biz də sizin barənizdə Allahın sizə Öz tərəfindən, ya bizim əlimizlə əzab yetirməsini (küfr halında həlak olmaq, yaxud küfr halında öldürülməyi) gözləyirik. Buna görə də gözləyin ki, biz də sizinlə gözləyənlərdənik».
De: «(İstədiyiniz kimi-) istər rəğbətlə, istərsə də ikrahla xərcləyin, sizdən əsla qəbul olunmayacaqdır. Çünki siz itaətsiz bir dəstəsiniz».
Onların sədəqələrinin qəbul olunmasına Allaha və Onun Peyğəmbərinə kafir olmalarından başqa bir şey mane olmadı. Onlar namazı yalnız tənbəlcəsinə qılarlar və yalnız narazılıqla sədəqə verərlər.
Odur ki, onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! Həqiqətən Allah onların (mal və övladlarının əldə edilməsi və qorunması) vasitəsilə dünya həyatında onlara əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir.
Onlar həqiqətən də sizdən olmaları barəsində Allaha and içirlər. Halbuki, onlar sizdən deyildirlər, əksinə (nifaqlarının faş olmasından) qorxan bir dəstədirlər.
Əgər bir sığınacaq, ya mağaralar, ya da zirzəmilər tapsaydılar, şübhəsiz tələsik ora üz tutardılar (ki, müsəlmanlardan uzaq olsunlar).
Onların bəzisi sədəqələr(in bölünməsi) barəsində sənə irad tuturlar. Əgər ondan onlara verilsə razı qalar və əgər verilməsə (hətta haqları olmasa belə), qəfildən qəzəblənərlər.
Əgər onlar Allahın və Onun Peyğəmbərinin (sədəqələrdən) onlara verdikləri ilə razılaşıb «bizə Allah kifayətdir, tezliklə Allah və Onun Peyğəmbəri bizə Öz lütfündən əta edəcək, həqiqətən biz Allaha tərəf meylliyik» desəydilər (onlar üçün daha yaxşı olardı).
Həqiqətən sədəqələr (malların və canların zəkatı, səkkiz yerə sərf olunmalıdır, yəni) yoxsulların, miskinlərin (daha yoxsul olanların), onun (toplanması, qorunması və paylanılması) icraçılarının, (kafirlərdən, yaxud əqidələri zəif olan müsəlmanlardan bəzilərini dinə cəlb etmək, ya onlardan döyüşdə istifadə etmək üçün) ürəklərinin ələ alınması lazım olan kəslərin, qulların (azad olunmasının), borcluların (borclarının ödənilməsinin), Allah yolundakı xərclərin (xeyiri ümumi olan hər hansı bir xeyir işin, xüsusilə cihadın) və yolda (İslam və müsəlmanların din və dünyaları üçün lazım olan hər hansı bir hədəf yolunda) qalanlarındır. (Bu hökm,) Allah tərəfindən qəti bir vacibdir. Allah bilən və hikmətlidir.
Onların bəziləri Peyğəmbəri incidir və «o (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!» deyirlər. De: «O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlər üçün bir rəhmətdir». Allahın Peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır.
Onlar sizi razı salmaq üçün sizə (öz xoşagəlməz işləri barədə) Allaha and içirlər, halbuki əgər mömin olsaydılar Allahı və Onun Peyğəmbərini razı salmaları daha yaxşı olardı.
Məgər Allahla və Onun Peyğəmbəri ilə müxalifət və düşmənçilik edən şəxs üçün doğrudan da əbədi qalacağı Cəhənnəm odu olmasını bilməyiblər? Budur həmin böyük rüsvayçılıq!
Münafiqlər (istehza məqsədi ilə) özlərini onların barəsində qəlblərində olanı (küfrü və İslam hökümətini devirmək niyyətlərini) onların özlərinə və camaata xəbər verən bir surə nazil olmasından qorxan kimi göstərirlər. De: «(Bu rəftarınızla İslama) istehza edin, şübhəsiz, Allah qorxduğunuz şeyi aşkar edəcəkdir».
Əgər onlardan (nə üçün İslam əleyhinə danışır və fəaliyyət göstərirdiniz?) soruşsan, «biz yalnız zarafat edir və oynayırdıq» deyəcəklər. De: «Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehza edirdiniz?»
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə