Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

«Allaha iman gətirin və Onun Peyğəmbəri ilə birgə cihad edin» deyə bir surə nazil olan zaman, onların (münafiqlərin) qüdrət və sərvət sahibləri səndən izn istəyər və «qoy biz evdə oturanlarla birgə olaq» deyərlər.
Onlar yerdə qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) birgə olmağa razı oldular və qəlblərinə (bədbəxtlik) möhür(ü) vurulmuşdur. Buna görə də daha (səadət yolunu) dərk etməzlər.
Lakin Allahın Peyğəmbəri və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlardır (iki aləmin) yaxşılıqların(ın) sahibləri və onlardır nicat tapanlar!
Allah onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır. Orada əbədi qalarlar. Budur böyük uğur və qurtuluş!
Bədəvi ərəblərin üzürlüləri (qeyrət üzündən sənin yanına) gəldilər ki, onlara (cihada getmək üçün) icazə verilsin. Həmçinin səbəbsiz üzr istəyənlər gəldilər ki, (cihadı tərk etmək üçün) icazə alsınlar. Allaha və Onun Peyğəmbərinə yalan söyləmiş kəslər evdə oturdular (və cihaddan qalmaq üçün izn belə istəmədilər)! Tezliklə onlardan kafir olmuş kəslərə ağrılı bir əzab yetişəcəkdir.
(Qadın və uşaqlar kimi) zəiflərə, xəstələrə və xərcləməyə (yolxərci etməyə) bir şey tapa bilməyən kəslərə Allah və Onun Peyğəmbəri üçün (söz və əməldə) xeyirxahlıq edəcəkləri təqdirdə (cihadı tərk etmələrinə görə) bir günah yoxdur (onların boynuna vəzifə düşmür və buna görə də onlara təzyiq göstərilməməlidir). Yaxşı əməl sahiblərinə qarşı (onları məzəmmət etmək və cəzalandırmaq üçün) heç bir yol yoxdur. Allah çox bağışlayan və mehribandır.
Onları (bir miniyə) mindirməyin üçün sənin yanına gəldikləri zaman, sən «sizi mindirmək üçün bir miniyim yoxdur» deyəndə (cihad yolunda) xərcləməyə bir şey tapmadıqları üçün qəm-qüssədən gözlərindən yaş axa-axa dönüb qayıdan kəslərə də (bir günah yoxdur).
(Məzəmmət) yol(u) yalnız o kəslərə (açıqdır) ki, ehtiyacsız olmalarına baxmayaraq, yenə də (cihada getməmək üçün) səndən izn istəyirlər. Onlar (qadınlar, uşaqlar və əlillərdən ibarət) yerdə qalanlarla birgə qalmağa razı oldular. Allah onların qəlblərinə (bədbəxtlik) möhür(ü) vurub, buna görə də heç bilmirlər.
Siz (Təbuk döyüşündən) onların yanına qayıdanda onlar (döyüşə getmədiklərinə görə) sizə bəhanə gətirərlər. De: «Heç bir bəhanə gətirməyin ki, sizə əsla inanmayacağıq. Həqiqətən Allah bizi sizin xəbərlərinizdən agah etmişdir. Sizin əməllərinizi (gələcəkdə tövbə edəcəyinizi, yoxsa öz küfrünüzdə qalacağınızı) tezliklə Allah və Onun Peyğəmbəri görəcəklər. Sonra gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə O sizi etdiklərinizdən xəbərdar edəcəkdir.
Onların yanına qayıdanda tezliklə sizin üçün Allaha and içəcəklər ki, onlar(ı məzəmmət etmək və danlamaq)dan daşınasınız. Buna görə də onlardan üz döndərin. Çünki onlar murdardırlar (məzəmmət və danlaq onlara təsir etmir) və onların yerləri əldə etdiklərinin cəzası olaraq Cəhənnəmdir.
Onlardan razı olasınız deyə sizin üçün and içirlər. Buna görə də əgər onlardan siz razı olsanız da, həqiqətən Allah itaətsiz insanlardan razı olmayacaqdır.
(Cəmiyyətdən və mədəniyyətdən uzaq olduqları üçün) bədəvi ərəblərin küfr və nifaqları daha şiddətlidir və onlar Allahın Öz Peyğəmbərinə nazil etdiyinin hüdudlarını bilməməyə daha layiqdirlər. Allah bilən və hikmətlidir.
Bədəvi ərəblərdən (xeyir yolda) xərclədiyini ziyan və zərər hesab edənlər və sizin barənizdə (İslam dövlətinin süqutu kimi) pis hadisələr gözləyənlər vardır. Pis hadisələr onların özləri üçün olsun! Allah eşidən və biləndir.
Həmçinin bədəvi ərəblərdən Allaha və axirət gününə imanı olanlar və xərclədiklərini Allaha yaxınlaşmaq amili və Onun Peyğəmbərinin duaları(nın onlara şamil edilməsi vasitəsi) hesab edənlər vardır. [Yaxud: Onlar xərclədiklərini və Peyğəmbərin (onların haqqında etdiyi) dualarını Allaha yaxınlaşmaq amili hesab edirlər.] Bilin ki, o (xərclədikləri şeylər və Peyğəmbərin duaları) onların (Allaha) yaxınlaşma amilidir. Allah tezliklə onları Öz mərhəmətinə (mərhəmətinin pənahına) daxil edəcəkdir. Həqiqətən Allah çox bağışlayan və mehribandır.
Allah mühacirlərin və ənsarın (Peyğəmbərin–səlləllahu əleyhi və alihi və səlləm–Mədinəyə hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada əbədi qalacaqlar. Budur böyük uğur və qurtuluş!
Sizin ətrafınızdakı (şəhərinizin ətrafında olan) bədəvi ərəblərdən bir dəstə münafiqdirlər. Mədinə əhlindən də nifaqa adət etmiş kəslər vardır. Sən onları tanımırsan, Biz onları tanıyırıq. Tezliklə onlara iki dəfə əzab verəcəyik (dünya əzabı, ölüm və Bərzəx əzabı), sonra isə (Qiyamətdə) daha böyük əzaba tərəf döndəriləcəklər.
(Onlardan) digər bir dəstə öz günahlarını etiraf edib, yaxşı bir işi başqa bir pis işlə qarışdırmışlar. Ola bilsin ki, Allah onlara nəzər yetirsin. Həqiqətən Allah çox bağışlayan və mehribandır.
(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san. Və onlara dua et və salam göndər ki, həqiqətən, sənin duan və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir. Allah eşidən və biləndir.
Məgər onlar bilmirlərmi ki, bəndələrindən tövbəni Allah qəbul edir, sədəqələri (zahirdə Peyğəmbərin, yaxud haqq sahibinin almasına baxmayaraq) əslində Onun Özü götürür və Allah tövbələri çox qəbul edən və mehribandır?!
Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir».
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə