Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Dedi: «Ey mənim qövmüm, mənə bir deyin (görüm), əgər mən Rəbbim tərəfindən açıq-aydın bir dəlilə və (öz peyğəmbərliyim barəsində) möcüzələrə əsaslanmış olsam və O, Öz tərəfindən mənə gözəl ruzi (peyğəmbərlik və kamil bir din) vermiş olsa (onda mənim dəvətim yenə də puç və səfehlikdir)? Və mən özüm sizi çəkindirdiyim işin əksinə getmək istəmirəm. Mən yalnız bacardığım qədər (cəmiyyətin vəziyyətini) islah etmək istəyirəm və mənim uğurum yalnız Allahın köməyi ilədir. Ona təvəkkül etdim və Ona tərəf qayıdacağam.»
«Və ey mənim qövmüm, mənimlə müxalifət və düşmənçiliyiniz sizi Nuhun qövmünə, ya Hudun qövmünə, yaxud Salehin qövmünə gələnlərin (tufan, suda batmaq, zəhərli külək, səmadan gələn bağırtı və zəlzələnin) bənzərinin sizə də gəlməsinə gətirib çıxarmasın! Və Lutun qövmü (zaman və məkan baxımından) sizdən o qədər də uzaq deyildir.»
«Və Rəbbinizdən (keçmiş əməllərinizə görə) bağışlanmaq diləyin, sonra (saleh əməllərlə) Ona tərəf qayıdın. Həqiqətən mənim Rəbbim mehriban və (tövbəkar bəndələrini) sevəndir».
Dedilər: «Ey Şüeyb, biz sənin (tək olan Allaha tərəf dəvətini və əskik satmağın tərk olunması kimi) dediklərinin çoxunu başa düşmürük və şübhəsiz, səni öz aramızda zəif görürük. Əgər o kiçik qəbilən olmasaydı səni daşqalaq edərdik. Sənin bizim üzərimizdə heç bir qüdrətin yoxdur (yaxud sənin bizim yanımızda heç bir qədir-qiymətin yoxdur)».
Dedi: «Ey mənim qövmüm, məgər sizin nəzərinizdə mənim qəbiləm Allahdan daha qüdrətlidir (ki, onları nəzərə alırsınız) və (lakin) Onu arxaya atıb unudursunuz? Şübhəsiz, mənim Rəbbim sizin etdiklərinizi əhatə etmişdir».
«Və ey mənim qövmüm, elə bu (şirk və azğınlıq) hal(ın)da bacardığınızı edin ki, əlbəttə, mən də edəcəyəm. Tezliklə əzabın kimə yetişərək onu xar və rüsvay edəcəyini və kimin yalançı olduğunu biləcəksiniz. Və gözləyin ki, mən də mütləq sizinlə birgə gözləyirəm».
Və Bizim (onların əzabı barəsindəki) əmrimiz yetişən zaman, Şüeybə və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və zülm edənləri (göydən gələn öldürücü bir) bağırtı yaxaladı. Beləliklə onlar öz evlərində diz çökmüş halda ölüb üzü üstə düşdülər.
Sanki heç vaxt orada yaşamamışdılar. Bilin! Səmud qövmü uzaq olduğu kimi, Mədyən (əhli) də uzaq olsun (Allahın rəhmətindən) və lənət olsun (onlara)!
Və həqiqətən Musanı Öz ayə və nişanələrimizlə və aşkar dəlil-sübutla göndərdik,
Firona və onun qövmünün başçı və böyüklərinə tərəf. Onlar Fironun əmrinə tabe oldular. Fironun əmri əsla doğru və yol göstərən deyildi.
O, (Firon) Qiyamət günü öz qövmünün qabağında gedəcək, beləliklə də onları (Cəhənnəm) od(un)a daxil edəcəkdir. Və onların düşəcəkləri yer necə də pisdir!
Və burada (bu dünyada) və Qiyamət günündə onların arxasınca bir lənət göndərilmişdir. Onlara verilən (həmin lənət) necə də pis bir bəxşişdir!
Bu, şəhərlərin və millətlərin xəbərlərindəndir ki, sənə söyləyirik. Onların bəzisi durur, bəzisi isə biçilib məhv olmuşdur.
Onlara Biz zülm etmədik və lakin onlar özlərinə zülm etdilər. Beləliklə, sənin Rəbbinin (onların əzabı barəsindəki) əmri yetişən zaman Allahın yerinə çağırdıqları tanrıları (əzabdan) heç bir şeyi onlardan uzaqlaşdırmadılar və onlara ziyan və həlakətdən başqa bir şey artırmadılar.
Sənin Rəbbin millət və cəmiyyətləri zalım olan zaman belə yaxalayır və cəzalandırır. Şübhəsiz Onun yaxalaması və cəzası ağrılı və çətindir.
Şübhəsiz, bunda (bu hekayət və əhvalatlarda) axirət əzabından qorxan kəs üçün (Allahın qüdrət və əzəmətinə dair) bir nişanə vardır. O, bütün insanların toplanılacağı bir gündür. O, elə bir gündür ki, (bütün cinlər, şeytanlar və heyvanlar mələklərin nəzarəti ilə) onda çağırılacaqlar və oranın bütün hadisələri orada olanların gözü qarşısında olacaqdır.
Və Biz onu yalnız (Allahın əzəli elmində əvvəlindən axırınadək) hesablanmış və müəyyən olunmuş bir müddətə qədər təxirə salarıq.
Və o (əcəl sona yetişən və Qiyamət) gəlib çatan zaman Onun izni olmadan heç kəs danışmaz. Beləliklə, onlardan bəzisi bədbəxtdir (öz vücudunun bütün xeyirlərini puç edib) və bəzisi xoşbəxt (öz vücudunun bütün xeyirlərini əldə edib).
Bədbəxt olanlara gəlincə, onlar od içərisindədirlər, orada nalələri və (uzunqulaqların anqırtısına bənzər) nəfəs alıb-vermələri vardır.
Orada (axirət aləminin) göylər(i) və yer(i) durduqca əbədi qalacaqlar, Rəbbinin istədiyi şey (əbədiliyi dəyişdirmək istəməsi) istisna olmaqla (hərçənd ki, şübhəsiz, O da bunu dəyişdirməyəcəkdir). Şübhəsiz sənin Rəbbin istədiyi şeyi qüdrətlə yerinə yetirəndir.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə