Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Dedi: «Oğulcan, öz yuxunu qardaşlarına danışma ki, sənə (qarşı) hiylə işlədərlər. Həqiqətən Şeytan insanın açıq-aydın düşmənidir.»
«Və beləcə (bu yuxuda seçildiyin kimi) Rəbbin səni (gələcəkdə) seçəcək və yuxuların və (səmavi kitablarda, peyğəmbərlərin sözlərində gəlmiş) hədislərin yozumunu sənə öyrədəcək və səndən öncə ataların İbrahimə və İshaqa tamamladığı kimi sənə və Yəqub ailəsinə (də) nemətini tamamlayacaqdır. Həqiqətən, Rəbbin bilən və hikmət sahibidir.
Həqiqətən Yusufda (onun özündə ruhunun əzəməti, insani keyfiyyətlərinin kamilliyi və peyğəmbərlik məqamı baxımından) və qardaşlarında (onunla qardaşlarının başına gələnlərdə) soruşanlar üçün (ibrət və hidayət) nişanələr(i) vardır.
O zaman (bir-birlərinə) dedilər: «Yusuf və (onunla bir anadan olan) qardaşı (Binyamin) atamızın yanında bizdən daha sevimlidir, halbuki, biz güclü (atamızın evini və mallarını qoruyan və onun işlərini idarə edən) bir dəstəyik. Doğrudan da bizim atamız (yaşayış tərzi və övladları ilə rəftar baxımından) açıq-aşkar bir azğınlıq içərisindədir (ləyaqəti az olanı ləyaqəti çox olandan üstün tutur)!»
«Yusufu öldürün, ya onu (naməlum) bir yerə atın ki, atanızın diqqəti yalnız sizə yönəlsin və ondan sonra (tövbə etməklə atanızın və Allahın yanında) saleh bir dəstə olun.»
Onlardan biri (qardaşların ən böyüyü və ağıllısı) dedi: «Yusufu öldürməyin və əgər (doğrudan da) bir iş görənsinizsə, onu quyunun dibinə atın ki, karvanlardan hansısa onu götürsün (və bu məntəqədən çıxarıb aparsın)». (Onlar elə bu qərara da gəldilər.)
(Sonra atalarının yanına gəlib) dedilər: «Ey atamız, sənə nə olub ki, Yusufu (saxlamağı) bizə etibar etmirsən? Halbuki, şübhəsiz, biz onun xeyrini istəyənlərik.
Onu sabah bizimlə göndər ki, çəmənlikdə gəzib dolansın və oynasın və biz onu mütləq qoruyacağıq.»
Dedi: «Həqiqətən, onu (çölə) aparmağınız məni çox qəmgin edir və qorxuram ki, siz ondan xəbərsiz ikən canavar onu yesin.»
Dedilər: «Əlbəttə, əgər biz güclü bir dəstə ola-ola, onu canavar yesə, onda biz çox ziyana uğrayan olarıq».
Beləliklə onu aparıb quyunun dibinə atmaq qərarına gəldikdə(n sonra cinayətlərini planlaşdırdıqları kimi də həyata keçirtdilər). Və Biz (elə orada) Yusufa vəhy etdik ki, (bir gün) sən onlara, onlar bilmədən bu işlərindən xəbər verəcəksən (sən onları tanıyacaqsan, onlar isə səni tanımayacaqlar).
Dedilər: «Ey ata, biz getdik, başımız bir-birimizlə yarışmağa qarışdı. Yusufu da əşyalarımızın yanında qoyduq. Beləliklə, canavar onu yedi. Sən heç vaxt, hətta doğruçu olsaq belə bizə inanan deyilsən».
Və onun köynəyinin üzərində yalançı qan gətirdilər. (Ata) dedi: «(Siz dediyiniz kimi deyildir. Canavar Yusufu nə cür yeyib ki, köynəyini parçalamayıb?) Əksinə, nəfsiniz (pis) işi nəzərinizdə gözəl göstərmişdir. Buna görə də gərək gözəl bir səbr edəm. Sizin dediyiniz şey barəsində yalnız Allahdan yardım diləmək lazımdır.»
Bir karvan gəlib çıxdı. Onlar (su gətirmək üçün quyuya) su daşıyanlarını göndərdilər. O, vedrəsini (quyuya) salladı və elə ki, quyudan çıxartdı, birdən) dedi: «Ay muştuluq! Bu, bir oğlan uşağıdır! Və (su daşıyanlar) onu (karvandan və ya karvançılar onu başqa yol yoldaşlarından) ticarət sərmayəsi kimi gizlətdilər. Allah onların etdiklərini bilirdi.
Onu ucuz bir qiymətə, bir neçə dirhəmə satdılar (qardaşları məlumat üçün gəldikdə, onu qaçmış qul adı ilə karvandakılara və onlar da onu mərkəzə apararaq Misirin valisinə satdılar). (Qardaşlar rüsvay olmaq qorxusundan, karvandakılar isə onda azad insan əlamətləri olduğu üçün) ona rəğbətsiz idilər.
Onu almış misirli şəxs öz zövcəsinə dedi: «Onunla hörmətlə davran, bəlkə bizə bir xeyir verdi, ya onu övladlığa götürdük.» Və beləcə Biz Yusufa həmin diyarda imkan və məqam verdik. (Əlbəttə, hikmətlər və məsləhətlər əsasında belə etdik) və (həm də) ona görə ki, ona hədislərin yozumunu (mələklərin danışığı olan yuxuların yozumunu və peyğəmbərlərin hədislərinin mənalarını) öyrədək. Allah (varlıq aləminin idarə olunmasında) Öz işinə qalibdir və lakin insanların çoxu bilmirlər.
O, cismi və əqli qüvvələrinin yetkinlik və kamal həddinə çatanda, ona hakimlik qüdrəti, əqli maariflər, (keçmiş) şəriətlərin (Nuh və İbrahimin şəriətinin) elmlərini verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
Evində olduğu qadın mülayimlik və hiylə ilə ondan kam almaq istədi və (bu niyyətlə) qapıları möhkəm bağlayaraq dedi: «Tez ol, mən sənin üçün hazıram!» Yusuf dedi: «Allaha pənah! O (sənin ərin) mənim tərbiyəçimdir ki, yerimi yaxşı edib. [Və ya: O (Allah) mənim Rəbbimdir ki, məqamımı gözəl edib.] Şübhəsiz zalımlar heç vaxt nicat tapmazlar.»
Doğrudan da o qadın (kam almaq üçün) ona tərəf hərəkət etdi və əgər Yusuf öz Rəbbinin dəlilini (özünün peyğəmbərlik məqamını və Allahın əzəmətini) görməsəydi, təbii olaraq o da (yaxınlıq etmək üçün) ona tərəf hərəkət edərdi (lakin dəlili görə-görə onun belə bir hərəkət etməsi qeyri-mümkün idi). [Və ya: O qadın (zina etmək üçün) ona tərəf hərəkət etdi. Əgər öz Rəbbinin dəlilini görməsəydi (Rəbbi onu səhnədən qaçmağa istiqamətləndirməsəydi) o da (müdafiə olunmaq məqsədi ilə onu vurmaq və ya öldürmək üçün) ona tərəf hərəkət edərdi.] Biz belə etdik ki, pisliyi (adam öldürməyi) və zina (ittihamı)nı ondan sovuşduraq. Həqiqətən o bizim seçilmiş bəndələrimizdən idi.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə