Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Və onların hər ikisi qapıya tərəf qaçdı və qadın onun köynəyini arxadan cırdı. (Qapı açılanda) hər ikisi qadının ağasını (ərini) qapı ağzında gördülər. Qadın dedi: «Sənin ailənə qarşı pis fikrə düşənin cəzası zindana salınmaqdan və ya ağrılı əzab görməkdən başqa nə ola bilər?!»
(Yusuf) dedi: «Bu qadın məndən kam almaq istədi.» Və qadının ailəsindən olan bir şahid (bir müdrik kişi və ya beşikdə olan bir körpə) şəhadət verdi (onları əqli dəlilə doğru istiqamətləndirdi və o, köynəyin necə cırılması məsələsidir) ki: «Əgər onun köynəyi qabaqdan cırılıbsa, onda qadın düz deyir və o, yalançılardandır.»
«Və əgər onun köynəyi arxadan cırılıbsa, onda qadın yalan deyir və o doğruçulardandır.»
Beləliklə, (ağası) onun köynəyinin arxadan cırıldığını görəndə dedi: «Bu, siz qadınların məkr və hiyləsindəndir. Doğrudan da sizin (kişilərin ürəklərini cəlb etmək üçün) hiyləniz böyükdür.»
«Ey Yusuf, sən bu hadisədən (onu faş etməkdən) daşın və sən də (ey qadın) günahının bağışlanmasını dilə ki, həqiqətən sən xəta edənlərdən olmusan.»
Və şəhərdə (Misirdə) qadınlardan bir neçəsi dedi: «Əzizin (Misir valisinin) zövcəsi öz qulundan kam almaq istəyir! Onun məhəbbəti ürəyinin pərdəsindən qəlbinin dərinliklərinə sirayət edib. Həqiqətən biz onu açıq-aşkar bir azğınlıqda görürük.»
Beləliklə, (Əzizin arvadı) onların məkrli sözlərini eşidəndə, arxalarınca (adam) göndərdi və onlar üçün mütəkkə hazırladı. Hər birinin əlinə (meyvə soymaq üçün) bir bıçaq verdi və (salam vermək və qonaqlara qulluq etmək bəhanəsilə Yusufa) dedi: «Onların məclisinə çıx». Qadınlar Yusufu gördükdə onu böyük hesab etdilər və (gözəlliyinə elə valeh oldular ki,) əllərini bərk kəsdilər və (təəccüb və heyranlığın şiddətindən) dedilər: «Pakdır Allah! Bu, bəşər deyildir! Bu, yalnız möhtərəm bir mələkdir!»
Qadın dedi: «Bu həmin şəxsdir ki, məni (arxamca) ona görə məzəmmət edib qınadınız. Əlbəttə, mən ondan kam almaq istədim, o isə çəkindi. Əgər o yenə də ona etdiyim əmrləri yerinə yetirməsə, zindana salınacaq və şübhəsiz, alçalmışlardan olacaqdır.»
. (Yusuf) dedi: «Ey Rəbbim, mənim üçün zindan bunların məni dəvət etdiklərindən daha xoşdur və əgər bu qadınların məkr və hiyləsini məndən dəf etməsən, onlara meyl edər və nadanlardan olaram.»
Beləliklə, Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan dəf etdi. Həqiqətən O, eşidən və biləndir.
O zaman, (Yusufun günahsızlıq) nişanələri(ni - şahidin sözü, köynəyin arxadan cırılması və onun mənəvi saflığı kimi dəlilləri) gördükdən sonra onu müəyyən bir müddətə qədər zindana salmaq qərarına gəldilər.
Yusufla birgə zindana (şahın) iki qul(u) da daxil oldu. Onlardan biri dedi: «Mən (yuxuda,) özümün (şərab düzəltmək üçün) üzüm sıxdığımı görürdüm.» Və o birisi dedi: «Mən (yuxuda) gördüm ki, başımın üstündə çörək aparıram və quşlar ondan yeyirlər. Bizə bunların (yuxuların) yozumundan xəbər ver. Həqiqətən biz səni yaxşılıq edənlərdən görürük.»
(Yusuf) dedi: «Sizin gündəlik yemək payınız sizə gəlib çatmamışdan qabaq mən sizə o yuxunun yozumunu xəbər verəcəyəm. Bu (yuxu yozmaq elmi) Rəbbimin mənə öyrətdiklərindəndir. Çünki mən Allaha imanı olmayan və axirətə kafir olan bir qövmün dinini tərk etmişəm.»
«Və atalarım İbrahimin, İshaqın və Yəqubun dininə tabe olmuşam. Biz(im ailəmiz)ə Allaha heç bir şeyi şərik qoşmaq yaraşmaz. Bu (tovhid və hidayət), Allahın bizə və bütün insanlara olan lütflərindəndir. Lakin insanların çoxu şükr etmirlər.»
«Ey mənim iki zindan yoldaşım, (bütlər, ulduzlar və sairə kimi) çoxlu və pərakəndə tanrılar yaxşıdır, yoxsa tək və (varlıq aləminə) hakim olan Allah?»
«Sizin Allahın yerinə ibadət etdikləriniz özünüz və atalarınızın adlandırdığı və onlar(a ibadət etməyin düzgün olması) barədə Allahın heç bir dəlil-sübut nazil etmədiyi (məzmunsuz və quru) adlardan başqa bir şey deyildir. Mütləq hökm və (varlıq aləmi üzərində) hakimiyyət yalnız Allaha məxsusdur. O, Ondan başqasına ibadət etməməyinizi əmr etmişdir. Budur sabit və möhkəm din! Lakin insanların çoxu (bunu) bilmirlər.
«Ey mənim iki zindan yoldaşım! Amma (yuxularınızın yozulmasına gəldikdə,) sizdən biriniz (azad olacaq və) öz ağasına şərab içirəcəkdir. O birisi isə dar ağacından asılacaq və quşlar onun başından (beynindən) yeyəcəklər. Siz iki nəfərin, yozumunu istədiyiniz işin hökmü (Allah tərəfindən) verilmişdir və onun baş verməsi qətidir».
Və (Yusuf) o iki nəfərdən, xilas olacağını bildiyi birinə dedi: «Məni öz ağanın yanında yada sal.» Lakin Şeytan ona ağasının yanında onu yada salmağı unutdurdu. Buna görə də Yusuf bir neçə il (üç il ilə doqquz il arasında) zindanda qaldı.
Və (bir gün) şah dedi: «Mən (yuxuda) yeddi arıq inəyin yediyi yeddi kök inək, həmçinin yeddi yaşıl sünbül və (yaşıl sünbüllərə sarılaraq onları qurudan) digər quru sünbüllər gördüm. Ey tayfa başçıları, əgər yuxu yozursunuzsa, mənə yuxum barədə fikir bildirin.»
Dedilər: «Qarma-qarışıq yuxulardır və biz qarma-qarışıq yuxuların yozumunu bilmirik».
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə