Əsas məzmuna keç

Əl-İsra surəsi - 57-ci Ayə

Surə 17
Ayə 57

Azərbaycan dilində tərcümə

(Bu kafirlərin tanrı kimi) çağırdıqlarının özləri hansının (Allaha) daha yaxın olması(nı bilmək) üçün öz Rəbbinə bir vasitə axtarır, Onun rəhmətinə ümid bəsləyir və Onun əzabından qorxurlar. Həqiqətən sənin Rəbbinin əzabı qorxulası və çəkiniləsidir.
Tam Surə

Əl-İsra surəsi 57-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 57

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Onların çağırdıqları (İsa və ya mələklər) özləri Rəblərinə yaxınlıq üçün daha yaxın bir vasitə axtarırlar. Onun rəhmətinə ümid edir, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabı həzər qılınasıdır.”
Nöqtələr
Ayə belə də tərcümə oluna bilər: "Xalqı haqqa dəvət edən peyğəmbərlər özləri də onları daha tez və daha çox Allaha yaxınlaşdırası vasitə sorağındadırlar. Allaha yaxın peyğəmbər belə Ona doğru daha çox can atmaqdadır.
Bir çox rəvayətlərdə ayə ilə bağlı bildirilir ki, insanda ümid və qorxu eyni həddə olmalıdır. Əks-təqdirdə, insan ya məyus olur, ya da qürrələnir.
Bildirişlər
1. Ümid və qorxu bağlılıq və zəiflik nişanəsidir. Özü vasitə sorağında olan insanı hansı əsasla vasitə seçmək olar?!
2. Allaha yaxınlıq üçün yollar və vasitələr mövcuddur.
3. Vasitə axtaran və şəfaət sorağında olan insan ilahi əzabı yaddan çıxarmamalıdır.
4. Allaha yaxınlıqda yarış və müsabiqənin dəyəri var. (Allaha daha yaxın olan kəsin yaxınlıq üçün vasitə axtarışı, səyi də çoxdur).
5. Ən üstün vasitə insanı Allaha yaxınlaşdıran vasitədir.
6. Allahın mərhəməti onun qəzəbindən öndə gəlir. (Mərhəmətə ümid əzab qorxusundan əvvəl zikr edilir.)
7. Əzab Allahın rübubiyyət şənindəndir, onunla zarafat olmaz.