NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 78
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Namazı günəş (məğribə doğru) dönən vaxtdan gecənin qaranlığınadək qıl. Eləcə də, sübh (Quranın qiraətini). Həqiqətən, (sübh namazında) Quran (qiraəti mələklər tərəfindən) müşahidə olunur.”
Nöqtələr
"Duluk” dedikdə günəş orta xəttdən məğribə doğru meyl etdiyi vaxt nəzərdə tutulur. Bu, eniş vaxtıdır. Uyğun vaxt günorta və ikindi (zöhr və əsr) namazlarının vaxtıdır. "Ğəsəqil-ləyli”, yəni gecənin qaranlığı şam və xüftən (məğrib və işa) namazlarının vaxtıdır. Həmin vaxt qaranlıq ətrafı bürüyür. "Fəcr”, yəni sübh ağartısı məqamı isə sübh namazının vaxtıdır.(Kafi”, c. 2, s. 275)
İmam Sadiq (ə) buyurur: "İlkin olaraq günorta (zöhr) namazı vacib oldu.” Sonra imam bu ayəni tilavət etdi.("Təfsiri-Əl-Mizan” )Digər bir rəvayətdə deyilir: "Əgər sübh namazı fəcrin əvvəlində qılınsa, həm gecə, həm gündüz mələkləri onu qeydə alar.”(Bax: "Kənzul-Ummal”, h. 19698 ) Sübh namazının müşahidə olunması məsələsi də həmin nöqtəyə işarə ola bilər.("Səfinətul-Bihar” ) Yəni hər iki qrup mələk onu müşahidə edib şəhadət verir.
Bildirişlər
1. İslamda vaxt təbii yolla müəyyənləşdirilir. Bu üsul hamı tərəfindən, hər yerdə və həmişə başa düşüləndir.
2. Dini proqramlarda vaxt bölgüsü var.
3. Namaz "Quran” adı ilə vəsf olunan yeganə ibadətdir.
4. Namazda Quran oxunması əsas mehvərdir.("Bihar”, c. 84, s. 140 )
5. Namazlar arasında sübh namazının xüsusi yeri var.