Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 106-cı Ayə

Surə 16
Ayə 106

Azərbaycan dilində tərcümə

Qəlbi imanla rahatlıq tapdığı (və imana bağlı) halda (küfr deməyə) məcbur olan şəxs istisna olmaqla, kim imanından sonra Allaha küfr etsə A (hər kafirə deyil,) öz sinələrini küfrlə şad edib genişləndirənlərə Allah tərəfindən bir qəzəb və böyük bir əzab vardır (küfr sözlər danışmağa məcbur edilənlər isə Allahın qəzəbinə düçar olmayacaqdır).
Ən-Nəhl surəsi , 106-cı ayə
Ən-Nəhl surəsi 106-cı ayə
Tam Surə

Ən-Nəhl surəsi 106-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 106

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"(Küfrə) vadar edilib qəlbində imanına əmin olan kəs istisna olmaqla, iman gətirdikdən sonra (azad şəkildə) Allahı inkar edən, küfrə ağuşunu açan kəs üçün Allah tərəfindən qəzəb var. Onları böyük əzab gözləyir.”
Nöqtələr
İlkin İslam dövründə Məkkə kafirləri iman gətirdiyi üçün Əmmarın ata-anasını işgəncə ilə şəhadətə yetirdilər. Növbə Əmmara çatanda o, kafirlərin tələb etdiyi sözləri təkrarlayıb canını qurtardı. Bəzi müsəlmanlar Əmmarı qınadılar, onu İslamdan üz döndərməkdə ittiham elədilər. Əmmar ağlar halda Peyğəmbərin (s) yanına gəldi. Peyğəmbər (s) əlini nəvazişlə onun başına çəkib dedi: "Əgər yenə canın təhlükəyə düşsə, həmin sözləri de və canını qurtar. Sən başdan ayağa imansan.” Belə bir əməl təqiyyəyə aid olunur. Təqiyyənin öz hökmləri var. Amma bilməliyik ki, təqiyyənin müxtəlif halları mövcuddur. Bəzən təqiyyə vacib olur, bəzən isə candan keçib haqq sözü təkrarlamaq lazım gəlir. Fironun sehrbazlarını yada salaq. Onlar həzrət Musanın möcüzələrini görüb dərhal iman gətirdilər və Fironun hədələrindən çəkinməyərək dedilər: "Nə istəyirsənsə et, biz öz imanımızdan əl çəkən deyilik.” Firon onları şəhadətə yetirdi. Sahirlərin bu hərəkəti Quranda mədh olunur. Əlbəttə ki, təqiyyə dindən çıxmaq, zəiflik, qorxu, geri çəkilmək, özünü aldatmaq və təslimçiliyi nəzərdə tutmur. Təqiyyə əslində bir növ məxfi fəaliyyətə keçmə, imkanları qorumaq üçün taktiki gedişdir. Rəvayətlərdə təqiyyə sipərə bənzədilmişdir.
Bildirişlər
1. Mürtədin, dindən çıxanın cəzası dünya və axirətdə ilahi qəhr-qəzəbdir.
2. İnsan üçün pis aqibət təhlükəsi var.
3. İslam istisna və zəruri hallarda ayrıca hesab çəkir.
4. İnsan məcbur olduqda onun vəzifəsi dəyişir.
5. Təzyiq altında etiraf dəyərsizdir.
6. İslamın ruhunu iman qəlbi təşkil edir.
7. İnsanın cismini məcbur etmək mümkünsə də, qəlbini döndərmək mümkün deyil.
8. Ən çirkin küfr müsəlmanlara arxa çevirib küfrə qucaq açmaqdır.
9. İman iki növdür: İnsanın ruhuna qatılan sabit iman və bünövrəsiz, ötəri iman.