NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 61
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Əgər Allah insanları etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlı qalmazdı. Amma onların cəzasını müəyyən vaxtadək təxirə salar. Elə ki, əcəlləri çatdı, onu bir saat sonraya ata bilməz, bir saat irəli çəkə bilməzlər.”
Nöqtələr
Ümumi qanunçuluğa əsasən əzab təxirə salınırsa da, bəzən Allah başqalarına ibrət olsun deyə sitəmkarları cəzalandırır. Lut, Nuh və Səmud qövmünün başına gələnlər buna misal ola bilər.
Sual: Nə üçün ayədə insanın günahına görə bütün canlıların məhv olunması bildirilir?
Cavab: Ayədəki "dabbə” sözü ya təkcə insana aiddir, ya da insan nəslinin məhvi ilə bütün canlıların məhvi nəzərdə tutulur. Çünki bütün digər canlılar insana xatir yaradılmışdır.
İmamdan soruşurlar ki, nə üçün bəzi ölülərin gözü açıq, bəzilərininki bağlı olur? Həzrət buyurur: "Çünki əcəl gələndə gözləri açıq olanlar onu bağlamağa, gözləri bağlı olanlar da onu açmağa fürsət tapmırlar.”
Bəzi zülmlərin təhlükəsi və təsiri çox böyükdür və bütün canlı aləm üçün qorxuludur. Quranda buyurulur: "Qorxun o günahlardan ki, onun ağrısı yalnız sitəmkarları bürüməz.”
Bildirişlər
1. İlahi cəza öz zülmümüzdən qaynaqlanır.
2. Zülm-sitəm ev yıxandır və bəşər nəslinin varlığını hədələyir.
3. Möhlət vermək və cəzanı təxirə salmaq Allahın sünnəsi, qanunudur.
Allahın işində təxir olsa da, ləğv yoxdur. İlahi əzabın gec-tezi var, amma ləğv olunmaz.
4. Allahın möhlətinin sonu var.
5. Allah Öz lütfü əsasında insanların tövbəsi üçün möhlət verir. Bu möhlət sizi qürrələndirməsin.
6. Sitəmkarların azad buraxılması onların haqlı olduğunu göstərmir.
7. Əcəl dəyişməzdir.