NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 71
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Allah ruzi baxımından sizlərdən bəzisini digərlərindən üstün etmişdir. Üstün edilənlər öz ruzilərini tabeçiliklərində olanlara verməzlər ki, hamı bərabər olsun. Yoxsa Allahın nemətini inkar edirsiniz?”
Nöqtələr
Bəzi rəftarların müxtəlif hallarda fərqli təsirləri var. Məsələn, başqalarına mərhəmət bəyənilmiş işdir. Amma bəzən şairin təbirincə:
İti dişli qurda olunan hörmət
Qoyunlara qarşı böyük cinayət.
Bəzilərinə elm öyrətmək sərxoş insanın əlinə bıçaq vermək kimidir. Ədalətli rəftar hər yerdə, hamıya münasibətdə bir dəyərdir və ədalətə riayət olunması heç vaxt pis sayılmır. Amma bütün xalqın istedad və şərait baxımdan eyni dərəcədə müəyyənləşməsi ədalət deyil. Əgər bütün insanlar nemətlərdən eyni dərəcədə bəhrələnsəydilər, işə təyinat, qarşılıqlı yardım və həmkarlıq kimi ictimai zərurətlər aradan götürülərdi. Quran "Zuxruf” surəsinin 32-ci ayəsində buyurur: "İnsanlardan bəzisini bəzilərindən üstün etdik ki, biri o birini işə götürsün.”
Ruziyə münasibətdə insanlar arasındakı fərq Allahın hikmətli proqramlarındandır. Bütün insanlar eyni dərəcədə bəhrələnsəydilər, mənəvi kamilliklər üzə çıxmazdı. Məsələn, səxavət, səbir, isar, himayə, şəfqət, təvazö və bu kimi başqa səciyyələr yalnız insanlar arasında fərq olduqda ortaya çıxır.
Ayə başqa şəkildə də mənalandırıla bilər: varlı insanların öz imkanlarını tabeçiliklərində olanlarla bölüşməməsi xəsislik ünvanında tənqid olunur. Ayədə belə bir məna da nəzərdə tutula bilər ki, bəzi nemətləri başqaları ilə bölüşmək mümkünsüzdür. Məsələn, insan öz gözəlliyini, ağlını, yetkinliyini, sevimliliyini, nüfuzlu danışığını başqaları ilə necə bölüşsün?! Bütün bu fərqlər təkamül rəmzidir və Allahın nemətlərindən biridir.
Bəzən insan zülm, haqqı tapdamaq, istismar yolu ilə kama çatır. İslam bu sayaq gəlirləri haram sayır. Bəzən isə ruzi Allahın lütfü olaraq halal yolla artır. Məsələn, iki nəfər şəxs balıqçılıqla məşğuldur. Onlardan birinin toruna yüzlərlə, o birinə isə bir neçə balıq düşür. Belə məqamda varlılıqla yoxsulluq Allah tərəfindən müəyyənləşir. Məqsəd varlını var, yoxsulu yoxsulluq vasitəsi ilə sınağa çəkib onların istedadlarını üzə çıxarmaqdır. Bu işdə heç bir mənfi yönüm yoxdur. Ayədə bu sayaq hallar nəzərdə tutula bilər.
Əbuzər nəql edir ki, həzrət Peyğəmbər (s) buyurdu: "Öz qullarınıza münasibətdə bərabərliyi gözləyin. Onlar sizin qardaşlarınızdır. Öz geyindiyinizdən onlara geyindirin, öz yediyinizdən onlara yedirin.”
Rəvayətdə oxuyuruq: "Bəziləri var-dövlət, bəziləri isə yoxsulluq vasitəsi ilə islah olur. Buna görə də hikmət sahibi olan Allahın iradəsinə razı olun.”
Bildirişlər
1. Ruzi təkcə zirəklikdən asılı deyil.
2. İnsan öz imkanlarını tabeçiliyində olanlarla bölüşmək istəmir. Bəs nə üçün daşı, ağacı Allaha şərik qərar verir?
3. Başqalarına biganəlik, onlara yardımdan imtina nankorluqdur.