"Torpaq" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Torpaq" üzrə 63 ayə tapıldı.
Ey iman gətirənlər, sədəqələrinizi malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. O, üzərinə (azacıq) torpaq oturmuş və sonra leysan yağışın yağıb onu təmiz (torpaq və bitkisiz) bir daş halına saldığı möhkəm və hamar daşa bənzəyir (onun sədəqəsi leysanın yuyub apardığı həmin torpaq kimidir). Onlar (riyakarlar) kəsb etdiklərindən heç bir şey əldə etməyəcəklər. Allah kafir qövmü hidayət etmir.
Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona «(canlı insan) ol!» dedi, o da oldu. (Sanki sən onun olmasını görürdün. Əlbəttə Adəmin cüssəsi çöldə, İsanınkı isə ana bətnində yaradıldı və onların hər ikisi Allahın əzəli əmri ilə, atasız insan oldular. Əgər belə bir iş allahlığa dəlalət edirsə, onda gərək onların hər ikisi allah olsunlar.)
Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən (onların birinci nəslində ilkin şəriət qanunlarına müvafiq olaraq və ya naçarlıqdan bacı ilə qardaşın evlənməsi və ya qızlar üçün Cənnət oğlanları, oğlanlar üçün isə Cənnət qızları nazil etmək yolu ilə) çoxlu kişi və qadın (törədib) yaydı. Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan və qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini qırmaq)dan qorxun. Həqiqətən, Allah daim sizə nəzarət edir.
Həmin gün kafirlər və Allahın elçisinə itaətsizlik edənlər arzu edərlər ki, kaş yerlə (torpaqla) yeksan olaydılar! Allahdan heç bir sözü gizlədə bilməzlər.
Ey iman gətirənlər, sərxoş halda (sərxoşluğunuz aradan gedənə və) nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın. Həmçinin müsafir olduğunuz (və onda su tapmadığınız) hal istisna olmaqla cənabətli halda qüsl edənə kimi (namaza yaxınlaşmayın). Eləcə də cənabətli halda qüsl edənə kimi məscidə yaxınlaşmayın. Keçməyiniz (bir qapıdan girib digərindən çıxmaq) istisnadır. Əgər xəstə ya səfərdə ikən, sizdən biri ayaqyolundan gəlmiş, ya qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız (və ya sudan istifadə etməməyə üzürlü səbəb olsa) pak torpaq axtarın və (iki əlinizi ona vurduqdan sonra) üzünüzə və əllərinizə sürtün. Doğrudan da Allah əfv edən və çox bağışlayandır.
Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Əgər cənabətli olsanız yuyunun (qüsl edin). Əgər xəstə və ya səfərdə ikən sizlərdən biri ayaqyolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. (Hər iki əlinizin içini ona vurduqdan sonra) həmin torpaqdan üzünüzə və əllərinizə çəkin (təyəmmüm edin). Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükr edəsiniz.
(Allah) dedi: «Bu torpaq (günahlarının cəzası olaraq) qırx il onlara haram oldu. (Bu müddət ərzində) onlar daim yer üzündə (Sina çölündə) sərgərdan qalacaqlar. Odur ki, bu itaətsiz dəstəyə görə qəmgin olma».
Şübhəsiz, Biz sizi(n ulu babanız Adəmi əvvəlcə xəmir mayası kimi yer üzündəki torpaqlardan) yaratdıq, sonra həmin maddəni siz insanların şəklində surətlərə ayırdıq, sonra (ona ruh üfürəndən sonra) mələklərə dedik: «Adəmə səcdə edin.» Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdilər, o isə səcdə edənlərdən olmadı.
«Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə təqva libası daha yaxşıdır.» Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar.
De: «Rəbbim ədalətə əmr etmişdir. Və «üzünüzü və diqqətinizi hər səcdə və namazda, hər namaz vaxtı və hər bir məsciddə (Allaha) yönəldin və din və itaəti yalnız Onun üçün xalisləşdirərək Onu çağırın» (deyə buyurmuşdur). Sizi əvvəldə yaratdığı kimi (Qiyamət günü) qayıdacaqsınız» (cisminizi torpaqdan yaratdığı kimi ölümdən və cisminizdə parçalanma yarandıqdan sonra, yenidən onun səhnəsinə qayıdacaqsınız. Öz əzəli elmində sizin xoşbəxt və bədbəxt olmağınız hökmünü verdiyi kimi həmin iki halın gerçəkləşməsiylə Məhşərə qayıdacaqsınız. Lakin əzəli elmdə verilmiş xoşbəxtlik və bədbəxtlik hökmünün gerçəkliklə üst-üstə düşməsi ixtiyaridir).
Küləkləri rəhmətindən (yağışdan) qabaq müjdəçi olaraq göndərən Odur. Belə ki, (külək) ağır yüklü buludları götürdüyü zaman, Biz onu ölü məmləkətə tərəf qovuruq. Beləliklə, onun vasitəsilə suyu (yağış, qar və dolu şəklində) nazil edir, bu yolla (torpaqdan) hər növ meyvə və toxum çıxarırıq. (Qiyamət günü) ölüləri də belə çıxaracağıq. (Bu misalı çəkdik ki,) bəlkə öyüd-nəsihət aldınız.
Onlar dedilər: «Biz həm sən bizə gəlməmişdən qabaq və həm də gəldikdən sonra əzab-əziyyət çəkdik!» Dedi: «Ümid var ki, Rəbbiniz düşməninizi həlak və sizi bu torpaqda canişin etsin, beləliklə də necə davranacağınıza baxsın.»
Və (fironçular tərəfindən) həmişə zəif və aciz hesab edilən dəstəni o torpaqların çox xeyir-bərəkətli etdiyimiz şərq və qərblərinin (Şam və Fələstin torpaqlarının) varisi etdik. Rəbbinin İsrail övladlarına olan gözəl sözü (onların zəfər vədi) onların səbrlərinin mükafatı olaraq tamamilə gerçəkləşdi və Fironun və onun qövmünün tikdiklərini (ev, saray və qüllələrini) və çardağa qaldırdıqlarını (üzüm tənəklərini) viran və məhv etdik.
Və (yada salın) o zaman(ı) ki, siz yer üzündə az idiniz və zəif sayılırdınız. Həmişə insanların (Qüreyşin və digər kafirlərin) sizi (bu torpaqda) aradan götürmələrindən qorxurdunuz. Allah, bəlkə şükr edəsiniz deyə sizə yer verdi, sizi Öz köməyi ilə gücləndirdi və (dünya nemətlərinin) paklar(ın)dan sizə ruzi verdi.
Və Səmud qövmünə onların (qan və ya qəbilə) qardaşları Salehi (göndərdik). O dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin Ondan başqa bir tanrınız yoxdur. Sizi (ilk ata və ananızı bilavasitə, onların nəslini isə vasitə ilə) yerdən (torpaqdan) yaradan və sizə orada həyat verən və sizdən oranı abadlaşdırmağınızı istəyən Odur. Buna görə də, Ondan (günahlarınız üçün) bağışlanmaq diləyin, sonra (yaxşı əməllərlə) Ona tərəf qayıdın. Şübəsiz, mənim Rəbbim (Öz bəndələrinə) yaxın və (onların dualarını) qəbul edəndir».
Əgər (bir şeyə) təəccüblənirsənsə, onda təəccüblü onların (dedikləri) «məgər (öləndən sonra) torpaq olan zaman biz doğrudanmı yeni bir yaradılışda olacağıq?» sözləridir. Onlar özlərinin Rəbbinə küfr etmiş kəslərdir və onların boyunlarında (dünyada zəlalət, axirətdə isə od) zəncirlər(i) vardır. Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar.
O, verilmiş müjdənin pisliyindən öz qəbiləsindən qaçıb gizlənər (və bilməz ki,) görəsən onu xəcalətlə saxlasın, ya (diri-diri) torpaq altında gizlətsin? Bilin, pis hökm çıxarırlar!
O gün ki, sizi (sizin Bərzəx ruhlarınızı və torpaqda dağılmış cəsədlərinizi yaradılış iradəsi ilə) çağıracaq, beləliklə siz (bədən üzvlərinizin bir yerə toplanması, dünyada olduğu şəkli alması və Bərzəx ruhlarının onlara daxil olması ilə) Ona sitayiş edən halda (Onun dəvətinə) cavab verəcək (və əmrini yerinə yetirəcək)siniz. Və (həmin vaxt dünyada və Bərzəx aləmində) yalnız az bir zaman qaldığınızı güman edərsiniz (dünya və Bərzəxin hər ikisi sizin nəzərinizdə axirət əbədiyyəti müqabilində az görünəcəkdir).
Onunla söhbət etməkdə olan (mömin) yoldaşı (Qiyamətin inkarını rədd edərək) ona dedi: «Səni torpaqdan, sonra isə nütfədən yaradan, daha sonra kamil bir kişi surətinə salana küfr etdin?» (Özünün və zahiri səbəblərin müstəqil olması etiqadı ilə Qiyaməti inkar etmək Allah qarşısında rübubiyyətdə şirk və haqqa küfr etməkdir).
Sizi ondan (torpaqdan) yaratdıq (ulu baba və nənənizi möcüzəvi şəkildə vasitəsiz və birbaşa, nəslinizin digər davamçılarını isə vasitə ilə və tədricən torpaqdan yaratdıq), (öləndən sonra) ona qaytaracaq və bir daha (Qiyamətdə) ondan çıxaracağıq.
63 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
4 Səhifə