Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Küfr edənlər iman gətirənlər barəsində dedilər: «Əgər bu (Qur’an və ya din) yaxşı şey olsaydı, onlar (yoxsullar və aşağı təbəqədən olanlar) onun qəbul edilməsində bizdən qabağa düşməzdilər.» Onlar onun vasitəsilə hidayət olunmadıqları üçün «bu (kitab) qədim və köhnə bir yalandır» deyəcəklər.
(O necə uydurma ola bilər) halbuki ondan qabaq Musanın (səma) kitabı (cəmiyyətin) rəhbər(i) və mərhəmət (idi). Və bu (Qur'an Musanın kitabını) ərəbcə təsdiqləyən bir kitabdır ki, zülm edənləri qorxutsun və yaxşı əməl sahibləri üçün bir müjdə olsun.
Şübhəsiz, (qəlblərinin dərinliklərindən) «bizim Tanrımız Allahdır» deyib sonra (onun əsasında) möhkəm dayananlar üçün (axirət aləmində) nə bir qorxu var və nə də qəmgin olarlar.
Biz insana ata-anasına (xüsusilə anaya) yaxşılıq etməsini tövsiyə etdik. Çünki anası onu(n vücud yükünü) çətinliklə daşıyıb və əziyyətlə yerə qoyub. Onun (ana bətnində) daşınması və süddən ayrılması (ana bətnində qalması ilə süd əmmə müddəti üst-üstə) otuz aydır (ki, bu ən qısa hamiləlik müddəti olan altı ay ilə ən çox süd vermək müddəti yəni iki ilin cəmidir və yaxud ən çox hamiləlik müddəti olan bir il ilə ən az süd vermək müddəti on səkkiz ayın hasilidir). Nəhayət o, öz (cisim və ağıl) qüvvəsinin kamal həddinə və qırx yaşına çatanda deyər: «Ey Rəbbim! Məni ilhamlandır və müvəffəq et ki, mənə və ata-anama verdiyin nemətin şükrünü yerinə yetirim və Sənin razı qaldığın saleh əməllər edim. Və övladlarımı mənim üçün əməlisaleh (övlad) et. Mən Sənə tərəf qayıtdım və şübhəsiz, təslim olanlardanam.» (Ayə əməlisaleh mömin insan barəsindədir.)
Onlar çox yaxşı əməllərini qəbul etdiyimiz və verilmiş doğru vədə əsasən Cənnət əhli zümrəsində günahlarından keçdiyimiz kəslərdir.
Öz ata-anasına «heyf sizə! Məndən əvvəl əsrlər boyu insanların (gəlib) keçdikləri (və onlardan heç kəsin dirilmədiyi) bir halda siz mənə (öləndən sonra torpaqların arasından) çıxarılacağımı vəd edirsiniz?!» deyən kəs(ə gəldikdə isə): O ikisi daim Allahdan (onun iman gətirməsi barəsində) kömək diləyir (və deyirdilər): «Vay olsun sənə! İman gətir. Allahın vədi mütləq haqdır.» Lakin o deyirdi: «(Sizin) bu (sözləriniz) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir.»
Belələri onlardan qabaq (olub) keçmiş insan və cin tayfaları arasında barələrində Allahın sözü (kafirlərin cəhənnəmlik olmaları haqqındakı vədi) qətiləşmiş kəslərdir. Onlar doğrudan da ziyana uğramışdılar.
(Mömin və kafirlərin) hər biri üçün etdikləri əməllərindən qaynaqlanan (iman və küfr, səadət və bədbəxtlik, mükafat və cəza) dərəcələr(i) vardır. (Bu davranış bir sıra səbəblərə görə) və Allahın onların əməllərini(n əvəzini və ya gerçək təzahürünü) onlara kamil şəkildə verməsi üçündür. Və onlar əsla zülmə məruz qalmazlar, savabları kəsilməz yaxud cəzaları artırılmaz.
Kafirlər oda göstəriləcəkləri gün (onlara belə deyiləcəkdir): «Siz dünya həyatınızda (günahlara batmaqla) bütün kef və ləzzətlərinizi aldınız, orada bəhrələndiniz. Odur ki, yer üzündə nahaq təkəbbür göstərdiyinizə görə və itaətsizliyinizin cəzası olaraq bu gün alçaldıcı əzabla cəzalandırılacaqsınız.»
Və Ad qövmünün qəbilə qardaşını (Hudu və onun hekayətini) yada sal. O zaman(ı) ki, o, (Yəməndəki) qumluqda öz qövmünü qorxutdu. Əlbəttə (həmin bölgədə) ondan əvvəl də, sonra da qorxudanlar (olub) keçmişdilər. (O dedi:) «Allahdan başqa heç kəsə ibadət etməyin. Çünki mən sizin üçün böyük günün əzabından qorxuram.»
Dedilər: «Bizi öz məbudlarımızdan döndərməyə gəlmisən? Belə isə əgər doğruçulardansansa bizə vəd etdiyini (gözlənilməz və kütləvi əzabı) gətir!»
Dedi: «Elm yalnız Allahın yanındadır (həmin əzabın nə, necə və nə vaxt olacağını yalnız Allah bilir) və mən yalnız (çatdırılmasına) göndərildiyim şeyi çatdırıram (tovhidə dəvət edir və itaətsizlik göstərib həddini aşanları əzab nazil olmasından qorxuduram). Lakin sizi həmişə nadanlıq edən bir tayfa görürəm.»
Beləliklə əzabı yayılmış bulud şəklində öz dərə və gölməçələrinə üz tutmuş görəndə dedilər: «Bu, bizim üçün yağış yağdıracaq bir buluddur.» (Hud dedi: «Xeyir,) əksinə, o sizin tələskənliklə istədiyinizdir, ağrılı əzabı olan bir küləkdir
ki, Rəbbinin əmri ilə hər şeyi (bütün canları və mal-dövləti) həlak və məhv edəcəkdir.» Beləliklə onlar elə (həlak) oldular ki, məskənlərindən başqa heç nə görünmürdü. Biz günahkarların tayfasını belə cəzalandırırıq.
Həqiqətən biz onlara (cismani qüvvə, mal-dövlət və övlad baxımından) sizə vermədiyimiz şeylərdə imkan və qüdrət vermişdik və onlar üçün qulaq, gözlər və ürəklər yaratmışdıq. Lakin nə qulaqları, nə gözləri və nə də ürəkləri onlardan (Allahın gələn əzabından) bir şeyi dəf etdi. Çünki onlar daim Allahın ayələrini inkar edirdilər və (nəhayət) istehza etdikləri şey onları hər tərəfdən bürüdü.
Həqiqətən Biz siz (Məkkə əhlin)in ətrafınızda olan cəmiyyətləri (Hicr yoldaşlarını, Səmud və Lut qövmlərini) həlak etdik və onlara (Özümüzün) müxtəlif (tovhid və əzəmət) ayələri(mizi) göstərdik ki, bəlkə (haqqa) qayıtdılar.
Bəs nə üçün Allahın yerinə özləri üçün (Allaha) yaxınlaşmaq məqsədi ilə götürdükləri məbudlar (həmin əzablar nazil olan zaman) onlara kömək etmədilər, əksinə onların gözlərindən itdilər?! (Bəli,) onların yalan və azğınlıqları(nın) və uydurduqları(nın nəticəsi) bu idi.
Və (yada sal) o zaman(ı) ki, cinlərdən bir dəstəsini Qur’ana qulaq asmaq üçün sənin yanına göndərdik. Elə ki, onun yanına (oxunduğu yerə) çatdılar, (bir-birlərinə) dedilər: «Sakit olun və dinləyin!» Və elə ki, (Qur'an oxunub) sona çatdı, (peyğəmbər kimi) qorxudan olaraq öz qövmlərinin yanına qayıtdılar.
Dedilər: «Ey qövmümüz! Həqiqətən biz Musadan sonra nazil olub özündən əvvəlkiləri (keçmiş peyğəmbərləri və onların səma kitablarını) təsdiqləyən, haqqa və (əqidə, əxlaq və əməldə) doğru yola yönəldən bir kitab dinlədik.»
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə