Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Onların (münafiqlərin) elələri var ki, sən(in sözlərin)ə qulaq asır, nəhayət sənin yanından çıxanda (ilahi) elm verilmiş kəslərə (istehza ilə və ya mətləbə diqqətsizlikdən) «(peyğəmbər) indi nə dedi?» deyirlər. Onlar Allahın qəlblərinə (bədbəxtlik) möhür(ü) vurduğu və nəfsi istəklərinə tabe olan kəslərdir.
(Allah) doğru yolda olanların hidayətlərini (daha da) artırıb və onlara vəziyyətlərinə münasib pərhizkarlıq (ruhu) bəxş edib.
Belə isə məgər onlar (kafirlər) Qiyamətin qəflətən onlara yetişməsindən ayrı bir şey gözləyirlər? Şübhəsiz, onun əlamətləri (insanların şəriət baxımından məsuliyyət daşımaları, boyunlarına vəzifə qoyulması, itaətkarlıq və itəatsizliyin mövcudluğu, son peyğəmbərin göndərilməsi və ayın möcüzə olaraq parçalanması) artıq gəlmişdir. Odur ki, (Qiyamət gəlib) onlara yetişəndə, öyüd-nəsihətləri onlara necə və nə vaxt fayda verəcək?!
Bil ki, Allahdan başqa bir məbud yoxdur. Öz günahların (məsumluq məqamı üçün nisbi günah sayılan daha üstün əməlin tərk edilməsi) və mömin kişi və qadınlar(ın günahları) üçün bağışlanma dilə. Çünki Allah (dünyada) haldan-hala dəyişməyinizi və (axirətdə) məskunlaşacağınız və qərar tutacağınız yeri bilir.
İman gətirmiş kəslər «nə üçün (cihad barəsində) bir surə nazil edilmədi?» deyirlər. Möhkəm (aydın və qeyri-mütəşabih) bir surə nazil ediləndə və onda müharibədən söz salınanda isə qəlblərində xəstəlik (iman zəifliyi xəstəliyi) olanları ölüm bihuşluğunun burüdüyü bir kəs kimi sənə baxan görərsən. Buna görə də vay onların halına!
İtaətkarlıq və gözəl söz onlar üçün daha yaxşıdır. İş (müharibə) ciddiləşən zaman əgər Allaha sadiq olsalar (könüllü şəkildə cihada getsələr, bu) əlbəttə, onlar üçün daha yaxşı olar.
Odur ki, sizdən (siz münafiqlərdən və imanı zəif olanlardan) İslamdan üz döndərəcəyiniz (və ya İslamda qüdrət və hakimiyyətə çatacağınız) təqdirdə yer üzündə fəsad törətmək və öz qohumluqlarınızı (qohumluq əlaqələrinizi) tamamilə kəsməkdən başqa bir şey umulur?!
Belə isə məgər onlar bu Qur’an barəsində düşünmürlər, yoxsa ürəklər(in)ə onun (inadkarlıq, daşürəklilik və bədbəxtlik) qıfılları vurulmuşdur?
Həqiqətən Şeytan (kitab əhlindən) doğru yol aydın olduqdan sonra geriyə dönən (öz keçmiş əqidələrində qalan) kəslərin gözündə (batil və günah işləri) zinətləndirmiş və onları uzun-uzadı arzulara salmışdır.
Bunun səbəbi onların Allahın nazil etdiyini bəyənməyənlərə (Qüreyş kafirləri kimilərinə) «biz bəzi işlərdə (sizin müsəlmanlara qarşı gizli planlarınızda) sizə tabe olacağıq» demələridir. Allah onların gizli işlərini bilir.
Belə isə mələklər onların üzlərinə və arxalarına (qamçı) vura-vura canlarını alan zaman (onların halı) necə olacaq?
O (əzab) onların Allahı qəzəbləndirən şeyə tabe olmalarına (peyğəmbərə qarşı çıxmalarına, Tövrat və İncili təhrif etmələrinə) və Onun razılığını xoşlamadıqlarına görədir. Buna görə də (Allah) onların (xeyir) əməllərini puç və batil etdi.
Yoxsa qəlblərində xəstəlik (ikiüzlülük və iman zəifliyi xəstəliyi olan) kəslər Allahın onların kin və ədavətlərini heç vaxt üzə çıxarmayacağını (və onların iç üzlərini ifşa etməyəcəyini) zənn edirlər?!
Əgər istəsək onları sənə göstərərik (və) sən onları üz və simaları ilə tanıyarsan. Sən mütləq onları danışıq tərzlərindən tanıyacaqsan. Allah sizin (bütün) etdiklərinizi bilir.
Sizi mütləq (boynunuza dini vəzifələr qoymaqla) sınayacağıq ki, mücahidlərinizi və səbrlilərinizi bilək (Bizim əzəli elmimiz xarici gerçəkliklə üst-üstə düşsün) və sizin xəbərlərinizi (əməlləriniz barəsindəki məlumatları) araşdıraq.
Şübhəsiz, küfr edənlər, Allahın yolundan üz döndərərək onun qarşısını alanlar və doğru yol aydın olduqdan sonra Bizim peyğəmbərimizlə müxalifət və düşmənçilik edənlər Allaha əsla, azacıq belə zərər-ziyan vurmazlar və (Allah) tezliklə onların əməllərini puça çıxaracaqdır (dinə zidd əməllərini dünyada və xeyir əməllərini axirətdə puç və təsirsiz edəcəkdir).
Ey iman gətirənlər (şəriət hökmlərində) Allaha itaət edin, Onun peyğəmbərin(in şər’i vəzifə yaradan əmrlərin)ə itaət edin və öz (xeyir) əməllərinizi (dindən çıxmaq, Allaha və xalqa minnət qoymaq və əməlin puç olmasına səbəb olan digər günahlarla) batil etməyin.
Şübhəsiz, küfr edən və Allahın yolundan üz döndərərək onun qarşısını alan, sonra (da) kafir olaraq ölənləri Allah əsla bağışlamayacaqdır.
Buna görə də üstün olduğunuz, Allah sizinlə birgə olduğu və sizin əməllərinizi heç vaxt mükafatsız qoymayacağı bir halda zəiflik və süstlük göstərməyin və (düşməni) barışığa dəvət etməyin.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə