"Əl" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl" üzrə 4804 ayə tapıldı.
Və Biz Luta hökm (hikmət, hakimiyyət və hökm çıxarmaq) və (şəriət hökmləri və İbrahimin kitabının təlimlərinin) elm(ini) əta etdik və ona çirkin işlər görən cəmiyyət(in için)dən nicat verdik. Çünki onlar çirkin əməl sahibi və pozğun bir tayfa idilər.
Və Nuhu – onun bundan öncə (bu peyğəmbərlərdən qabaq Öz Allahını) səslədiyi zamanı (yada sal)! Biz onun duasını qəbul etdik, onu və (zövcəsi ilə bir oğlundan başqa bütün) ailəsini o böyük qəmdən (qövmünün küfr və nankorluğundan və doqquz yüz ildən artıq bir dəvətin nəticəsizliyindən) qurtardıq.
Biz nişanələrimizi təkzib və inkar edən qövmdən (nicat verməklə) ona kömək etdik. Onlar doğrudan da pis işlər görən bir tayfa idilər. Buna görə də onların hamısını suda batırdıq.
Davudu və (onun oğlu) Süleymanı – onlar bir tayfanın qoyunlarının gecə vaxtı (və çobansız) səpələn(ərək bütün salxım və yarpaqları ye)diyi əkin yeri (yaxud üzüm bağı) barəsində hökm çıxardıqları zamanı (yada sal)! (Onlar bu məsələnin hökmü barəsində məsləhətləşirdilər. Qədim adətə görə həmin qoyunlar bağa dəymiş xəsarətə görə bağ sahibinə çatırdı.) Və Biz onların (bütün keçmiş peyğəmbərlərin) hökm çıxarmalarında iştirak edir və hökmlərinə şahid idik.
Beləliklə Biz onu (əvvəlki hökmü ləğv edən yeni hökmü) Süleymana öyrətdik (ki, bağ yenidən yarpaqlayana və bar gətirənə kimi qoyunların özü deyil, gəliri bağ sahibinin olsun). Və Biz onların hər ikisinə hökm (peyğəmbərlik, qəzavət və hakimiyyət) və elm (din elmi və insanlara lazım olan digər elmlər) əta etdik. Dağları və quşları ram etdik ki, Davudla birlikdə (Allahı) pak sifətlərlə mədh etsinlər. Biz (istədiyimizi) edənik.
Sizə görə (siz insanlara gərək olduğu üçün) Davuda zireh düzəltmək və döyüş geyimi hazırlamaq peşəsini öyrətdik ki, sizi müharibələrin çətinlik və zərər-ziyanından qorusun. Belə isə şükr edəcəksinizmi?
Və Süleyman üçün bərk (və yavaş) küləyi ram etdik ki, (küləklər) onun əmri ilə çox bərəkətli etdiyimiz torpağa (Şam torpaqlarına və Fələstinə) əsərdi. Biz hər şeyi əzəldən bilirik.
Şeytanların bəziləri onun üçün dalğıclıq edir, bundan başqa (şəhərlər salmaq, saraylar tikmək kimi digər) işlər də görürdülər. Və Biz onları həmişə (itaətsizlikdən və təbiətlərində olan xəbisliklərin ardınca getməkdən) qoruyurduq.
Və Əyyubu – onun «mənə xəstəlik, çətinlik və bəla üz verib və Sən mehribanların ən mehribanısan» (deyə) Rəbbini səslədiyi zamanı (yada sal)!
Biz onun duasını qəbul etdik, içində olduğu çətinlik və bəlanı ondan uzaqlaşdırdıq və ona rəhm etmək və (digər səbrli) abidlər üçün ibrət olsun deyə onun (hadisələr nəticəsində həlak olmuş) adamlarını və onlarla birlikdə bənzərlərini ona əta etdik.
Həmçinin İsmaili, İdrisi və Zəlkifli (İlyası yada sal) ki, onların hamısı səbrlilərdən idilər (peyğəmbərlik yükünün ağırlığına və onun gözəl icrasının və ümmətin tərbiyə edilməsinin çətinliklərinə dözürdülər).
Onların hamısını Öz mərhəmətimizə (peyğəmbərlik məqamına, mənəvi kamilliklərə, səma kitabı verilmək və cəmiyyətin tərbiyəçisi olmaq şərəfinə) daxil etdik. Çünki onlar doğrudan da yaxşı və ləyaqətlilərdən idilər.
Və Zənnunu (balina yoldaşı Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)! O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət – gecənin, dənizin dibinin və balığın qarnının) qaranlıqlar(ı) içində səsləndi: «(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam.»
Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə bu cür nicat veririk.
Və Zəkəriyyanı (yada sal). O zaman o, «ey Rəbbim, məni tək (övladsız və varissiz) qoyma və (əlbəttə, əgər varis verməsən də eybi yoxdur, çünki) Sən varislərin ən yaxşısısan» (deyə) öz Rəbbini səslədi.
Biz onun istəyini yerinə yetirdik və ona Yəhyanı bağışladıq. Və (qocalmış, əvvəldən qısır olan) zövcəsini də (cavanlaşdırmaq və ona doğmaq qüdrəti əta etməklə) onun üçün (doğmağa) layiq etdik. Çünki onlar (Zəkəriyyanın ailəsi və ya bütün keçmiş peyğəmbərlər) həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə dua edərək istək diləyir və həmişə Bizim qarşımızda itaətkar və qorxan idilər.
Və öz iffətini (halal və haramdan) qorumuş o qadını (Məryəmi də yada sal). Biz ona Öz ruhumuzdan üfürdük (və onun bətnində bir oğlan uşağı yaratdıq). Onu və oğlunu (oğlunun yaradılmasını, peyğəmbərliyini, kitabının yayılmasını, müxtəlif növ möcüzələrini və ömrünün uzunluğunu) aləmdəkilər üçün (Öz tovhid, əzəmət və qüdrətimizin) bir nişanə(si) etdik.
(Ey insanlar!) Şübhəsiz bu (insan cinsi) sizin ümmətinizdir və hamınız bir tayfa və bir millətsiniz [yaxud: Peyğəmbərlərin dəvət etdikləri bu tovhid dini sizin dininizdir, bütün bəşəriyyət üçün yeganə dindir]. Və Mən sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin.
Lakin onlar öz (din və şəriət) işlərini öz aralarında parça-parça etdilər (hər bir dəstə onun bir parçasını bidətlərlə qarışdıraraq özü üçün din etdi və bütpərəst, yəhudi, xaçpərəst, zərdüşt, sabii və digər dinlərə bölündü). (Nəhayət sabah, Qiyamət günü) hamılıqla Bizə tərəf qayıdacaqlar.
4804 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
241 Səhifə