Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

(İnsan və bitkilərin) bu (cür yaradılmaları) ona görədir ki, Allah haqdır, ölüləri dirildən Odur və O, hər şeyə qadirdir.
Və buna görə(dir) ki, qiyamət (mütləq) gələcəkdir, onun barəsində heç bir şübhə yoxdur. Və (həm də) buna görə ki, Allah qəbirdə olanların hamısını dirildəcək (və Məhşər səhnəsinə gətirəcək)dir.
İnsanlardan eləsi var ki, heç bir elmi dəlili (və əqli sübutu), heç bir hidayəti (və batini idrakı) və heç bir aydın səma kitabı olmadan həmişə Allah barəsində mübahisə edir.
(Özü də bunu, başqalarını) Allah yolundan azdırmaq üçün (ilahi dəvətdən) təkəbbürlə üz döndərərək və ona arxa çevirərək (edir). Dünyada onun üçün (Məkkə müşrikləri kimi) xarlıq və rüsvayçılıq vardır və Qiyamət günü ona yandırıcı bir əzab daddıracağıq.
(Cəhənnəmdə ona deyiləcək:) «Bu əzab sənin öz əllərinin qabağa göndərdiyi əməllərə görədir, (yoxsa ki,) Allah bəndələrinə əsla zülm edən deyildir (onları cəzalandırandır).
İnsanlardan eləsi var ki, Allaha bir tərəfli ibadət edir (əqidəsi qeyri-sabit, əməli havadadır). Buna görə də əgər həmin şəxsə bir xeyir (sərvət, can sağlığı və məqam) yetişsə, ona arxayınlaşar və əgər bir sınağa çəkilsə (mal və canına bir zərər-ziyan dəysə) üz döndərərək qayıdar. Belə olan şəxs öz dünya və axirətində ziyana uğramışdır (dünyada əməlləri puç olar və axirətdə şirk və günahlarının cəzasına düçar olar). Budur həmin açıq-aşkar ziyan!
O, Allahın yerinə ona nə zərər vuran və nə də xeyir yetirən şeyi (bütləri) çağırır. Budur həmin uzun-uzadı azğınlıq!
O, ziyanı xeyirindən daha (çox və) yaxın olan kəsi çağırır (onun ziyanı şirkin nəticələri, xeyiri isə xülyadır). Necə də pis yardımçı və başçı, necə də pis yoldaş və həmdəmdir!
Həqiqətən Allah iman gətirib yaxşı işlər görmüş kəsləri (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Əlbəttə, Allah qəti istədiyini yerinə yetirər.
(Məkkə müşriklərindən) kim Allahın ona (Muhəmmədə) dünya və axirətə əsla kömək etməyəcəyini güman edirdisə (amma indi Allahın ona yardım etməsini görürsə) [yaxud: kim özü barəsində Allahın dünya və axirətdə ona kömək etməyəcəyini güman etsə və haqqın mərhəmətinə naümid olsa] tavana bir kəndir uzatsın, sonra (özünü) boğazdan assın. O zaman baxsın ki, bu hiylə onun qəzəb və qeyzini aradan qaldırır?
Biz bu kitabı beləcə (bu ayələri nazil etdiyimiz kimi tovhid və dini təlimlərin) aydın dəlillər(i) olaraq nazil etdik və həqiqətən Allah istədiyini doğru yola yönəldir.
Şübhəsiz, Allah Qiyamət günü (Muhəmmədə və onun kitabına) iman gətirənləri, yəhudiləri, sabiiləri, xaçpərəstləri, zərdüştiləri və müşrikləri (dinlərinin doğruluğu və ya səhvliyi və kimin mükafata, kimin cəzaya layiq olması baxımından) şübhəsiz bir-birindən ayıracaqdır. Həqiqətən Allah hər şeyə şahiddir.
Məgər göylərdə və yerdə olan hər bir kəsin (və onlarda olan hər bir şeyin), günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların (qeyri-ixtiyari şəkildə), həmçinin (mömin) insanların çoxunun (ixtiyari şəkildə) Allah qarşısında səcdə etmələrini və (səcdə etməkdən boyun qaçırdıqları üçün insan və cinlərin) bir çoxlarına (şeytanların isə hamısına) əzabın təsbit olunduğunu (qəlb gözü ilə) görmürsən? (Bəli, Allah onları alçaldıb.) Allahın alçaltdığı kəsi əsla əziz tutan olmaz. Çünki Allah qəti istədiyini edir.
Bu ikisi (mömin və kafir dəstələri) öz Rəbbləri barəsində (Allahın varlığı, təkliyi, rübubiyyət və übudiyyəti barəsində) çəkişən düşmənlərdir. Beləliklə küfr etmiş kəslər üçün oddan libaslar kəsilmişdir və (Cəhənnəmdə) onların başlarına qaynar su töküləcəkdir.
Nə vaxt qüssədən (onun çoxluğundan) oradan çıxmaq istəsələr (yenidən məcburi şəkildə) ora qaytarılarlar və (onlara deyilər:) dadın yandırıcı əzabı!
Şübhəsiz, Allah iman gətirib yaxşı işlər görmüş kəsləri (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada qızıl qolbağlar və mirvari (boyunbağılarla) bəzədilərlər və onların oradakı (adi) libasları naxışlı ipəkdəndir.
Onlar (mələklərlə rastlaşanda və öz aralarında salam, şükr və bu kimi fərəh gətirən) pak söz(lər)ə istiqamətləndiriliblər və sifətləri mədh edilmiş Allahın yoluna hidayət ediliblər (ki, onlar da tərifə layiq sifətlərə malik olsunlar).
Əlbəttə, kafir olmuş və (insanları) Allahın yolundan və Bizim (bütün) insanlar(ın ibadət etməsi) üçün müəyyənləşdirdiymiz və yerli ilə müsafirin bərabər olduğu Məscidul-həramdan saxlayan kəslər (yollarını azmış və camaata zülm edən bir dəstədirlər). Kim onda (insanlara) zülm etmək məqsədi ilə (haqqdan) üz döndərsə ona ağrılı əzab daddırarıq.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə