Məryəm surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Məryəm surəsi" üzrə 98 ayə tapıldı.
Kaf Ha Ya Ayn Sad. (Mən kifayət edən, hidayət edən, ixtiyar sahibi, alim və vədi doğru olanam. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında rəmzlərdir. Bu kitab həmin hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)
Dedi: Ey Rəbbim, həqiqətən (bədənimdəki) sümüklərim süstləşib və baş da (başımın tükü də) qocalıqdan (ağarıb) parıldayır. Ey Rəbbim, duamda heç vaxt Səndən (dilədiyimi almaqdan) məhrum olmamışam [və ya: Ey Rəbbim heç vaxt Sənin dəvət və əmrində itaətsiz olmamışam].
Mən özümdən sonra əmim uşaqlarından (onların mənim üçün pis canişin olacaqlarından) qorxuram və zövcəm də əvvəldən qısır olub. Buna görə də mənə Öz dərgahından varis olacaq bir övlad əta et.
(Övlad əta et) ki, mənim və Yəqub övladlarının varisi olsun. Və ey mənim Rəbbim, onu (mənəvi kamilliklər baxımından) bəyənilən et!
(Ona xitab etdik ki:) Ey Zəkəriyya, Biz sənə adı Yəhya olan bir oğlanın müjdəsini veririk ki, bundan öncə (heç kəsi) ona adaş (və ya insani kamilliklər baxımından ona bənzər) etməmişik.
(Zəkəriyya) dedi: Ey Rəbbim, zövcəm əvvəldən qısır olduğu və özüm də qocalıb əldən düşdüyüm halda mənim necə övladım ola bilər?
(Vəhy mələyi) dedi: «Elədir, (lakin) Rəbbin «bu iş Mənim üçün asandır və həqiqətən səni bundan əvvəl (heç) bir şey olmadığın halda yaratdım» buyurmuşdur.
(Zəkəriyya) dedi: «Ey Rəbbim! (Bu müjdənin gerçəkləşəcəyi barəsində) mənə bir nişanə ver.» Buyurdu: «Nişanən budur ki, sağlam olmağına baxmayaraq üç (gün üç) gecə (dalbadal) insanlarla danışa bilməyəcəksən.» (Dilin Allahla danışmaq üçün açıq, insanlarla danışmaq üçün isə bağlı olacaqdır.)
Beləliklə o, mehrabdan qövmünün yanına çıxdı və onlara işarə etdi ki, səhər və axşam Allahı pak sifətlərlə mədh edin (və ya namaz qılın. Və onlar bu işarədən başa düşdülər ki, övlad vədinin həyata keçməsi yaxınlaşıb).
(Beləliklə ona Yəhyanı əta etdik və dedik:) Ey Yəhya, kitabı (Tövratı və ya bütün keçmiş səma kitablarını) qüvvətlə (və onların mənalarını başa düşmək qüdrəti ilə) tut! Və Biz ona uşaqlığında hikmət (və ilahi maarifin dərkini və peyğəmbərlik) əta etdik.
(Ona həmçinin) Öz tərəfimizdən batini mərhəmət və mehribanlıq, ruhi inkişaf və paklıq əta etdik. Və o, təqvalı (öz yaşı çərçivəsində bütün bihudə və puç işlərdən çəkinən) idi.
Salam və (hər bir qorxu və əzabdan) əmin-amanlıq olsun ona o gün ki, doğuldu, o gün ki, öləcək və o gün ki, diri(ldilərək) qaldırılacaq.
(Ya Muhəmməd!) Bu kitabda Məryəmi, onun (Beytul-Müqəddəsin və ya öz evinin) şərq(in)dəki bir məkanda öz adamlarından bir kənara çəkildiyi zamanı yada sal.
Beləliklə onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi. Bu halda
Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə düşdü.
Dedi: Mən sənin Rəbbinin sənə (həmin halda) pak bir oğlan bağışlamaq üçün (göndərdiyi) yalnız elçisiyəm.
Dedi: Mənə bir bəşərin toxunmadığı və heç vaxt pis əməl sahibi olmadığım halda mənim necə oğlum ola bilər?
98 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
5 Səhifə