O zaman bacın (sənin sandığının arxasınca) gedir və (uşaq üçün dayə axtaran fironçulara) deyirdi: Sizə onu(n qorunmasını və ona süd verilməsini) öhdəsinə götürən bir adam göstərimmi? Belələliklə gözləri aydın olsun və qəm yeməsin deyə səni anana qaytardıq. Həmçinin (fironçulardan) birini öldürdün (və onlar da səni öldürmək qərarına gəldilər). Belə olan halda Biz səni həmin qəmdən qurtardıq və bir sıra imtahanlarla sınadıq. Beləliklə illərlə Mədyən əhalisinin arasında qaldın. Sonra ey Musa, (Bizim əzəli) qərar(ımız və yüksək mənəvi kamilliklər) əsasında (peyğəmbərlik məqamına) gəldin.
(Musa) dedi: Onların (vəziyyətlərinin necə olması) elmi mənim Rəbbimin yanında (Lövhi-Məhfuz adlı) bir kitabdadır. Mənim Rəbbim nə səhv edir və nə də unudur.
Musa dedi: (Bizimlə) sizin vədə vaxtınız zinət günü (onların aralarında adət olan məxsus bayram günü) və camaatın günortadan qabaq toplaşdığı gün olsun [ və ya: o şərtlə ki, camaat günortadan qabaq bir yerə toplanılsın].
Musa onlara dedi: Vay olsun sizə! («Bütlər Allahın şərikləridir» və «bu möcüzələr sehr və cadudur» deməklə) Allaha yalan yaxmayın ki, əzabla sizin kökünüzü kəsər. Və əlbəttə kim yalan yaxdısa naümid oldu.
Musa dedi: Xeyr, siz atın. (Onlar atdılar.) Beləliklə onların kəndir və əsaları sehr nəticəsində birdən Musanın xəyalında sürətlə (ora-bura) gedən təsəvvürü yaratdı.
(Musa əsanı atdı və o, əjdaha şəklinə düşüb hər şeyi uddu.) Beləliklə sehrbazlar səcdə halında üzü üstə yerə düşüb «Musanın və Harunun Rəbbinə iman gətirdik» dedilər.
Firon dedi: Mən sizə icazə verməmiş ona iman gətirdiniz?! Şübhəsiz, o, sizə sehr öyrətmiş böyüyünüz və başçınızdır. Buna görə də sizin əl və ayaqlarınızı çarpaz kəsəcək və sizi xurma ağacının gövdələrindən asacağam. Və (onda) bizlərdən hansı birimizin (mənim yoxsa Musanın Allahının) əzabının ağır və davamlı olmasını başa düşəcəksiniz.
Və əlbəttə, Biz Musaya vəhy etdik ki, bizim bəndələrimizi (Misirdən) gecə hərəkət etdir və onlar(ın keçmələri) üçün dənizdə (Nil çayında onu yarmaqla) bir quru yol aç ki, çatmaqdan (fironçuların gəlib çatmalarından) qorxmayasan və batmaqdan çəkinməyəsən.
Beləliklə Firon qoşunu ilə birlikdə onları təqib etdi. (Musanın qövmü keçdikdən sonra onlar da dənizin içindəki yollara daxil oldular.) Onları dənizdən (dənizin suyundan) bürüyən bürüdü (insan ağılının təsəvvür edə bilmədiyi nəhəng dalğalar bürüyüb batırdı).
Ey İsrail övladları, doğrudan da sizi düşmənlərinizin çəngindən qurtardıq, sizinlə (Musanın vasitəsi ilə Tövratı nazil etmək və onun qəbulu ilə içindəkilərə əməl etmək üçün) Tur dağının sağ tərəfində vədələşdik və (o geniş səhrada avara-sərgərdan qaldığınız zaman) sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin nazil etdik.
(Musa qövmünün seçilmiş nümayəndələri ilə Tur dağına gələndə, mənzil başına onlardan tez çatdı. Ona belə xitab oldu ki:) Ey Musa, səni nə tələsdirdi ki, qövmündən qabaq gəldin?
Musa acıqlı və heyfsilənən halda qövmünə tərəf qayıtdı. Dedi: Ey mənim qövmüm, məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdi (ki, sizə Tövratı nazil etsin)? Yoxsa (mənim getdiyim) müddət sizə çox gəldi və ya Rəbbinizdən sizə bir qəzəb nazil olmasını istədiyiniz üçün mənim vədimə xilaf çıxdınız?