Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Həmin O (Allah) ki, yeri sizin üçün döşəyərək beşik edib, onda sizin üçün yollar açıb və göydən (yağış, qar və dolu şəklində) su nazil edib. Biz onun vasitəsi ilə (torpağın altından) müxtəlif növlü rəngbərəng bitkilər çıxartdıq.
(Onlardan özünüz) yeyin və heyvanlarınızı otarın. Həqiqətən bunda (bu xüsusi yaradılışda) ağıl sahibləri üçün (Allahın tovhid, qüdrət və hikməti barəsində) bir (sıra) nişanələr vardır.
Sizi ondan (torpaqdan) yaratdıq (ulu baba və nənənizi möcüzəvi şəkildə vasitəsiz və birbaşa, nəslinizin digər davamçılarını isə vasitə ilə və tədricən torpaqdan yaratdıq), (öləndən sonra) ona qaytaracaq və bir daha (Qiyamətdə) ondan çıxaracağıq.
Həqiqətən Biz Özümüzün bütün ayə və nişanələrimizi ona (Firona) göstərdik, amma o (onların hamısını) təkzib etdi və (Bizim dəvətimizi qəbul etməkdən) üz döndərdi.
Belə isə sənə öz cadun kimi bir cadu gətirəcəyik. Buna görə də bizimlə öz aranda hamar və (fasiləsi həm bizimlə, həm də səninlə) bərabər olan bir yerdə nə bizim, nə də sənin pozmayacağın müəyyən bir vaxt qoy.
Musa dedi: (Bizimlə) sizin vədə vaxtınız zinət günü (onların aralarında adət olan məxsus bayram günü) və camaatın günortadan qabaq toplaşdığı gün olsun [ və ya: o şərtlə ki, camaat günortadan qabaq bir yerə toplanılsın].
Beləliklə Firon üz döndərdi (məclisi tərk etdi) və öz hiyləsini (cadularını, hiyləgərlik alətlərini və hiylə əhli olan cadugərləri) topladı, sonra (təyin edilmiş gündə meydana) gəldi.
Musa onlara dedi: Vay olsun sizə! («Bütlər Allahın şərikləridir» və «bu möcüzələr sehr və cadudur» deməklə) Allaha yalan yaxmayın ki, əzabla sizin kökünüzü kəsər. Və əlbəttə kim yalan yaxdısa naümid oldu.
Beləliklə onlar öz aralarında işləri barədə ixtilaf və çəkişməyə düşdülər və bu pıçıltını gizlətdilər.
(Nəhayət sehrbazlar bir-birlərinə və ya fironçular onlara) dedilər: Doğrudan da bu iki nəfər sehrbazdır və öz sehrləri ilə sizi torpağınızdan çıxarmaq və sizin yüksək dini yolunuzu (bütpərəstliyi) yox etmək istəyirlər.
Buna görə də özünüzün cadu hiylələrinizi düşüncə və diqqət ilə toplayın, sonra hamınız (onların qarşısında) bir sırada dayanın. Doğrudan da bu gün üstünlük əldə edən kəs nicat tapacaqdır.
(Təyin edilmiş vaxtda hamı gəlib çıxdıqdan sonra sehrbazlar) dedilər: Ey Musa, ya (əlində olanı əvvəlcə) sən atırsan, ya da əvvəlcə atan biz olaq.
Musa dedi: Xeyr, siz atın. (Onlar atdılar.) Beləliklə onların kəndir və əsaları sehr nəticəsində birdən Musanın xəyalında sürətlə (ora-bura) gedən təsəvvürü yaratdı.
Belə olan halda Musa (insan təbiətinə görə və ya camaatın onlara inanmaları cəhətindən) qəlbində bir qorxu hiss etdi.
Sağ əlində olanı (yerə) at ki, onların qurduqlarının hamısını udsun. Çünki onların qurduqları cadugər hiyləsidir və cadugər hara getsə (və nə göstərsə) qalib gəlməz və nicat tapmaz.
(Musa əsanı atdı və o, əjdaha şəklinə düşüb hər şeyi uddu.) Beləliklə sehrbazlar səcdə halında üzü üstə yerə düşüb «Musanın və Harunun Rəbbinə iman gətirdik» dedilər.
Firon dedi: Mən sizə icazə verməmiş ona iman gətirdiniz?! Şübhəsiz, o, sizə sehr öyrətmiş böyüyünüz və başçınızdır. Buna görə də sizin əl və ayaqlarınızı çarpaz kəsəcək və sizi xurma ağacının gövdələrindən asacağam. Və (onda) bizlərdən hansı birimizin (mənim yoxsa Musanın Allahının) əzabının ağır və davamlı olmasını başa düşəcəksiniz.
Dedilər: Bizi yaradana and olsun ki, səni bizə gəlmiş aydın dəlillərdən (cansız əşyaların dirilmələri, hər şeyi udması və yenidən əvvəlki vəziyyətinə qayıtmasından) üstün tutmayacağıq. Buna görə də bacardığın hökmü (icra) et. Sən yalnız bu dünya həyatı barəsində hökm edə bilərsən.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə