"Əl" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl" üzrə 4804 ayə tapıldı.
Nəhayət, günəşin çıxdığı yerə (yer üzünün şərqinin ən son yaşayış məntəqəsinə) çatanda, gördü ki, günəş, müqabilində onlar üçün heç bir örtük (paltar hazırlamaq, ağac əkmək, kölgəlik qurmaq və ya onların vasitələrini düzəltmək istedadı) vermədiyimiz bir qövmün üzərinə doğur.
(Bəli, Zülqərneynin, yer və millətlərin əhvalatı) belə idi. Və şübhəsiz, Biz onun qarşısına çıxacaq şeyi (əzəldən) bilirdik.
Nəhayət, iki səddin arasına yetişəndə, onlardan aşağıda (ya qabaqda və ya onların yaxınlığında düşüncələrinin darlığı və ya dillərinin fərqliliyi səbəbindən) heç bir söz anlamayan bir tayfa gördü.
Onlar (bir yolla) dedilər: «Ey Zülqərneyn, həqiqətən (Nuhun oğlu Yafəsin nəslindən olan) Yə’cuc və Mə’cuc (adlı iki tayfa) bu yerdə fəsad törədirlər (bizi öldürür, var-yoxumuzu qarət edirlər). Bizimlə onların arasında bir sədd düzəltməyin üçün sənə bir xərclik (muzd) təyin edək?»
(Zülqərneyn) dedi: «Rəbbimin, barəsində mənə imkan və qüdrət verdiyi şey (plan cızmaq, memarlıq və lazımı vasitələri tədarük görmək qüdrəti sizin maliyyə köməyinizdən) daha yaxşıdır. Buna görə də mənə (işçi) qüvvə(si) ilə kömək edin ki, sizinlə onların arasında əzəmətli bir sədd qurum.
Mənə böyük dəmir parçaları gətirin.» Nəhayət, elə ki, iki dağın arasını (dəmir parçaları düzməklə) bərabərləşdirdi (dəmir divarın hündürlüyü dağların başı ilə bir oldu), dedi: «(Dəmirlərin arasına yanan maddə töküb böyük ocaqlar qalayaraq) üfürün». Nəhayət, hamısını (əridib) od (kimi) edəndə, dedi: «Onun üzərinə (aralarındakı deşiklərə) tökmək üçün mənə ərimiş mis gətirin.»
Beləliklə (Yə’cuc və Mə’cuc tayfaları) bir daha onun üstünə çıxa bilmədilər və onda bir dəlik aça bilmədilər.
(Zülqərneyn) dedi: «Bu (əməl) mənim Rəbbim tərəfindən (Onun vədi yetişənə kimi) bir rəhmətdir. Beləliklə, Rəbbimin (səddin viran olması və ya Qiyamətin qopması barəsindəki) vədi yetişəndə (Allah) onu alt-üst edəcəkdir. Mənim Rəbbimin vədi həmişə haqq və sabitdir.»
Və o (səddin aşacağı, dünyanın axırının yaxınlaşacağı və surun birinci dəfə çalınmasının əlamətlərinin görünəcəyi) gün onları (Yə’cuc ilə Mə’cucu və ya dünyadakı bütün insanları özbaşına) buraxarıq ki, bir-birlərinə (qarışaraq dəniz kimi) dalğalansınlar (və bəşəriyyətə hərc-mərclik hakim olsun). Və (Qiyamət yetişəndə) sur (ikinci dəfə) çalınar. Beləliklə onların hamısını təəccüblü bir şəkildə toplayarıq (cəsədlərinin zərrəciklərini torpağın içindən yığıb canlandırar, Bərzəx ruhlarını onların bədənlərinə daxil edər və məhşər səhnəsinə gətirərik).
Yoxsa kafirlər Mənim yerimə (mələklər, İsa və başqaları kimi) bəndələrimi özləri üçün yardımçı və başçı götürməyi(n onlara xeyir verəcəyini) zənn etdilər? (Əsla!) Şübhəsiz Biz Cəhənnəmi kafirləri qəbul etmək üçün hazırlamışıq.
(Ya Peyğəmbər,) de: «Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?»
Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir.
Onlar öz Rəbblərinin (tovhid) ayələrinə və (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir. Beləliklə onların əməlləri (küfrlərinə görə) puç və batil oldu və nəticədə Qiyamət günü onlara heç bir dəyər verməyəcək və əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq.
Belə ki, onların cəzası Cəhənnəmdir. Çünki onlar küfr etdilər və Mənim tovhid nişanələrimi və peyğəmbərlərimi məsxərəyə qoydular.
De: «Əgər dəniz mənim Rəbbimin (bütün kainatdan və mövcudlardan ibarət) sözləri(ni yazmaq) üçün mürəkkəb olsa, hətta onun bənzərini (başqa bir dənizi) köməyə gətirsək belə, şübhəsiz o (dənizlər), Rəbbimin sözləri sona çatmamış qurtarar».
4804 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
241 Səhifə