Beləliklə, hər ikisi (yenə) yola düşdülər. Bir kəndin əhalisinə çatanda, oranın camaatından yemək istədilər. Onlar bu ikisini qonaq etməkdən imtina etdilər. (Xızırla Musa) orada uçmaq üzrə olan bir divar gördülər. (Xızır) onu(n təməlini təzələməklə, yaxud təmir etməklə, yaxud ona dirək vurmaqla) dikəltdi. Musa dedi: «Əgər istəsəydin, əlbəttə bu əmələ görə bir muzd alardın!»
Beləliklə, Rəbblərinin onlara paklıqda (ruhunun küfr və itaətsizlikdən pak olması baxımından) daha yaxşı və mərhəmət və mehribanlıqda daha yaxın (olan bir övlad) əvəz verməsini istədik.
Divara gəldikdə isə: O, şəhərdə olan iki yetim yeniyetmə oğlanın idi və onun altında o ikisi üçün bir xəzinə var idi. Onların ataları da yaxşı əməl sahibi olmuş şəxs idi. Beləliklə sənin Rəbbin o ikisinə qarşı mərhəmətli olduğu üçün, o ikisinin həddi-büluğa yetişmələrini və öz xəzinələrini çıxarmalarını istədi. Və mən bunu öz istəyimlə etmədim. (Sənə danışdığım) bu (sirlər), səbr edə bilmədiyin əhvalatların yozumudur».
Nəhayət, günəşin batdığı yerə (ehtimal ki, Afrikanın qərbinə, okean sahilinə) çatanda, günəşi (sanki) isti və palçıqlı çeşmədə batan gördü və orada (kafir) bir tayfa tapdı. Dedik: «Ey Zülqərneyn, (onların barəsində ixtiyar sahibisən) ya əzab verər və yaxud onların haqqında gözəl bir yol tutarsan.»
«Və iman gətirən və yaxşı iş görən şəxsə gəldikdə isə, onun üçün çox gözəl bir mükafat vardır və tezliklə öz əmrlərimizdən ona asan bir söz deyəcəyik (ona asan işlər buyurarıq).»
Nəhayət, günəşin çıxdığı yerə (yer üzünün şərqinin ən son yaşayış məntəqəsinə) çatanda, gördü ki, günəş, müqabilində onlar üçün heç bir örtük (paltar hazırlamaq, ağac əkmək, kölgəlik qurmaq və ya onların vasitələrini düzəltmək istedadı) vermədiyimiz bir qövmün üzərinə doğur.
Nəhayət, iki səddin arasına yetişəndə, onlardan aşağıda (ya qabaqda və ya onların yaxınlığında düşüncələrinin darlığı və ya dillərinin fərqliliyi səbəbindən) heç bir söz anlamayan bir tayfa gördü.
Onlar (bir yolla) dedilər: «Ey Zülqərneyn, həqiqətən (Nuhun oğlu Yafəsin nəslindən olan) Yə’cuc və Mə’cuc (adlı iki tayfa) bu yerdə fəsad törədirlər (bizi öldürür, var-yoxumuzu qarət edirlər). Bizimlə onların arasında bir sədd düzəltməyin üçün sənə bir xərclik (muzd) təyin edək?»
(Zülqərneyn) dedi: «Rəbbimin, barəsində mənə imkan və qüdrət verdiyi şey (plan cızmaq, memarlıq və lazımı vasitələri tədarük görmək qüdrəti sizin maliyyə köməyinizdən) daha yaxşıdır. Buna görə də mənə (işçi) qüvvə(si) ilə kömək edin ki, sizinlə onların arasında əzəmətli bir sədd qurum.
Mənə böyük dəmir parçaları gətirin.» Nəhayət, elə ki, iki dağın arasını (dəmir parçaları düzməklə) bərabərləşdirdi (dəmir divarın hündürlüyü dağların başı ilə bir oldu), dedi: «(Dəmirlərin arasına yanan maddə töküb böyük ocaqlar qalayaraq) üfürün». Nəhayət, hamısını (əridib) od (kimi) edəndə, dedi: «Onun üzərinə (aralarındakı deşiklərə) tökmək üçün mənə ərimiş mis gətirin.»
(Zülqərneyn) dedi: «Bu (əməl) mənim Rəbbim tərəfindən (Onun vədi yetişənə kimi) bir rəhmətdir. Beləliklə, Rəbbimin (səddin viran olması və ya Qiyamətin qopması barəsindəki) vədi yetişəndə (Allah) onu alt-üst edəcəkdir. Mənim Rəbbimin vədi həmişə haqq və sabitdir.»
Və o (səddin aşacağı, dünyanın axırının yaxınlaşacağı və surun birinci dəfə çalınmasının əlamətlərinin görünəcəyi) gün onları (Yə’cuc ilə Mə’cucu və ya dünyadakı bütün insanları özbaşına) buraxarıq ki, bir-birlərinə (qarışaraq dəniz kimi) dalğalansınlar (və bəşəriyyətə hərc-mərclik hakim olsun). Və (Qiyamət yetişəndə) sur (ikinci dəfə) çalınar. Beləliklə onların hamısını təəccüblü bir şəkildə toplayarıq (cəsədlərinin zərrəciklərini torpağın içindən yığıb canlandırar, Bərzəx ruhlarını onların bədənlərinə daxil edər və məhşər səhnəsinə gətirərik).
Yoxsa kafirlər Mənim yerimə (mələklər, İsa və başqaları kimi) bəndələrimi özləri üçün yardımçı və başçı götürməyi(n onlara xeyir verəcəyini) zənn etdilər? (Əsla!) Şübhəsiz Biz Cəhənnəmi kafirləri qəbul etmək üçün hazırlamışıq.