Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

(Kafirlər Qur’anı qəbul etməyib Salehin dəvəsi və Musanın əsası kimi başqa bir möcüzə istəyərək) dedilər: «Nə üçün (Muhəmməd) bizə öz Rəbbi tərəfindən bir ayə və möcüzə gətirmir?» Məgər əvvəlki kitablardakıların aydın açıqlaması (olan bu Qur’an) onlara çatmayıb?!
Əgər Biz onları bundan (Muhəmmədin (s) peyğəmbərliyə göndərilməsindən və ya Qur’anın nazil olmasından) qabaq həlak etsəydik, mütləq «ey Rəbbimiz, nə üçün bizə bir peyğəmbər göndərmədin ki, zəlil və xar olmamışdan qabaq Sənin ayələrinə tabe olaq» deyərdilər.
De: «Hər birimiz (həm siz və həm də biz) gözləyirik (biz Allahın düşməninin məğlub və dinin kamil olması haqqında Onun vədinin gerçəkləşməsini, siz isə bizim məğlub olmağımızı və dəvətimizin puç olmasını gözləyirsiniz). Buna görə də gözləyin. Tezliklə doğru yolun sahiblərinin kimlər olmasını və kimin doğru yolu tapmasını biləcəksiniz.
İnsanlarla (Qiyamətdə) haqq-hesab aparılması yaxınlaşıb (o, Allah baxımından yaxındır, və yaxud: ümumiyyətlə gəlməsi qəti olan hər bir şey yaxındır), halbuki onlar (həmin haqq-hesabdan) qəflətdədirlər və üz döndərirlər.
Rəbblərindən onlara nə yeni öyüd-nəsihət (vəhy, Qur’an və möcüzə) gəlirsə ona (nəfsi istəkləri ilə) oynayan və əylənən halda qulaq asırlar (lakin ciddi qəbul etmirlər).
(Vəhy və Qur’ana) qəlbləri (puç və batil işlərə) məşğul olan halda (qulaq asarlar). Zalımlar öz sirli danışıqlarını gizlədərək «məgər bu (Muhəmməd) sizin kimi bir bəşər deyil?! Özünüz görə-görə caduya tərəf gedirsiniz!» (deyərlər).
(Peyğəmbər) dedi: «(Əbəs yerə pıçıltı ilə danışmayın, çünki) mənim Rəbbim göydə və yerdə olan hər bir danışığı bilir və O, (hər şeyi) eşidən və biləndir.»
Hətta dedilər: «(Sehr deyil, Muhəmmədin özünün və ya başqalarının gördüyü) bir ovuc qarmaqarışıq yuxulardır. Xeyr, özünün uydurduğu yalanlardır. Xeyr, o şairdir (bu kitab da onun şerləridir). Buna görə də, (əgər doğru deyirsə) gərək əvvəlkilər (Salehin dəvəsi, Musanın əsası, İsanın süfrəsi kimi möcüzələrlə) göndərildikləri kimi (o da bizə bir) möcüzə gətirsin.»
Biz səndən öncə də (insanlara peyğəmbər və ilahi elçi olaraq mələkləri, qadınları və cinləri deyil) yalnız vəhy etdiyimiz kişiləri göndərmişik. Buna görə də əgər (Allahın bu cari qanununu) bilmirsinizsə, zikr əhlindən (təhrif olunmamış Tövratın, İncilin və digər səma kitablarının alimlərindən) soruşun.
Biz həmin peyğəmbərləri yemək yeməyən (həzm orqanı olmayan) bədənlər yaratmadıq və onlar əbədi də olmayıblar (ki ölməsinlər).
Sonra onlara verdiyimiz vədi (dinin möhkəmləndirilməsi və düşmənlərin məhv edilməsi vədini) həyata keçirdik. Beləliklə onlara və istədiyimiz şəxslərə nicat verdik və (Allahın təyin etdiyi) həddi aşanları məhv etdik.
Həqiqətən Biz sizə (və tarix boyu olacaq bütün gələcək insanlara) içində sizin üçün (dinin hökmlərini, əxlaqi dəyərləri və müxtəlif bilikləri) xatırladan bir kitab nazil etdik, heç düşünmürsünüz?!
Biz (şirk, küfr və günahlarda həddi aşmış) neçə-neçə zalım insan cəmiyyətlərini sarsıdıb məhv etdik və onlardan sonra başqa qövmlər yaratdıq.
(Onlara zahirdə istehza ilə və ya batini dillə deyilirdi:) Qaçmayın və içində olduğunuz naz-nemətə və məskənlərinizə tərəf qayıdın, bəlkə sorğu-sual edildiniz (yoxsullar sizdən mal istəsinlər və siz verməyəsiniz, nökər və xadimlər sizdən haqlarını istəsinlər, siz də öz kibr və məğrurluğunuzu davam etdirəsiniz).
Əgər Biz bir əyləncə (düzəltmək və ya arvad-uşaq) götürmək istəsəydik, (qeyri-mümkün olsa da fərz edək) əgər (bu işi) edən olsaydıq, şübhəsiz, onu Öz zatımızdan (və Öz vücudumuza uyğun gələn bir şeydən) götürərdik.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə