"Yar" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Yar" üzrə 824 ayə tapıldı.
Həqiqətən Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik.
(Yada sal) o gün(ü) ki, (əməl kitabını almaq üçün) insanların hər bir dəstəsini (tabe olduqları) öz imamı və səma kitabları ilə çağıracağıq. Beləliklə, (əməl) kitabları sağ əllərinə verilən kəslər, öz kitablarını oxuyarlar və onlara xurma çərdəyinin arxasındakı tel qədər zülm edilməz (nə günahlarından artıq cəza görərlər və nə də layiq olduqlarından az mükafat alarlar).
Namazı (gündəlik vacib namazların dördünü N zöhr, əsr, məğrib və işa namazlarını və onların iyirmi iki rəkət nafilələrini) günəşin (hər bir kəsin öz məntəqəsinə uyğun olaraq günortanın tam yarısından) batmağa doğru meyl etməsinin əvvəlindən gecənin tam qaranlığına (gecə yarısına) qədər qıl və həmçinin sübh namazını (və onun nafiləsini də qıl). Həqiqətən sübh namazı (gecə və gündüz mələkləri tərəfindən yazılmaq üçün) müşahidə olunur.
De: «Şübhəsiz, əgər insan və cin tayfası bu Qur’anın (kəlmə və məna baxımından) bənzərini gətirmək üçün bir yerə toplaşsa, hətta bir-birlərinə kömək və arxa olsalar belə, onun bənzərini gətirə bilməzlər (çünki onu vücud, qüdrət və elm baxımından bütün varlıq aləmini əhatə etmiş bir qüvvə yaratmışdır).»
Bu (əzab) Bizim ayə və nişanələrimizə küfr etdiklərinə və «biz bir ovuc sümük və çürümüş üzvlər olan zaman yeni bir yaradılışla diriləcəyik?!» dediklərinə görə onların cəzasıdır.
Məgər onlar göyləri və yeri yaradan Allahın onlar(ın dünyadakı cismləri) kimisini (axirətdə də) yaratmağa (və onların eynilə Bərzəx ruhunu ora daxil etməyə) qadir olduğunu və (həmçinin) onlar üçün (dünya həyatında və Qiyamət gününədək Bərzəxdə) barəsində heç bir şəkk-şübhə olmayan müəyyən bir müddət qoymasını bilmədilər?! Lakin bu zalımlar inkar və küfrdən başqa hər bir şeydən boyun qaçırdılar.
Və (Allahın hüzurunda) ağlayaraq üzü üstə düşürlər və (Qur’anı eşitmək və başa düşmək) onlarda (qəlblərində olan Allah) xofu və itaətkarlığı artırır.
Yoxsa (yüz illərlə yatıb sonra ayılan) o böyük mağara yoldaşlarının və o yazılı lövhə sahiblərinin (əhvalatlarının) Bizim ayə və nişanələrimizdən (daha) heyrətləndirici olmasını güman etmisən? (Əksinə, yer üzündə olan zinətləri yaratmaq və məhv etmək heyrətləndirici, canlıları öldürüb, Qiyamətdə yenidən diriltmək isə ondan da çox heyrət doğurandır.)
Və heç bir şey barəsində «mən sabah onu mütləq yerinə yetirəcəyəm» demə (çünki yaradılış səbəbləri, hətta insanın iradə və istəyi, Allahın iradə və istəyindən asılıdır.)
(Onların neçə il qalmaları barədə ixtilaf edənlərə) de: «Allah onların qaldıqları müddəti daha yaxşı bilir, göylərin və yerin qeybi (hər bir canlı varlığın hissiyatından xaric olan şey) Ona məxsusdur (elmi cəhətdən onları əhatə edən Odur). Necə də görən və eşidəndir! Və onların Allahdan başqa heç bir yardımçı və başçıları yoxdur və O Özünün (göylərə və yerə olan) hakimiyyətinə heç kəsi şərik etmir».
Onunla söhbət etməkdə olan (mömin) yoldaşı (Qiyamətin inkarını rədd edərək) ona dedi: «Səni torpaqdan, sonra isə nütfədən yaradan, daha sonra kamil bir kişi surətinə salana küfr etdin?» (Özünün və zahiri səbəblərin müstəqil olması etiqadı ilə Qiyaməti inkar etmək Allah qarşısında rübubiyyətdə şirk və haqqa küfr etməkdir).
Bu yerdə (və bu kimi bəla hallarında) işin sahibliyi və yardım yalnız haqq olan Allaha məxsusdur. O, mükafat baxımından daha yaxşı və aqibəti təmin etmək baxımından daha gözəldir (Ondan başqasının işlərdə nə ixtiyarı, nə mükafatı və nə də aqibəti təmin etmək qüdrəti vardır).
Və onlara dünya həyatını məsəl çək ki, (o,) göydən endirdiyimiz su kimidir. Yerin bitkiləri onun (bu suyun) vasitəsilə (bitir və) bir-birlərinə qarışırlar (və gözəl bir mənzərə yaranır). Sonra (az bir zamandan sonra) quruyurlar. Beləliklə küləklər onları (hara gəldi) səpələyər. Allah həmişə hər bir şeyə qadirdir.»
Və (yada sal) o gün(ü) ki, dağları (öz yerindən) hərəkətə gətirər (və məhv edər)ik və (o vaxt) yeri (bütün yer üzünü) hamar və aşkar görərsən. Və (o zaman) onları (ölüb yerə batmış bütün canlıları) toplayar və onlardan birini belə yerdə qoymarıq.
Onların hamısı cərgələrə düzülmüş halda sənin Rəbbinə təqdim olunarlar. (Biz onlara deyərik:) «Həqiqətən (siz bu gün) Bizim yanımıza sizi (dünyada) ilk dəfə yaratdığımız kimi (tək və əliboş) gəldiniz. Lakin (dünyada hesab və cəza üçün) sizə bir vəd yeri təyin etməyəcəyimizi güman edirdiniz!»
Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Cinlərdən (cin tayfasından) olan İblisdən başqa onlar hamılıqla səcdə etdilər (İblis də cin olduğu üçün belə etdi, yoxsa ki, mələk günah etməz). Beləliklə o, öz Rəbbinin əmrindən çıxdı. (Belə isə,) sizə düşmən olduqları halda Mənim yerimə, onu və onun övladlarını özünüzə dost, yardımçı və başçı götürürsünüz?! Allahın yerinə götürdükləri, zalımlar üçün pis əvəzdir.
Mən onları (Şeytanı və övladlarını) nə göylərin yaradılmasında və nə də öz yaradılışlarında şahid tutdum (ki, yaradılışda mənə kömək etsinlər və öz hallarından xəbərdar olsunlar). Mən heç vaxt (insanları doğru yoldan) azdıranlardan kömək götürən olmamışam.
Və (yada sal) o gün(ü) ki, (Allah müşriklərə) buyurar: «Mənim şəriklərim olmalarını zənn etdiyiniz kəsləri (bütləri, mələkləri, bəzi peyğəmbərləri və cinləri) çağırın (sizin dadınıza çatsınlar).» Beləliklə onlar (müşriklər) çağırarlar, amma onlar (Allahın şəriki sandıqları şeylər) cavab verməzlər və onlarla məbudları arasında qarşılıqlı inamsızlıq uçurumu, şölələnmiş od, yandıran və məhv edən səhra yaradarıq.
Biz peyğəmbərlərimizi yalnız müjdə verən və qorxudan olaraq göndəririk (çünki, hökmlərin icrası imamın vəzifələrindən, mükafat və cəza vermək isə Allahın işlərindəndir). Küfr edən kəslər, vasitəsi ilə haqqı yox etmək üçün batil yerə mübahisə edirlər (qeyri-məntiqi tələblər irəli sürür, Qiyamətin nə vaxt olacağından, Əshabi-Kəhfin sayı və ruhun həqiqəti barəsində suallar soruşurlar ki, şəkk-şübhə yaradaraq Qur’anı və peyğəmbərlik möcüzələrini aradan aparsınlar). Və onlar Mənim ayə və nişanələrimi, həmçinin qorxudulduqları şeyi ələ salırlar.
Beləliklə, Bizim, Öz tərəfimizdən bir rəhmət (vəhy və nübuvvət, uzun ömür, gözlərdən gizlin qalmaq və həyatda insanlardan ehtiyacsızlıq) verdiyimiz və Öz yanımızdan elm (yaradılış aləminin səbəb və nəticələri barəsində bilənin boynuna vəzifə qoyan elm) öyrətdiyimiz və vasitəsiz ilham verdiyimiz bəndələrimizdən birini (Xızır peyğəmbəri) tapdılar.
824 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
42 Səhifə