Taha ‏ surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Taha ‏ surəsi" üzrə 135 ayə tapıldı.
Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır. Mənim qəzəbim kimə nazil olubsa, o mütləq həlakət burulğanına düşmüşdür.
Həqiqətən Mən (şirk və küfrdən) tövbə edən, iman gətirən və yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan (və ya insanlığın kamillik mərhələlərinə doğru istiqamətlənən) kəsi çox bağışlayanam. (Çünki İslamı qəbul edən kimi əvvəlki küfr, günahlar və digər ilahi haqların kəffarə və qəzaları yeni müsəlman olmuş şəxsin boynundan götürülür.)
(Musa qövmünün seçilmiş nümayəndələri ilə Tur dağına gələndə, mənzil başına onlardan tez çatdı. Ona belə xitab oldu ki:) Ey Musa, səni nə tələsdirdi ki, qövmündən qabaq gəldin?
Dedi: İndi onlar da mənim arxamca gəlirlər. Ey Rəbbim, mən Sənə tərəf tələsdim ki, məndən razı qalasan.
Allah buyurdu: Biz səndən sonra sənin qövmünü sınadıq və Samiri onları (Mənə ibadətdən) azdırdı.
Musa acıqlı və heyfsilənən halda qövmünə tərəf qayıtdı. Dedi: Ey mənim qövmüm, məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdi (ki, sizə Tövratı nazil etsin)? Yoxsa (mənim getdiyim) müddət sizə çox gəldi və ya Rəbbinizdən sizə bir qəzəb nazil olmasını istədiyiniz üçün mənim vədimə xilaf çıxdınız?
Dedilər: Biz sənin vədinə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin bizim çiynimizə (Fironun) qövmün(ün) çoxlu miqdarda zinəti qoyulmuşdu. Onları (od kürəsinə) atdıq, həmçinin Samiri də (özündə olanları) atdı.
Beləliklə (Samiri) onlar üçün (ərimiş zinət əşyalarından) böyürən bir buzov heykəli (hazırlayıb) çıxartdı. (O və dindaşları) dedilər: Bu sizin və Musanın Allahıdır, (Musa) onu unudub (ardınca Tur dağına gedib. Yaxud: Samiri Allahı unutdu və camaatı buzova sitayiş etməyə məcbur etdi).
Məgər onlar həmin buzovun (çağıran zaman) onlara bir cavab vermədiyini və onlar üçün bir ziyan və xeyirə malik olmadığını görmürlər?!
Əlbəttə Harun bundan qabaq onlara demişdi: «Ey mənim qövmüm, siz bunun (buzova sitayiş etməyinizin) vasitəsi ilə sınandınız; həqiqətən sizin Rəbbiniz Rəhman olan Allahdır, buna görə də mənə tabe olun və mənim əmrlərimə itaət edin.»
Dedilər: «Musa bizim yanımıza qayıtmayınca biz bundan (bu buzova ibadət etməkdən) ayrılmayacağıq.»
(Musa görüşdən qayıdanda) dedi: «Ey Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu
ki, mənə tabe olasan (və onların şirklərinin qarşısını alasan)? Mənim əmrimə itaətsizlik etdin?»
Harun dedi: «Anam oğlu! Saqqal və başımdan tutma. Həqiqətən mən (onlara təzyiq göstərəcəyim təqdirdə) sənin «İsrail övladlarının arasına təfriqə saldın və mənim tapşırığıma əməl etmədin» deyəcəyindən qorxdum.»
Dedi: «Mən onların görmədiyi və bilmədiyi bir şeyi (mələyin ayağının torpağının hərəkət etməsini və heykəltəraşlıq peşəsini) gördüm və bildim. Beləliklə həmin elçinin (yəni Cəbrailin) ayağının torpağından bir ovuc götürdüm və onu (buzovun heykəlinin içinə) atdım (və o buzov səsi çıxartdı və camaatı ona ibadət etməyə dəvət etdim). Və nəfsim (bu çirkin əməli) mənə beləcə gözəl göstərdi.»
Musa dedi: «Belə isə (camaatın arasından) çıx və sənin həyatdan payın mütləq «mənə toxunmayın» deməkdir (yoluxucu xəstəliyə görə hamı səndən qorxacaq və ya ruhi xəstəliyə tutularaq sən hamıdan qorxacaq və hamıya «mənə toxunmayın» deyəcəksən). Əlbəttə, sənin üçün barəndə xilaf çıxılmayacaq vədə vaxtı da vardır. İndi, (ibadətindən) heç vaxt ayrılmadığın o məbuda bax ki, onu mütləq odda yandıracaq, sonra külünü dənizə səpəcəyik.»
Sizin məbudunuz yalnız (bütün kamilliklərə malik və zatı vacib olan) Allahdır ki, Ondan başqa bir məbud yoxdur. Onun elmi ( də vücudu, qüdrəti və mərhəməti kimi) hər şeyi əhatə etmişdir.
(Ey Peyğəmbər!) Biz keçənlərin xəbərlərini sənə bu cür nəql edirik. Həqiqətən sənə Öz tərəfimizdən bir zikr (adının yaxşılıqla zikr edilməsi və səma kitabı) əta etmişik.
Ondan üz döndərən kəs şübhəsiz, Qiyamət günü çiynində (küfr əqidəsi və günah əməllərindən ibarət) ağır bir yük çəkəcəkdir.
135 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
7 Səhifə