Əl-Kəhf ‏ surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl-Kəhf ‏ surəsi" üzrə 110 ayə tapıldı.
Həmd bu kitabı Öz bəndəsinə nazil etmiş və on(un kəlmə və mənasın)da heç bir xəta və əyrilik qoymayan Allaha məxsusdur.
(Allah düzgün imana və ya saleh əmələ sahib olmayan kəsləri) Öz tərəfindən şiddətli əzabla qorxutmaq və yaxşı işlər görən möminləri onlar üçün mütləq gözəl bir mükafatın olacağı ilə müjdələmək üçün düzgün, gözətçi və (keçmiş səma kitablarına və gələcək bəşər cəmiyyətinin xeyrinə) nəzarətçi olaraq (nazil etmişdir).
Və «Allah övlad götürmüşdür» deyən kəsləri (müşrikləri, yəhudiləri və xristianları) qorxutmaq üçün!
Nə onların və nə də atalarının bu (iddia) barə(sin)də bir biliyi yoxdur. (Şirk, cism olmaq, müxtəlif ünsürlərdən təşkil olunmaq, evlənmək və köməyə möhtaclıq kimi şeyləri Allaha nisbət vermək) onların ağızlarından çıxan çox böyük bir sözdür. Onlar yalnız yalan söyləyirlər.
Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirməyəcəkləri təqdirdə onların (üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?!
Əlbəttə, Biz əməldə onlardan hansı birinin daha gözəl olmasını sınamaq üçün yer üzündə olanları onun zinət və bəzəyi etdik.
Yoxsa (yüz illərlə yatıb sonra ayılan) o böyük mağara yoldaşlarının və o yazılı lövhə sahiblərinin (əhvalatlarının) Bizim ayə və nişanələrimizdən (daha) heyrətləndirici olmasını güman etmisən? (Əksinə, yer üzündə olan zinətləri yaratmaq və məhv etmək heyrətləndirici, canlıları öldürüb, Qiyamətdə yenidən diriltmək isə ondan da çox heyrət doğurandır.)
(Yada sal) o zaman(ı) ki, həmin cavanlar o böyük mağaraya sığınaraq dedilər: «Ey Rəbbimiz, Öz tərəfindən bizə bir rəhmət bəxş et və işimizdə bizim üçün bir hidayət və nicat hazırlığı gör».
Sonra o iki (müxtəlif) dəstədən hansının (mağarada) qaldıqları müddəti daha düzgün hesablamalarını bilmək (və Bizim əzəli elmimizin gerçəkləşməsi) üçün onları (yuxudan) oyatdıq.
Biz onların əhvalatını sənə haqq olaraq və doğru şəkildə söyləyirik: «Həqiqətən onlar özlərinin Rəbbinə iman gətirmiş və Bizim, hidayətlərini artırdığımız cavanlar idilər.»
Onlar (dövrün diktatorunun qarşısında) qiyam edib «bizim Rəbbimiz göylərin və yerin Rəbbidir; biz Ondan savayı əsla başqa bir məbud çağırmayacağıq ki, (əgər elə etsək) onda həddi aşmış bir söz söyləmiş olarıq» deyən zaman, onların qəlblərini möhkəmləndirdik.
«Bizim bu qövmümüz Allahın yerinə (başqa) məbudlar götürüblər. Nə üçün onlar(ın tanrı olmalarının sübutu) üçün aydın bir dəlil-sübut gətirmirlər? Belə isə, kim Allaha qarşı yalan uydurandan daha zalımdır?!»
Və (bir-birlərinə dedilər): «İndi ki, onlardan və onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşmısınız, onda bu böyük mağarada yerləşin ki, Rəbbiniz Öz rəhmətini sizə şamil etsin və işinizdə sizin üçün asanlıq və əmin-amanlıq hazırlığı görsün.»
Və (mağaraları ekvator xəttinin şimalında, mağaranın ağızı isə cənub qütbünə tərəf olduğu üçün) günəş çıx(ıb yuxarı qalxmağa başlay)an zaman onu onların mağaralarından (onun önündən) sağ tərəfə meyl edən (və şüasını mağaraya saçan), batanda isə (şüasını) onların sol tərəfindən kəsərək əyilən görərsən və onlar həmin mağaranın geniş bir yerində idilər. Bu, Allahın nişanə və möcüzələrindəndir. Allah kimi hidayət etsə o, həqiqi yolu tapmışdır və kimi öz zəlalətində boşlasa, onda onun üçün əsla doğru yol göstərən bir köməkçi və başçı tapmazsan.
Və (gözləri açıq olduğu üçün) onları oyaq sanardın, halbuki yatmışdılar. Və (geyim və bədənlərinin çürüməməsi üçün) onları (yatdıqları halda) sağ tərəfə və sol tərəfə döndərirdik. Onların iti hər iki pəncəsini mağaranın kandarına uzatmışdı. Əgər onlardan xəbərin olsaydı (və bu səhnəni yaxından görsəydin), şübhəsiz, qaçaraq onlara arxa çevirərdin və bütün vücudun onlardan qorxu ilə dolardı.
Və onları bir-birlərini sorğu-suala tutmaları (işlərinin həqiqəti və Diqyanusun taxtdan düşməsinin onlara məlum olması) üçün (möcüzəvi şəkildə yatızdırdığımız kimi yenidən) elə (möcüzəvi şəkildə) də oyatdıq. Onlardan biri dedi: «(Burada, yuxuda) nə qədər qalmısınız?» Dedilər: «Bir gün, ya günün bir hissəsini qalmışıq.» (Digərləri bədənlərinin tüklərinin və dırnaqlarının qeyri-adi olmasını görüb) dedilər: «Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. İndi aranızdan birini bu gümüş (pul) ilə (qaçdığımız) şəhərə tərəf göndərin və o, gərək onlardan (əhalidən) kimin təamının daha pak olmasına yaxşı baxsın ki, sizə ondan bir ruzi (alıb) gətirsin. Və əlbəttə gərək mülayim və mehriban davransın və heç kəsi sizin vəziyyətinizdən xəbərdar etməsin».
«Şübhəsiz, əgər onlar sizin vəziyyətinizdən xəbərdar olsalar və sizi ələ keçirsələr, sizi daşqalaq edəcək, yaxud (necə olur-olsun) öz dinlərinə qaytaracaqlar və onda əsla nicat tapmayacaqsınız».
110 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
6 Səhifə